“Ermənilər yalan və göz yaşları ilə dünya ölkələrini aldatmağa nail olublar” Siyasət

“Ermənilər yalan və göz yaşları ilə dünya ölkələrini aldatmağa nail olublar”

Mais Səfərli:"İndi isə başa düşürlər ki, onlarn oyunlarının sonu çatıb, ona görə də daha aqressiv hərəkətlərə yol verirlər"

Bolqarıstanın BTV televiziya kanalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayımlanıb. Verilişdə qoşunların təmas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verilir. Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnalistə və BTV televiziyasına qarşı hücuma keçib, təhdidlərə başlayıblar.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib. Azərbaycan XİN-nin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Bolqarıstan mediası təmas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı və sair məqamlar, o cümlədən münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə obyektiv veriliş hazırlayıb.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, ümumiyyətlə dünyanın bir çox yerində Ermənistanın Azərbaycana təcavüzü barəsində obyektiv məlumat yayılmaqdadır. Deputatın sözlərinə görə, dünya artıq məsələlərə Ermənistanın qara eynəyi ilə baxmaq istəmir: "Tamamilə normaldır ki, daha bir Avropa ölkəsində Ermənistanın işğalı ilə bağlı obyektiv məlumat yayılır. Ermənistanda mütəmadi olaraq rejimin fikrinə qarşı çıxan insanlara qarşı aqressiv, eyni zamanda xuliqanlıq motivləri olan bir münasibət sərgilənir. Hesab edirəm ki, bu hallarla bağlı hüquq-mühafizə orqanları ciddi məşğul olacaqlar".
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, son illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox ciddi işlər görülür: "İstər dövlət, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində həqiqətlərimiz dünya ictimaiyyətinə çatdırlır. Artıq dövlətin bu məsələ ilə bağlı xüsusi siyasəti də var və bu siyasət öz səmərəsini verməkdədir. Nəzərə almaq lazımdır ki, dünya ictimaiyyəti hələ də ermənilərin göz yaşlarına inanmaqda davam edir. Buna baxmayaraq bəzi hallarda ermənilər Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran topluma qarşı aqressiv hərəkətlərə yol verirlər. Yaşadıqları ölkənin qanunlarına riayət etmədən belə addımlara qarşı çox ciddi təpkilər göstərirlər. Bolqarıstanda baş verən hadisə də birbaşa erməni məkirliyinin bariz nümunəsidir. Çünki, ermənilər iç üzlərinin açılmasını, ifşa olunmalarını istəmirlər. Nəzərə almaq lazımdır ki, ermənilər yalan və göz yaşları ilə dünya ölkələrini aldatmağa nail olublar. İndi isə başa düşürlər ki, onlarn oyunlarının sonu çatıb, ona görə də daha aqressiv hərəkətlərə yol verirlər".