ATƏT PA-da gərgin müzakirələr Siyasət

ATƏT PA-da gərgin müzakirələr

İlk plenar iclasda Rusiya əleyhinə qətnamə müzakirəyə çıxarıldı, Ukraynada münaqişənin həllilə bağlı Bakı qrupu yaradıldı
Bahar Muradova: "İstəməzdik ki, "Bakı qrupu" adlanan yeni qrupun taleyi Minsk qrupunun taleyinə oxşasın"
Bencamin Kardin: "Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?!"

ATƏT Parlament Assambleyasınının Bakıda keçirilən ilk plenar iclası başlayıb. Plenar iclasa "Açıq-aydın və düzəlməz şəkildə Rusiya Federasiyasının Helsinki prinsipini yenidən pozmasına" dair qətnamənin müzakirəsi çıxarılıb.
ATƏT PA-nın prezidenti Ranko Krikokaviç Ukrayna böhranından danışıb. O deyib ki, Ukrayna böhranın ən pis vaxtlarında ATƏT PA proseslərdə faəl iştirak edib: "Bizim nümayəndələr Ukraynanın müxtəlif əyalətlərində olublar. Bu böhran nəticəsində yüzlərlə, minlərlə insan həlak olub. Bu münaqişəyə görə, minlərlə insan qaçqın və köçkün düşüb. Bizim təşkilatımızın prinsipləri çox kobud şəkildə pozulub. İstərdik, səylərimiz bu böhranın həll edilməsində mühüm rol oynasın. Biz təcili qərar qəbul etməliyik. Biz əməkdaşlarımızı da ora göndərəcəyik. Bütün Ukrayna vətəndaşlarına sülh gətirmək məqsədi ATƏT PA çalışacaq. Ola bilsin ki, bizim tədbirlərimiz uzun müddətli və effektli olmasın".
Ranko Kirovkapiç sessiya çərçivəsində Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradıldığını elan edib.
O bildirib ki, Ukrayna ilə bağlı proseslər apreldən başlayıb və apreldə Vyanada Ukrayna və Rusiya parlamentarlarının iştirakı ilə birgə müzakirələr aparılıb: "Orada yaradılan ATƏT PA-nın Vyana Qrupu bu günə qədər müəyyən müsbət irəliləyişlərə nail olub. Amma daha irəli getmək üçün biz Bakıda keçirilən bu toplantıda Ukrayna böhranının aradan qaldırılması üçün Bakı Qrupu yaratdıq. Bu qrupa Vyana Qrupundan fərqli olaraq, digər ölkələr də daxil ediləcək. Qrup böhranın aradan qaldırılması və sülh danışıqlarının bərpası üçün lazımı işləri görəcək".
Sessiyada Kanada, Litva nümayəndələri Rusiyanı qınayıb və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər.
Kanadalı nümayəndə isə deyib ki, dünya ölkələri ərazi bütövlüyünün bərpa etmək üçün Ukraynaya dəstək olmalıdır.
Polşalı nümayəndə isə Rusiyanın Ukraynadakı əməllərinin qeyri-qanuni olduğunu və buna qarşı əks-tədbirlər görməyin vaxtının çatdığını vurğulayıb: "Ukraynanın şərq hissəsində terrorçular fəaliyyət göstərir. ATƏT-in sərhədlərin təhlükəsizliyin qorunması ilə bağlı qanun layihəsi Ukraynaya da tətbiq edilməlidir. Rusiyanın Ukraynada hərbi qoşunlar yerləşdirməsi qəbul edilməzdir. Rusiyanın hərəkətləri ilə bağlı Haqqa Məhkəməsinə şikayət barəsində Ukrayana tərəfi bizə məlumat verməlidir".
ABŞ-ın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədr müavini, konqresmen Bencamin Kardin dünya birliyini, o cümlədən ATƏT-i sərt tənqid edib. ABŞ nümayəndəsi qeyd edib ki, dünya birliyi və Qərb Rusiyanın qarşısında aciz qalıb. Amerikalı konqresmen deyib ki, bu gün region dondurulmuş münaqişələrdən inildəyir: "Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna... Dağlıq Qarabağ münaqişəsi 22 ildir ki, inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Biz Minsk qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?.."
Milli Məclisin sədr müavini Bahar Muradova isə çıxışında Azərbaycanın 22 ildir şikayətinə baxılmadığını vurğulayıb: "Hər kəs Helsinki Aktının pozulmasına görə narahatdır. 22 ildir ki torpaqlarımız işğal edilib. 22 ildir ki, şikayətimizə baxılmır. Ona görə də Avropada yeni konfliktlər və bölünmələr yaranıb. Azərbaycanın mövqeyini bəyan etmişəm. ATƏT regionundakı münaqişələri nəzərdə saxlayacağıq. İndi yaradılan "Bakı qrupu" adlanan qrupun taleyi Minsk qrupunun taleyinə oxşamasın. İki qardaş xalqın münaqişəsini görmək istəmirik. Bu gün burada əsası qoyulan Bakı qrupunun işinə töhfə verməliyik. Biz problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq. Tərəflər arasında münaqişəni gərginləşdirməməliyik".
Ukraynalı nümayəndə isə ölkəsinin düşdüyü vəziyyətə belə münasibət bildirib: "Biz Rusiya ilə həmişə dost olmuşuq. Biz slavyan xalqlarıyıq. Həmişə Rusiyanın bizi müdafiə edəcəyinə inanmışıq. Əgər silah, maliyyə və məlumat dəstəyi olmasaydı həmin insanlar Ukraynanı bölməyə çalışmazdılar. Rusiyalı nümayəndələrdən xahiş edirəm, Putinə müraciət edin! Ona deyin ki, silah göndərməyi dayandırsın, bizim dövlətin daxili işlərinə qarışmasın! Bizim öz işimiz, problemlərimiz var. Rusiya bizə müdaxilə etməsin".
Rusiyalı nümayəndə Aleksandr Puşkov səsləndirilən fikrə belə münasibət bildirib: "İstəməzdim ki, Ukraynaya qarşı ittiham sürüm. Yeni Bakı qrupu yaradılıb. Ona görə, Ukraynanın hərəkətləri barədə danışmayacağam. Burada deyirsiniz ki, Rusiya ATƏT-in, başqa təşkilatların normalarını pozur. İraqın işğalı da ATƏT-in prinsiplərinə ziddir. Niyə bundan danışmırsız? Düzdür, İraq Avropanın sərhədində yerləşmir. Təəssüflər olsun ki, beynəlxalq hüququn pozulmasına dair elə dövlətlərdən iradlar eşidirik ki, onların özləri bunu həyata keçirirlər. Son günlərdə Rusiya addımları ilə siyasi iradəsini ortaya qoyub".
Milli Məclisin deputatı Azay Quliyev isə çıxışında bildirib ki, gələn il "Helsinki+40" toplantısına yığışmamışdan əvvəl Azərbaycan, Gürcüstan və Moldovada Helsinki Yekun Aktının pozulması ilə bağlı bir hesabat hazırlanmalıdır: "Biz Helsinki prinsiplərin pozulmaması ilə əlaqədar müəyyən çağırışlar edirik. Bizi Helsinki prinsiplərinin necə qorunması düşündürür. Ukraynanın ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı birmənalı hörmətlə qarşılanmalıdır. Eyni zamanda düşünürəm ki, bu gün bütövlükdə ATƏT regionuna nəzər salmaq lazımdır və Helsinki yekun aktının prinsiplərinin həqiqətən də uzun müddət ATƏT regionunda pozulması bizi ciddi şəkildə narahat etməlidir. Biz gələn il Helsinki yekun aktının 40 illiyinə toplaşırıq. Biz bu 40 illiyə nə ilə gedirik və 40 illik müddətdə bu prinsiplər necə qorunub?! 40 ildə bu prinsiplərin qorunması ilə bağlı hansı müsbət fikirləri deyə bilərik?! Təəssüf ki, bu gün biz müsbət olaraq, heç nə deyə bilmərik. ATƏT ərazisində konfliktlər nəticəsində bir neçə dövlətin ərazi bütövlüyü pozulub. Azərbaycanın, Moldavanın, Gürcüstanın Helsinki Yekun Aktının prinsipləri burda pozulub. Bu gün mən çox məmnunam ki, ABŞ-dan olan nümayəndə Smit Helsinki Yekun Aktı müddəalarının qorunması ilə bağlı çıxış etdi. Eyni zamanda mənim həmkarım Suareş də bu barədə öz narahatlığını ifadə etdi. Hesab edirəm ki, bunun arxasınca bir qətnamə layihəsi ilə çıxış etməliyik. Bu gün bu işdə təcrübəsi olan həmkarımız var. Mən təklif edərdim ki, cənab sədr, bizim ABŞ-dan olan həmkarımız hörmətli Smiti dəvət edək. Biz eyni zamanda ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsini bu prosesə yaxından cəlb etməliyik. Əminəm ki, bu prosesin irəliyə aparılmasında Azərbaycan Gürcüstan və Moldova deputatları da birgə işləməyə hazırdır. Hesab edirəm ki, bu gün ATƏT PA-nın qarşısında duran ən mühüm məqamlardan biri bu prinsiplərin qorunmasıdır".

TURQUT