
"Son illər Azərbaycan mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrilib. Təbii ki, belə bir tədbirin ölkəmizdə keçirilməsi və xeyli sayda nüfuzlu qonağın Azərbaycana təşrif buyurması ölkəmizə verilən qiymət və dəyərdir. Bu bölgədə və regionda ölkəmizin formalaşdırdığı imicin nəticəsidir". Bunu iqtisad elmləri doktoru Fikrət Yusifov ötən həftə Bakıda keçirilən Humanitar Foruma münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Azərbaycan bu gun qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə həm də öz gücünü göstərmiş olur: "Azərbaycan bu gün öz sözunu deyən bir ölkədir. Hətta siyasi müstəvidə hansısa super dövlətlər belə müzakirə aparmaq üçün məkan olaraq Azərbaycanı seçirlər. Azərbaycan dünyada ictimai-siyasi sabitliyin, multikultralizmin, tolerantlığın bir nümunəsi kimi tanınır. Ona görə də ölkəmizdə bu cür tədbirlərin təşkili həm də özümüz üçün əhəmiyyətlidir. Belə ki, tədbirə gələn qonaqlar ölkəmizi yaxından tanıyır və nəticə etibarilə onlar həm də Azərbaycanın təbliğatçısına çevrilirlər. Bir sözlə, bu tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın yüksək siyasi nüfuzundan xəbər verməklə yanaşı, eyni zamanda, növbəti mərhələlərdə ölkəmizin daha geniş təbliğinə imkan yaradır".
Xatırladaq ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.