“Bayrağımızın əvəzi yoxdur” Siyasət

“Bayrağımızın əvəzi yoxdur”

Siyavuş Novruzov: "Atributlarımız olduğu kimi qalsa daha yaxşıdır"

Tahir Kərimli: "Azərbaycan SSRİ-nin himnini indiki himnimizdən cazibədar idi..."

Fəzail İbrahimli: "Dövlət himninə toxunmaq olmaz, xahiş edirəm başqa məsələlərlə oynayın"

Milli Məclisinin növbəti iclası keçirilib. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlarına, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.
İclasda Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinə yeni hakimlərin təyin edilməsi məsələsi də müzakirə edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2007-ci illə müqayisədə hakimlərin sayı 2 dəfə artıb: "Bununla yanaşı, məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik, institusional tədbirlər də görülüb". Deputat bildirib ki, Prezident İlham Əliyevin son dövrlər korrupsiyaya və neqativ hallara qarşı mübarizənin gücləndiririlməsi ilə bağlı verdiyi tapşırıqlar, tövsiyələr məhkəmə-hüquq sistemindən də kənarda qalmayıb: "Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan artıq hakim barədə intizam icraatı başlanılıb, qanun pozuntusu və digər neqativ hallara yol verdiyinə görə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb".
Bundan sonra iclasda Sənan Firudin oğlu Hacıyev Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.
Novruzov Əsgər Novruz oğlu, Allahverdiyev Mehman Dünyamalı oğlu, Xıdırov Əhliman Mehman oğlu Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri təyin edilib.
Sadıqov Vahid Nəriman oğlu, Əhmədov İlham Bayram oğlu, Məmmədova Şərafət Asif qızı, Məmmədova Şeyda Ədalət qızı, Məmmədov Habil Çingiz oğlu, Rəhimov Elmar Eldar oğlu, Kərimli İlham Əziz oğlu, Abdulov Rəşad Məhərrəm oğlu, Babayev Fuad Fikrət oğlu, Əliyev Zaur Əli oğlu, Hüseyn Aida Əli qızı "Məhkəmələr və hakimlər haqqında" qanunun müvafiq hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri vəzifəsinə təyin edilib.
Salman Hüseynov, Afiq Hüseynzadə və Rəşad Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin, Hökümə Babayeva, Ruhiyyə Əsgərova, Fuad Məmmədov, Məhəmmədəli Rzayev Sumqayıt Apellyasiya Məhkəməsinin, Fehruz Abbasov, Müşfiq Həsənov, Taleh Kərimov, Fuad Sultanov, Elşad Əliyev Şirvan Apellyasiya Məhkəməsinin, Akif Eyvazov, Ayaz Mahmudov, Vəzirxan Məlikov, Mübariz Hüseynov Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.
Daha sonra digər qanun layihələrinin müzakirəsi aparılıb.
Deputatı Siyavuş Novruzov İnzibati Xətalar Məcəlləsinə ümumi dəyişiklik edilməsini təklif edib. S. Novruzov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin müzakirəyə çıxarılıb təkmilləşdirilməsinə ehtiyac var.
"Demək olar ki, hər iclasda biz İnzibati Xətalar Məcəlləsinə bir neçə dəfə dəyişiklik edirik. Təklifim odur ki, Məcəllənin özü müzakirəyə çıxarılsın və təkmilləşdirilsin. Məcəllənin özünə ümumilikdə baxılmalıdır".
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov geniş təqdim edib.
Milli Məclisin sədri Oqtay Əsədov isə qanun layihəsini III oxunuşda geniş təqdim etdiyinə görə Rafael Hüseynova irad tutub: "Rafael müəllim, qanun layihəsi artıq üçüncü oxunuşda müzakirəyə çıxarılır. Ancaq sən təzə qanun layihəsi təqdim edirsən. Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də 3-cü oxunuşda müzakirəyə çıxarılır".
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması təkliflərinə münasibət bildirib. Z.Əsgərov deyib ki, Hollivud filmlərinin 95 faizindən siqaretlərin reklamı yığışdırılıb.
Onun sözlərinə görə, Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaret çəkmək yığışdırılsın, mövcud filmlərdə də üzərinə "kölgə" salınsın. Ziyafət Əsgərov parlamentin Mədəniyyət komitəsinin sədri Rəfail Hüseynovun da iradına cavab verib: "Deyirsiniz ki, teatr tamaşasında və flimlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?! Onda siz tələbələrinizə deyin, "Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu" mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər. Baxaq görək, bəlkə doğrudan da nəsə var...".
İclasda həmçinin "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunlarının ikinci oxunuşunda deputatlar atributlara dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürüblər. Bunlara cavab olaraq çıxış edən deputat Siyavuş Novruzov söyləyib ki, atributlarımızın dəyişdirilməsi ilə bağlı təklifər referendum yolu ilə həll edilməlidir: "Konstitusiyada atributların adı necə gedibsə, o adla da təqdim olunur. Əgər biz bu adı dəyişdirmək istəsək, o zaman ilk növbədə Konstitusiyaya dəyişiklik edilməlidir. Mən hesab edirəm ki, hər dəyişiklik o qədər də xeyr gətirmir. Biz niyə 100 il bundan öncəki tariximizə ziyan verməliyik? Bizim bayrağımızın əvəzi yoxdur. Himnimizlə və digər atributlarla bağlı hər kəsin fikri, yaxud arzusu ola bilər. Amma mən bunların əleyhinəyəm. Düşünürəm ki, atributlarımız olduğu kimi qalsa daha yaxşıdır".
Siyavuş Novruzov "vaxtilə Ulu öndər Heydər Əliyev atributlarımıza dəyişikliklə bağlı təkliflərin əleyhinə çıxış edib", - deyə vurğulayıb: "Bizə qonşu dövlətlərin birində (Gürcüstan) hakimiyyət dəyişən kimi bayraq da dəyişdirildi". Onlar Avropaya yaxınlığını göstərmək üçün bayraqlarının üzərinə 5 xaç vurdular. Amma bayraq xalqın mənəviyyatını, həyatını əks etdirir. Bu baxımdan düşünürəm ki, bizim atributlar yerindədir. Qanun layihələrində məsələlər düzgün şəkildə qoyulub".
Deputat Tahir Kərimli isə Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib: Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər.
Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.
Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Azərbaycan SSRİ-nin himnini də hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın".
Millət vəkili Fəzail İbrahimli isə Tahir Kərimlinin təklifinə sərt cavab verib. Fəzail İbrahimli bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan gerbinin və möhürünün təsdiq olunmasına iki dəfə cəhd edib: "1919-cu ildə bu istək baş tutmadı. 1920-ci ildə növbəti cəhd oldu. Amma nakam qaldı, Cümhuriyyət süquta yetirildi. Onu biz etik".
Fəzail İbrahimli deyib ki, himndə Azərbaycanın təqdimatı, tarixi var: "Bundan necə imtina etmək olar? Dünyada elə bir himndə varmı ki, millət öz canını qurban verməyə hazır olsun? Bunun harasını çıxartmaq olar? Bir dəqiqə ayaq üstə durmaq nə çətin məsələdir? Toxunmaq olmaz belə şeylərə! Xahiş edirəm bu məsələlərdən yan keçin, başqa məsələlərlə oynayın!".
Spiker Oqtay Əsədov isə "yan keçirik e, narahat olmayın, görürsünüzmü səsə qoyuruq" deyərək qanun layihələrini səsverməyə təqdim edib.

Əli