“Bütün dünya bilməlidir....” Siyasət

“Bütün dünya bilməlidir....”

Eldar İbrahimov:" Azərbaycan Qarabağ məsələsində öz haqlı mövqeyindən bir addım olsun belə geri çəkilməyəcək"



"Forumun əhəmiyyəti, önəmi və onun səviyyəsi orada iştirak edən insanlardan bir daha bəlli olur. Hər dəfə olduğu kimi, bu dəfə də forumda dünyanın ən aparıcı ölkələrinin dövlət və hökumət rəsmiləri, tanınmış siyasətçilər, mədəniyyət xadimləri, ziyalılar, ekspertlər iştirak edir. Builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edir. Bu, böyük göstəricidir. Xüsusilə Azərbaycan prezidenti İlham Əliyevin forumun işinə qatılması, orada iştirak və çıxış etməsi bu ali tədbirə xüsusi rəng qatır".
Bu fikirləri Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib. Onun sözlərinə görə, ölkə prezidenti foruma qatılaraq, orada çox əhatəli və məzmunlu, həm regionumuzu, həm də bütövlükdə dünyamızı maraqlandıran, narahat edən məsələlərlə bağlı çox önəmli mesajlar səsləndirdi, çağırışlar etdi: "Humanitar məsələlərin müzakirəsinin çox önəmli olduğunu diqqətə çatdıran dövlət başçımız "Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük"-deyərək, qeyd etdi ki, Azərbaycan humanitar əməkdaşlığa çox böyük əhəmiyyət verir, bu yöndə məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir.
Doğrudan da, qlobal təlatümlərin, kataklizmlərin yaşandığı bir dövrdə digər sahələrdə olduğu kimi, humanitar sahədə də əməkdaşlığa ciddi ehtiyac duyulur və sevindirici hal odur ki, Azərbaycan bu prosesə öz töhfələrini verməkdədir.
Bu baxımdan, ölkə prezidenti haqlı olaraq bildirdi ki, dünyada yaşanan humanitar fəlakətlərə baxmayaraq, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilib. Yəni, ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür və sabitliyin mənbəyi isə Azərbaycan xalqı, onun iradəsidir. Həmçinin, bu gün ölkəmizdə yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir".
O qeyd edib ki, ən vacib məqamlardan biri ölkə prezidentinin çıxışında növbəti dəfə Qarabağ məsələsinin, işğal və təcavüz faktının dilə gətirilməsidir. Bildirib ki, ölkə prezidenti bir daha qətiyyətini və siyasi iradəsini ortaya qoyaraq, Azərbaycanın işğal faktı ilə barışmayacağını, öz ərzailərini işğaldan qurtaracağının bəyan etdi: "Prezident bir daha özünün və Azərbaycan dövlətinin mövqeyini ifadə edərək dedi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, Azərbaycan heç vaxt işğalla barışmayacaq və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Həmçinin, bildirdi ki, bunu təkcə biz deyil, tarixi ədalət və beynəlxalq hüquq tələb edir.
Hesab edirəm ki, bu fikirlərin bir daha bəyan edilməsi olduqca vacib və önəmlidir. Çünki bütün dünya bilməlidir ki, Azərbaycan Qarabağ məsələsində öz haqlı mövqeyindən bir addım olsun belə geri çəkilməyəcək və sülh danışıqları bir nəticə verməsə, digər yollarla öz ərazi bütövlüyünü və suverenliyini təmin edəcək. Elə bilirəm ki, bundan hər kəs dərsini almalı, nəticə çıxarmalıdır. Xüsusən, Ermənistan, onun başabəla siyasətçiləri və rəhbərləri. Paşinyan və onun kimilər nə qədər oyun çevirsələr də, nəticəsi olmayacaq. Azərbaycan Qarabağ məsələsində güzəştə getməyəcək".
Deputat Hikmət Babaoğlu isə deyib ki, bu cür beynəlxalq tədbirləri keçirməkdə Azərbaycanın başlıca məqsədi Azərbaycan həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyi faktını dünyaya çatdırmaqdır: "Ən əsası bu problemin həlli ilə bağlı Azərbaycanın sülhpərvər mövqeyini göstərməkdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu hər kəs bilir. Ancaq Azərbaycan bu problemin sülh yolu ilə həllində maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bunu qiymətləndirməlidir və Ermənistana təzyiq etməlidir ki, bu işğalçılıq siyasətinə son qoysun".
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərək məhz bu həqiqətləri bir daha diqqətə çatdırıb, xalqımızın multukultural və tolerantlıq keyfiyyətini formalaşdıran tarixi əsaslara toxunub:
"Azərbaycanda tarixən mövcud olan atəşpərəstlik, xristian və islami dəyərləri dini-etnik rəngarəngliyi milli zənginliyimiz kimi izah etdi. Bu gün dünyanın gözü qarşısında böyük sivilizasiya yaratmış bir xalqa qarşı ermənilərin törətdiyi soyqırımını, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını dilə gətirdi. Düşünürəm ki, forum Ermənistanın işğalçı ölkə olması həqiqətini dünyaya çatdırılması baxımından mühüm bir tribuna oldu. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir foruma ev sahibliyi etməsi humanitar dəyərləri, insani duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır".
Millət vəkili Jalə Əliyeva dövlət başçısının forumdakı çıxışını çox yüksək qiymətləndirərək, həmin çıxışda Qarabağ məsələsinin yenidən qətiyyətli şəkildə ifadə edilməsindən məmnunluğunu dilə gətirib: "Dövlət başçısı münaqişənin həlli üçün yeganə yolun məhz ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həllində, işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmasında gördüyünü bəyan etdi. O "bunlar necə ki BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, yəni, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar", - deyərək, bir daha kimsənin Azərbaycandan Qarabağ, torpaq məsələsində güzəşt gözləməməsini ifadə etmiş oldu. Qarabağ Azərbaycanın olub, Azərbaycanındır və Azərbaycanın olacaq. Kimsə, heç bir güc, heç bir qüvvə Azərbaycanın bu mövqeyinə qarşı çıxa bilməz".