“Müharibə yolu ilə öz torpaqlarımızı işğaldan azad edəcəyik” Siyasət

“Müharibə yolu ilə öz torpaqlarımızı işğaldan azad edəcəyik”

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2018-ci ilin birinci yarısının yekunları ilə bağlı iclası keçirilib. Dövlət başçısı iclasda mühüm məsələlərə toxunub.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə "prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı düzgün olaraq vurğuladı ki, Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəliləyir. Hətta deyərdim ki, Azərbaycan bütün istiqamətlərdə inamla irəliləyir. Azərbaycanın digər sahələri - iqtisadiyyatı, elmi və s. irəliləməmiş ordu irəliləyə bilməz", - deyə diqqətə çatdırıb. Ehtiyatda olan polkovnikin sözlərinə görə, ordu dövlətin əsas tərkib hissəsi olaraq digər sahələrdən daha çox irəliləyir: "Təbii ki, bu belə də olmalıdır. Ona görə ki, bu gün bizim 20 faiz torpaqlarımız işğal altındadır. Torpaqlarımızı işğaldan ancaq Azərbaycan ordusu azad edə bilər. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin diqqəti və qayğısı altında bu gün Azərbaycan ordusu bölgədə ən güclü ordu sayılır. Hətta nüfuzlu statistik informasiya tədqiqat orqanlarının verdiyi məlumata görə, Azərbaycan ordusu 130 ölkə arasında 53-cü yerdə qərarlaşıb. Ermənistan isə 130 ölkə arasında 86-cı yerdə qərarlaşıb. Bu onu göstərir ki, Azərbaycan ordusu potensialına görə inkişaf etmiş dövlətlər sırasındadır. Bu gün ordumuzun silah-sursatı, texnikası ən müasir standartlara cavab verir. Artıq heç kimdə şübhə yoxdur ki, Azərbaycan güc variantını seçməli olacaq və müharibə yolu ilə öz torpaqlarını işğaldan azad etməli olacaq. Bildiyiniz kimi iyunun 26-da Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə təşkil olunan Hərbi Paradda da yeni silahlarımız nümayiş olundu. O silahların imkanlarına görə biz artıq bütün strateji obyektləri hədəf altına ala bilirik. Hətta 300 kilometrə qədər uzaq olan hədəfləri biz nişan ala bilirik. Bu nə deməkdir? Yəni artıq biz 300 kilometrə qədər düşmənə zərbə endirə bilirik. Bunun nəticəsində düşmənin müqaviməti azalır. Əlbəttə ki, zəifləyən düşmənin şəxsi heyəti tərəfindən bizim əsgərlərə ziyanı da azalır. Belə olanda isə bizim itkilərimiz də azalır. İnanıram ki, gələcək statistik nəticələrdə biz 53-cü yerdən də daha yuxarı irəliləcəyik. Bunun üçün isə bütün göstəricilər və peşəkar hərbi mütəxəssislərimiz var. Azərbaycan ordusu nəinki silah-sursat tərəfdən, həm də ki, peşəkarlığı ilə seçilir".