Vüqar Zifəroğlu: “Onun gerçəkləşməsində Azərbaycanla Türkiyənin iradəsi mühüm rol oynayıb” Siyasət

Vüqar Zifəroğlu: “Onun gerçəkləşməsində Azərbaycanla Türkiyənin iradəsi mühüm rol oynayıb”

Vüqar Rəhimzadə: "Azərbaycan və Türkiyənin birgə səyləri regionda inkişafa, sülh və təhlükəsizliyə mühüm töhfələr verir"
"TANAP kifayət qədər ciddi, siyasi və iqtisadi əhəmiyyətli layihədir"

"TANAP bizim gücümüzə güc qatır". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, Qərb TANAP-dan istifadə edərkən Türkiyə və Azərbaycan həmrəyliyinin əhəmiyyətini anlayacaq: "Biz beləliklə strateji bir mövqedə görəvimizi icra edəcəyik".
Qeyd edək ki, iyunun 12-də Əskişəhərdə TANAP qaz kəmərinin açılış mərasimi baş tutub.
TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Transanadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın "Şahdəniz", eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun qardaş ölkə tərəfdən rəhbəri Necdet Ünüvar bildirib ki, Transanadolu qaz kəmərinin (TANAP) açılışı ilə Türkiyə bölgənin enerji mərkəzinə çevrildi. N.Ünüvar qeyd edib ki, TANAP regionun ən strateji layihələrindən biridir: "TANAP-ın açılışı keçirilən Əskişəhər şəhəri ən böyük tarixi hadisəyə şahidlik etdi". O bildirib ki, Transanadolu qaz kəməri layhəsinin heç bir alternativi yoxdur.
Politoloq Vüqar Zifəroğlu diqqətə çatdırıb ki, TANAP kifayət qədər ciddi, siyasi və iqtisadi əhəmiyyətli layihədir və onun gerçəkləşməsində Azərbaycanla Türkiyənin iradəsi mühüm rol oynayıb. Layihənin gerçəkləşməsini əngəlləməyə çalışan qüvvələr var idi. Layihə Avropanın enerji təhlükəsizliyi məsələsində vacib rola malikdir. Ona görə də istər Avropa, istərsə də ABŞ tərəfindən dəstəklənir. Düzdür, onlar layihənin həyata keçirilməsinə açıq dəstək verməyə tələsmədilər. Məncə, inamları az idi. Amma Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi sayəsində layihə reallaşdı".
O bildirib ki, Azərbaycan bu layihəni gerçəkləşdirməklə kifayət qədər ciddi partnyor olduğunu bir daha nümayiş etdirib: "Ölkəmiz nəqliyyat dəhlizlərinə ev sahibliyi edən şəbəkə funksiyasını yerinə yetirir. Bu, çox önəmli məqamdır. Bir vacib məsələyə də diqqət edək. Son günlər aparıcı erməni KİV-i TANAP-la bağlı müsbət fikirlər yazırlar. Hətta Ermənistanın bu cür transmilli layihələrdən kənar qalmasına təəssüf edirlər. Bunun təqsirinin Rusiyada olduğunu da qeyd edirlər".
Politoloq açılış mərasimində Gürcüstan rəhbərliyinin iştirak etməməsindən də danışıb: "Tam olaraq soyuq yanaşma olduğunu deməzdim. TANAP birbaşa olaraq, Azərbaycan və Türkiyənin layihəsidir. Təbii ki, Gürcüstanın ən yüksək şəkildə təmsil olunması arzuolunan hal idi. Amma ümumilikdə götürdükdə, Gürcüstan bu layihədə tranzit ölkədir, layihənin qəhrəmanları isə Azərbaycanla Türkiyədir. TANAP Azərbaycanla Türkiyənin iradəsini ortaya qoyan layihədir. Bir məqam da var. Bu layihə Cənubi Qafqazda Azərbaycanın liderliyini bir qədər də möhkəmləndirir. Ola bilsin, Gürcüstanla yaxın münasibətdə olsaq belə, onlar ölkəmizin güclənməsindən bir az qayğılanırlar. Diplomatiyada belə bir qayda var – daimi dost yoxdur, daimi maraqlar var. Gürcüstan hər zaman bizim Ermənistanla olan münaqişəmizdən xeyir görüb".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "iyunun 12-də Azərbaycan dünya enerji tarixində daha bir möhtəşəm uğura imza atdı. Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin rəsmi açılış mərasimi keçirildi. Bu tarixi hadisə həm Azərbaycan-Türkiyə dostluq və qardaşlığının ən yüksək səviyyəyə çatdığını, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaşa çevrildiyini nümayiş etdirir", - deyə bildirib: "TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı ölkələrimiz, bölgəmiz və Avrasiya üçün önəmlidir. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir" deyən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, iki qardaş ölkə XXI əsrin enerji tarixini birlikdə yazır".
Vüqar Rəhimzadə qeyd edib ki, bizim təşəbbüsümüzlə həyata keçirilən regional və qlobal layihələr uzaqgörən və düşünülmüş siyasətin, güclü siyasi iradənin nəticəsində mümkün olub: "Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" çoxlarına əfsanə kimi görünsə də, uğurla reallaşdırıldı. Bu tarixi sənədin bəhrəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri açıldı. Təbii ki, bu uzaqgörən siyasət davam etdirildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi nəticəsində 2014-cü ildə XXI əsrin layihəsi adlandırılan "Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu, bu günlərdə isə bu meqalayihənin təntənəli sürətdə açılış mərasimi keçirildi. "Cənub Qaz Dəhlizi"nin əsas seqmenti olan TANAP-ın istifadəyə verilməsi isə bu möhtəşəm uğurların davamıdır".
"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün Azərbaycan və Türkiyənin birgə səyləri regionda inkişafa, sülh və təhlükəsizliyə mühüm töhfələr verir: "TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirib ki, bu gün bu tarixi gündə də biz birlikdəyik. "Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır" deyən dövlətimizin başçısı dünyaya mühüm mesajlar verib. Sözsüz ki, bu bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dost, qardaş ölkə olmaqla yanaşı, strateji müttəfiqdirlər və bütün məsələlərdə, bütün sferalarda bir-birilərini dəstəkləyirlər. Bu mənada Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır".
Avropa İttifaqı nümayəndə heyətinin birinci müşaviri Denis Daniilidis isə trend-ə deyib ki, iyunun 12-si çox mühüm gün oldu, belə ki, Əskişəhərdə Transanadolu boru kəməri (TANAP) layihəsinin açılış mərasimi keçirildi: "Bildiyiniz kimi, mərasim bir sıra ölkələrin dövlət başçıları, o cümlədən Azərbaycan Prezidentinin iştirakı ilə keçirilib. Bu, həm Aİ, həm də Azərbaycan üçün xoşbəxt məqamdır, çünki "Cənub Qaz Dəhlizi" layihəsi reallığa çevrildi. Növbəti addım TAP boru kəmərinin istifadəyə verilməsi olacaq. Burada da hər şey plana uyğun olacaq, bizim üçün heç nə dəyişməyib. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasına hər hansı şübhəsi olanlar iyunun 12-də öz baxışlarına yenidən nəzər salmaq imkanı qazandılar". Birinci müşavir bildirib ki, TANAP-ın buraxılışı tərəflərin Azərbaycan qazını iki ildən sonra Avropa bazarlarına gətirəcək "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi üzrə birgə işə sadiq olduqlarını aydın şəkildə göstərdi: "Azərbaycanı təbrik edirəm, bu uzaqgörən ideyanın sahiblərini təbrik edirəm. Hesab edirəm ki, münasibətlərin inkişafında növbəti addım nəqliyyat kimi sahələrdə daha inteqrativ layihələr olacaq, çünki Azərbaycan nəqliyyat qovşağı qismində daha böyük rol oynamaq niyyətindədir. Biz Aİ və Azərbaycan arasında çox vacib olan nəqliyyat sektoru üzrə strateji dialoqa başlamışıq. "Cənub Qaz Dəhlizi" artıq buradadır, o reallıqdır, Avropa İttifaqı ilə Azərbaycanı birləşdirir. Biz xalqlarımızı və ticarət maraqlarımızı birləşdirən daha çox layihə həyata keçirməyə səy göstərməliyik". D.Daniilidis qeyd edib ki, Aİ və Azərbaycan strateji enerji tərəfdaşlarıdır: "Enerji tərəfdaşlığı haqqında anlaşma memorandumu var, hazırda isə biz daha hərtərəfli olan və əvvəlkindən daha çox sahələri əhatə edən yeni sazişi üzrə danışıqlar aparırıq. Azərbaycan son illərdə çox dəyişib, Aİ də dəyişib. Buna görə də, gəlin, yeni saziş məsələsində nikbin olaq. Mən ümid edirəm ki, bu saziş xalqlar, şirkətlər və administrasiyalar arasında daha güclü inteqrasiyanı təmin edəcək".

Əli