İrana qarşı sanksiyaların Bakıya təsiri olacaq? Siyasət

İrana qarşı sanksiyaların Bakıya təsiri olacaq?

ABŞ-ın yeni sanksiyaları İran iqtisadiyyatına mənfi təsir göstərəcək.
Bu sözləri ABŞ-ın İrana qarşı yeni ikimərhələli embarqo qərarının işə düşməsi ilə bağlı danışan iqtisadçı Vüqar Bayramov deyib. Ekspert bildirib ki, İrana qarşı embarqoların yeni mərhələsində daha dərinləşdirilmiş sanksiyaların tətbiqi həyata keçiriləcək:
"Bu da nəticə etibarilə Tehrana qarşı kəskin sanksiyaların işə düşməsi anlamına gəlir. Belə ki, söhbət bank hesablaşmalarına qadağaların müəyyənləşdirilməsi, xüsusən də ABŞ dolları ilə hesablaşmaların qadağan edilməsi və neft satışına qadağaların tətbiq edilməsindən gedir. Eyni zamanda, ABŞ noyabrdan Tehranla xarici ticarətdə əməkdaşlıq edən ölkələrin bu əməkdaşlığı dayandırmasını istəyir. Nəticə etibarilə bura həm də neftin ixracatı daxildir. O üzdən ABŞ-ın yeni sanksiyaları İran iqtisadiyyatına mənfi göstərəcək. Bu artıq birmənalı şəkildə özünü göstərməkdədir. Belə ki bir müddət öncə İran milli valyutasının dəyərsizləşməsi müşahidə olundu, həmçinin İranın xarici banklarla əməkdaşlığında ciddi problemlər var və artıq İrandan xarici banklara vəsaitlərin köçürülməsi və əməliyyatların aparılması praktik olaraq dayanıb. Bu da təbii ki, İran iş adamlarının idxal-ixrac imkanlarına ciddi şəkildə neqativ təsir göstərir".
İqtisadçı qeyd edib ki, İran iqtisadiyyatı sanksiyalardan uduzan tərəf olacaq:
"Təbii ki, ABŞ hegemon və iqtisadi gücünə görə dünyada aparıcı ölkədir. ABŞ-la münasibətlərin bu sistemdə gərginləşməsi nəticə etibarilə İran üçün iqtisadi və siyasi baxımdan arzuolunan deyil. Güman olunur ki, sanksiyalar İran milli valyutasının növbəti mərhələdə də dəyərsizləşməsinə gətirib çıxaracaq. Çünki İrana daxil olan valyutanın həcmində kəskin azalmalar müşahidə edilir. Bu proses qarşıda da davam edəcək".
Ekspert bildirib ki, İrana qarşı sanksiyaların Azərbaycana ikitərəfli təsir edəcəyi gözlənilir:
"Birincisi, Azərbaycan neft ölkəsidir və güman olunur ki, indiki məqamda sanksiyalar İranın dünya bazarına gündəlik olaraq 1 milyon barrel az neft çıxarmasına gətirib çıxaracaq. Bu da sözsüz ki, bazara təsir göstərən faktorlardandır. Əgər OPEK həmin payı kompensasiya edə bilməsə, bu neftin dünya bazar qiymətində artımlara səbəb ola və ən azı neftin mövcud qiymətinin qorunub saxlanılmasına gətirib çıxara bilər. Azərbaycanın ixracının 90 faizini neft və neft məhsulları təşkil etdiyini nəzərə alsaq, bu, ölkəyə daxil olan valyutanın həcminin artmasına səbəb ola bilər. Eyni zamanda, Azərbaycanla İran arasında əməkdaşlığın son illər güclənməsi müşahidə olunur. Sanksiyaların birgə layihələr, avtomobil zavodunun qurulması və birgə dərman istehsalı müəssisələrinin formalaşmasına təsir edəcəyi gözlənilmir. Sözügedən müəssisələr fəaliyyətini davam etdirəcək. İkincisi, Azərbaycanla İran arasında ticarət dövriyyəsi təxminən 300 milyon dollardır. Yəni İranla ticarət dövriyyəmiz böyük olmadığından təsirlər nisbətən marjinal olacaq. Bir tərəfdən Rusiyaya, digər tərəfdən isə İrana qarşı sanksiyalar nəticə etibarilə Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıra bilər. Bu fonda Şərq-Qərb nəqliyyat dəhlizi daha cəlbedici olacaq. Bütövlükdə isə İrana qarşı tətbiq edilən sanksiyalar Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərməyəcək".
Politoloq Tofiq Abbasov isə deyib ki, İran ABŞ-ın şərtlərini birmənalı olaraq rədd edir.
O bildirib ki, ABŞ və İran sanki bir-birini eşitmədən mübahisə aparırlar:
"Əsas problem ondan ibarətdir ki, İran danışıqları şərtsiz aparmağı tələb edir. ABŞ-ın isə şərtləri bəllidir. Birincisi, rəsmi Vaşinqton Tehrandan Yaxın Şərqdəki siyasətini, Suriyaya müdaxiləsini dayandırmağı və bölgə məsələlərində dözümlü olmağı tələb edir. Yəni ABŞ istəyir ki, İran öz milli sərhədlərinə qayıtsın, Livan, Suriya və Yəmənə nüfuz etməsin, həmçinin İran hökuməti daxildə demokratik proseslərə zamin dursun. Bu yanaşma ilə də rəsmi Tehran qəti şəkildə razılaşmır. İran onsuz da ABŞ-ın imperialist siyasətindən qurtulduğunu və buna görə heç bir dövlətin, o cümlədən ABŞ-ın qarşısında öhdəliyinin olmadığını bildirir. Odur ki, Pompeo da rəsmi Vaşinqtonun tələblərinin öz qüvvəsini saxladığını və ABŞ-ın əvvəlkitək İrandan yumşalma gözlədiyini bəyan edib. Ancaq rəsmi Tehran buna rəğmən öz duruşunu qoruyub saxlayır və xarici qüvvənin tələbi ilə islahatlara imza atmamaqda israrlıdır".
Politoloq ABŞ və İran arasındakı bu çıxılmaz vəziyyətin hər hansı bir dövlətin vasitəçiliyi ilə çözülə biləcəyini düşünür:
"Çox güman ki, bu dövlət Oman hökuməti ola bilər. Çünki Omanın həm ABŞ-la, həm də İranla münasibətləri normaldır. Tərəflər arasında yumşalma olarsa, Oman bir vasitəçi kimi bu prosesdə ABŞ və İrana ortaq məxrəcə gəlməyə köməklik göstərə bilər. Bunu indiki vəziyyətdə istisna etmək olmaz. Ancaq hələ ki vəziyyət gərgin olaraq qalır".

İranın daha pis günlər başlayır

Politoloq Şahin Cəfərlinin fikrincə, İran üçün pis günlər arxada qaldı, indi daha pis günlər başlayır.
O bildirib ki, Tramp bir az əvvəl İrana qarşı ikimərhələli sanksiyaların bərpası haqqında qərar imzaladı:
"Sabahdan etibarən sanksiyalar qüvvəyə minəcək. Sanksiyalar İranla sözügedən sahələrdə əməkdaşlıq edəcək üçüncü ölkələrə və qurumlara da şamil olunacaq. Ağ Evin açıqlamasına görə, artıq 100-dən çox beynəlxalq şirkət İran bazarını tərk edib və ya tərk etməyə hazırlaşır. Bu sırada "Cənubi Pars" təbii qaz yatağının işlənməsinə dair İranla 4,2 milyard avroluq anlaşma imzalamış Fransanın "Total" enerji şirkəti, Almaniyanın elektrotexnika nəhəngi "Siemens", məşhur avtomobil şirkətləri "Renault", "Peugeot", "Citroen" də var. Avtomobil sənayesi enerjidən sonra İran iqtisadiyyatının ikinci böyük sektorudur. Sanksiya nəticəsində bu sektorda çalışan təxminən 1 milyon adam işsiz qalmaq təhlükəsi ilə üzləşib".
Politoloq vurğulayıb ki, İranda real hakimiyyəti əlində tutan vilayəti-fəqih sistemi ölkədə yaranmış ağır duruma görə məsuliyyəti Prezident Ruhani və onun hökumətinin boynuna qoymağa çalışır:
"Halbuki ölkə iqtisadiyyatının strateji sahələrinə ali liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu nəzarət edir. Büdcə vəsaitlərinin önəmli hissəsini də bu struktur "udur". Sanksiyaların ləğvindən sonra ölkədə vəziyyətin yaxşılaşmamasının əsas səbəbi budur ki, həmin qüdrətli təşkilatın xarici əməliyyatlarına on milyardlarla dollar pul xərcləndi".
Politoloqun sözlərinə görə, artıq Ruhani parlamentdə izahat verməyə çağırılıb:
"Milli Bankın sədr müavini həbs olundu. Rejim Ruhani hökumətinin ABŞ-la danışıqlara getməsi ehtimalı ilə bağlı çox sərt xəbərdarlıqla çıxış etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı bəyanat verdi ki, bəzi siyasətçilər düşmənə boyun əymək istəyir, buna imkan verilməyəcək".
Qeyd edək ki, Tramp bu gün İrana qarşı ikimərhələli sanksiyaların bərpası haqqında qərar imzalayıb. Sabahdan etibarən İranın avtomobil sənayesinə, qızıl və digər qiymətli metal, eləcə də polad, kömür, alüminium ticarətinə, mülki aviasiya sektoruna, borc kağızlarına sanksiyalar və dollar əldə etməsinə qadağalar qüvvəyə minəcək.

ABŞ İranın vəziyyətini ağırlaşdırmağa çalışacaq

Analitik Vüqar Zifəroğlu isə deyib ki, ABŞ maksimum dərəcədə İranın vəziyyətini ağırlaşdırmağa çalışacaq.
O bildirib ki, burada hədəf İrandakı rejimi dəyişdirmək və ya İranı ABŞ-ın şərtləri daxilində müəyyən güzəştlərə məcbur etməkdir:
"Bu mənada artıq iqtisadi sanksiyaların bir hissəsi qüvvəyə minib. İkinci sanksiyaların tətbiqi üçün də ABŞ-ın çox gözləyəcəyini düşünmürəm. Bu sanksiyaların İran üçün nəticələri heç də müsbət deyil. Bildiyiniz kimi, İranda artıq böyük şəhərlərdə etiraz aksiyalarına da start verilib. Hətta İranın Valyuta Fondu ilə bağlı müəyyən müzakirələr aparılır. İran valyutasına nəzarət şurasındakı məsul şəxslərdən biri artıq həbs edilib".
Analitik vurğulayıb ki, bu təzyiqlərin təsiri ilə İranda çox ciddi proseslər getməkdədir:
"ABŞ təzyiqlərini artırdıqca İrandakı vəziyyət daha da gərginləşəcək. Amma bütün bunların İranda rejim dəyişikliyinə səbəb olub-olmayacağını deyə bilmərik. Nəzərə almaq lazımdır ki, İranın özünün də əlində kifayət qədər ciddi resurslar və müəyyən təzyiq alətləri var. Ən azı Hörmüz boğazının bağlanması məsələsi İranın əlində ciddi üstünlükdür".
Analitikin sözlərinə görə, İran manipulyativ təsir və təzyiq imkanlarına malikdir:
"İranın bu alətlərdən istifadə etməsi də real görünür. Hər halda ABŞ-ın son iki gündür verdiyi açıqlamalara nəzər salsaq görərik ki, onlar danışıqlara hazır olduqlarını bildirir. Əslində, burada proseslər nə qədər gərgin getsə, bir o qədər ciddi fəsadlara gətirib çıxarar. Çünki İran elə bir ölkədir ki, orada gedən hər hansı proses ümumiyyətlə bütün regiona sıçrayacaq. Burada həm məzhəbsəl, həm də başqa faktorlar var. Şübhəsiz ki, bütün bunlar öz mənfi təsirini göstərəcək. Düşünürəm ki, ABŞ-İran münasibətlərindəki gərginliyin bu cür yüksək səviyyədə davam etməsi əslində hər iki ölkənin də maraqlarına cavab vermir".
Qeyd edək ki, ötən gün ABŞ İrana qarşı sanksiyaların bir hissəsini bərpa edib.
Avqustun 6-da, bazar ertəsi ABŞ İrana yeni ikimərhələli embarqoya başlayacaq.
ABŞ İrana qarşı tətbiq olunan embarqoya dair iki mərhələli yeni qərarın ilk mərhələsinə start verəcək.