“Ermənistan seçim qarşısında qalıb” Siyasət

“Ermənistan seçim qarşısında qalıb”

Tofiq Zülfüqarov : "İrəvan ya Rusiyapərəst siyasətini davam etməli, ya da yeni Qərbyönlü siyasət formalaşdırmalıdır"

"Boltonun Qafqaz səfəri Obama dövründəki ABŞ diplomatlarının səfərlərindən ciddi şəkildə fərqlənir. Belə ki, bu səfər zamanı Trampın adından Qafqaz ölkələri və buradak digər oyunçulara verilən mesajlar aydın və dəqiq idi". Bunu "Bunin & Co" Teleqram kanalına açıqlamasında rusiyalı politoloq Sergey Markedonov deyib.
"Bolton ifadələrində politkorrektədən çəkinmirdi. Bakı, Tiflis və özəlliklə İrəvanda o, dəqiq şəkildə Vaşinqtonun prioritetlərini - İranın sərt şəkildə dayandırılması və Rusiyanın təsirinin minimallaşdırılmasını açıqladı. Bolton İrəvanda açıq formada Vaşinqton üçün Ermənistanın Rusiya ilə birtərəfli hərbi-texniki əməkdaşlığının qəbuledilməz olduğunu dedi", - deyə o bildirib.
Onun sözlərinə görə, İrəvandan fərqli olaraq, Azərbaycana münasibətdə Bolton həddən artıq ehtiyatlı olub. O, buna nümunə kimi Boltonun Bakıda "İrana qarşı təzyiq edilməlidir, amma bu, ABŞ-ın Azərbaycandakı dostlarına zərər vurmamalıdır" sözlərini göstərib.
Markedonov Boltonun səfəri zamanı Moskvaya xüsusi mesaj göndərildiyini də bildirib: "ABŞ İrana təzyiq edəcək, həmçinin Rusiyanın Cənubi Qafqazdakı təsirini minimallaşdırmağa cəhd edəcək. Böyük ehtimalla region ölkələrinə bu yanaşmanı müdafiə etmək təklif edilib".
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə deyib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun dilindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Amerika Birləşmiş Ştatlarının mövqeyinin təkidlə səsləndirilməsi çox müsbət haldır: "Bu yöndə nəticələrin əldə olunması üçün bir neçə amilin üst-üstə gəlməsi lazımdır. Ancaq bundan sonra bu və ya digər nəticə əldə oluna bilər".
Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistanda hakimiyyətə yeni qüvvələrin gəlməsi və onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərinin formalaşması çox vacib bir amildir. Yeni qüvvələrin hakimiyyətə gəlməsinin əsas səbəbi Ermənistandakı sosial-iqtisadi vəziyyətin acınacaqlı, hətta böhran vəziyyətində olmasıdır: "İqtisadi, demoqrafik, hərbi baxımdan Ermənistanda vəziyyət kritik həddə çatıb. Bütün bunlar Ermənistan ictimaiyyətinin proseslərə tənqidi yanaşmasına və cəmiyyətin mövcud hakimiyyəti devirməsinə gətirib çıxardı. Bunun nəticəsində də də yeni qüvvələr hakimiyyətə gəldi. İşğalçı ölkədəki böhranlı vəziyyətin əsas səbəbi ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan dövlət kimi çox balacadır. İrəvanın qonşularla lazımı səviyyədə əməkdaşlıq qurmaması, əksinə, onlarla müharibə aparması mövcud proeblemlərə gətirib çıxardı. Təzə gələn qüvvələr isə ilk növbədə bu siyasəti dəyişməlidirlər". Politoloqun fikrincə, Qərbin yeni hakimiyyətdən gözləntiləri isə daha demokratik və müstəqil siyasət aparmaları ilə bağlıdır. Qərb indiki hakimiyyətdən Rusiyanın forpostu olmamağı, öz xalqının, dövlətinin mənafeyi üçün siyasət yürütməyi gözləyir: "Qərb həm də Ermənistandan mövcud konfliktlə bağlı yeni mövqe sərgilməyini gözləyir. Yəni, bu gözləntilər də münaqişənin həlliylə bağlı real siyasi addımların atılmasıdır. İndi isə Con Bolton gəlişi həmin gözləntiləri səsləndirmək üçün çox yaxşı bəhanədir. Con Boltonun məlum bəyanatlarını Qərbin Ermənistandan gözləntiləri kimi qəbul etməliyik. Boltonun – ABŞ rəsmisinin Ermənistanla bağlı tənqidi fikirləri onu göstərir ki, artıq təzə qüvvələri hakimiyyətə gətirən Qərb son nəticədə nə olacağını hazırkı hakimiyyətdən soruşmaq istəyir. Yəni, konfliktin hansı formada həlli də Qərb üçün xüsusi önəm kəsb edir. Onların fikrinə görə də işğal olunmuş torpaqlar azad olunmasa, bu konfliktin həlli mümkün deyil. Ermənistanda məhz bu bəyanatlar səslənib. Hesab edirəm ki, bu çox vacib çağırışdır. İndi Ermənistan seçim qarşısında qalıb. İrəvan ya Rusiyapərəst siyasətini davam etməli, ya da yeni Qərbyönlü siyasət formalaşdırmalıdır".