Oqtay Əsədov Volodinlə görüşüb Siyasət

Oqtay Əsədov Volodinlə görüşüb

Rusiya və Azərbaycan parlamentləri arasında yüksək səviyyəli komissiya yaradılır

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov oktyabrın 9-da Türkiyənin Antalya şəhərində Avrasiya ölkələri Parlament Sədrlərinin III Müşavirəsi çərçivəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.
Danışıqlar zamanı Avrasiya ölkələri Parlament Sədrlərinin Müşavirəsinin gündəliyində olan məsələlər, o cümlədən iqtisadi əməkdaşlıq, ekologiya və regionun davamlı inkişafı, həmçinin parlamentlərarası qarşılıqlı əlaqələr və Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər müzakirə olunub.
Oqtay Əsədov Azərbaycanla Rusiya arasındakı parlamentlərarası əlaqələrin daha aktiv şəkildə inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib. O, qeyd edib ki, 2018-ci ilin yeddi ayı ərzində ölkələr arasındakı ticarət dövriyyəsi 1,5 milyard dollara çatıb.
"Rusiya ilə ən yüksək siyasi və iqtisadi əlaqələrimiz var və biz onları dəyərləndiririk", - deyə Oqtay Əsədov bildirib.
Volodin isə öz növbəsində, Dövlət Duması ilə Milli Məclis arasında Yüksək Səviyyəli Parlamentlərarası Komissiyanın yaradılmasına dair işlərin yekun mərhələdə olduğunu vurğulayıb. "Gərək iş qrafiklərinə baxaq, yüksək səviyyəli Komissiyanın yaradılmasına dair sənədlərin imzalanmasıyla bağlı vaxt müəyyən edək. Bunu sizin rəsmi səfəriniz zamanı da edə bilərik, sizi Rusiyaya dəvət edirəm", - Vyaçeslav Volodin qeyd edib.
Xatırladaq ki, bu Komissiyanın yaradılmasına dair razılıq Vyaçeslav Volodinin Bakıya ilk rəsmi səfəri zamanı əldə olunub.