“Prezidentin keçirdiyi müşavirə hələ uzun müddət təhlil olunacaq” Siyasət

“Prezidentin keçirdiyi müşavirə hələ uzun müddət təhlil olunacaq”

"Ölkənin enerji sistemində vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi müşavirə hələ uzun müddət təhlil olunacaq. Belə bir ifadə var: "Hər şərdə bir xeyir var". Baxmayaraq ki, bu hadisələr zamanı insanlar əziyyət çəkdilər, onlar indiyədək ənənəvi olaraq rastlaşmadıqları problemlərlə üzləşdilər, böyük çətin bir mərhələdən keçməli oldular amma buna rəğmən gələcəyə yönəlmiş, gələcəkdə nəzərə alınmalı olan bir sıra nümunələr var". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"Hər şeydən əvvəl onu deyim ki, xüsusilə də hökumət müşavirəsində cənab Prezidentin çıxışı, ayrı-ayrı sahə ilə birbaşa və yaxud dolayı şəkildə bağlı olan dövlət adamlarının hesabatları enerji sektorumuzda mövcud olan boşluqların, texniki nasazlıqların bütünlüklə enerji təchizat sisteminin, bu infrastrukturun ölkənin tələbatına nə dərəcədə cavab verib-vermədiyi bir daha aşkar oldu. Yəqinki bunlar hər biri təhlil olunacaq. Bundan başqa fövqəladə şəraitdə dövlət orqanları, onların rəhbərlərinin cəmiyyətin mənafeyi qarşısında nə qədər məsuliyyət hiss etdiklərini, öz peşə borcunu və cənab Prezidentin prinsiplərinə uyğun işləmək baxımından nə dərəcədə səmərəli fəaliyyət göstərib-göstərmədikləri ortaya çıxdı. Düşünürəm ki, bu da çox əhəmiyyətlidir"-deyə, A.Quliyev bildirib.
Baş redaktor deyib ki, bu hadisələr cəmiyyətin, sadə insanların ölkə Prezidentinə şəxsən cənab İlham Əliyevə nə qədər dərin etimad bəslədiyini bütün fövqəladə hallarda onun mövqeyinə, fikirlərinə xüsusi önəm verdiyini bir daha ortaya qoydu: "Həmçinin baş verən hadisə, xüsusilə də hökumət müşavirəsində gedən müzakirələr ölkə rəhbəri cənab İlham Əliyevin enerji infrastrukturu sisteminə nə dərəcədə yaxından bələd olduğunu, onun bugünkü vəziyyətini, gələcək inkişaf meyllərini nə dərəcədə dəqiq və aydın gördüyünü bir daha ortaya qoydu".