“İnstaqram tüfeyliliyi baş alıb gedir” Siyasət

“İnstaqram tüfeyliliyi baş alıb gedir”

Fazil Mustafa: "Parklarda, çayxanalarda əksər ahıllarımız domino-nərd fəlsəfəsini oxuyurlar"

Ötən həftə bütün dilsevərlərimiz elliklə xarici işlər nazirimiz Elmar Məmmədyarovun üstünə düşdü ki, Azərbaycan türkcəsində bərbad danışır. Əlbəttə, bir nazirdən tələb olunun ilk məsələ peşəkarlıq, ikincisi isə təmsil etdiyi dövlətin dilini yaxşı bilməsidir.
Bu sözləri millət vəkili Fazil Mustafa oktyabrın 29-da İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN başçılarının üçtərəfli görüşü zamanı Elmar Məmmədyarovun müzakirələrə səbəb olan çıxışına münasibət bildirərkən deyib. O, dil məsələsinin cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların problemi olduğunu söyləyib:
"Ancaq "dil bilmək" tələbi səsləndirilən cəmiyyətdə daha aktual sual o olmazdımı ki, "Azərbaycan türkcəsini yaxşı bildiyini iddia edən mütləq çoxluğun neçə faizi Azərbaycan türkcəsində, habelə başqa dillərdə günlük mütailə edir?" Parklarda, çayxanalarda əksər ahıllarımız domino-nərd fəlsəfəsini oxuyurlar, həm də doğma ana dilimizi farsın dilinə bulaşdırıb "pənc-cahar", "şeş qoşa" deyibən şövqlə çığırırlar, bir adam niyə yaxınlaşıb demir ki, öz mənasız vaxtöldürmənizi niyə doğma dilimizdə gerçəkləşdirmirsiniz?
Evdar-işdar qadınlarımızın çoxu hind-türk-braziliya seriallarının, öz milli dilimizdə ruhumuzu oxşayan milli şoularımızın fəlsəfəsini təhlil edir. İndi də xeyli sosial şəbəkə, İnstaqram tüfeyliliyi, internet oyun narkomanlığı baş alıb gedir. Bu durumda bioloji varlığına görə Azərbaycan türkcəsində danışmalı olan çoxluğun dil təəssübkeşliyini bu qədər qabartmasının bir anlamı qalırmı?"
Millət vəkilinin fikrincə, əslində, Elmar Məmmədyarova Ukraynadakı Azərbaycan səfirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi məsələsi ilə bağlı sual verilməli idi: "Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib. O halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib? Bəs, Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib? Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər Nazirliyimiz səfirlik daxili münaqişənin, mübahisənin Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarova bunu sormaq lazımdır. Ukraynanın Daxili İşlər naziri Arsen Avakyan vəzifəyə gələndən bəlkə də bu qədər sevinməmişdi. Axı, adam Azərbaycan diplomatiyasının bu təntənəsinə necə duyarsız qala bilər ki? Vəsaitin mənimsənilməsi faktı varsa, bunu Azərbaycanın hüquq-mühafizə orqanları, maliyyə nəzarəti qurumları yüksək peşəkarlıqla ortaya çıxara bilərdi. Əgər keçmiş səfirə qarşı indiki səfir tərəfindən böhtan, qərəz aksiyası olardısa, yenə də məsələni aydınlaşdıra bilərdilər. Ancaq mövcud səfirimizin Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi, sənədlərlə bağlı məhkəmə qərarı ilə keçmiş səfirin evindən səfirliyə aid sənədlərin götürülməsi dövlətçilik barədə danışılanların bu nazirliyimizin strukturlarında şüarçılıqdan başqa bir şey olmadığını göstərir. Mən tərəflərdən kiminsə haqlı-haqsızlığını söyləyəcək qədər bilgiyə sahib deyiləm, sadəcə bir səfirliyin nümunəsində xarici siyasət müəssisəmizin acınacaqlı durumunu müşahidə edirəm. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?"