“Müstəqil dövlət olmağın ən ümdə şərtlərindən biri müstəqil siyasət apara bilməkdir” Siyasət

“Müstəqil dövlət olmağın ən ümdə şərtlərindən biri müstəqil siyasət apara bilməkdir”

Rafael Hüseynov: "Azərbaycan dövləti məhz kənar iradəyə və idarəyə tabe olmadan müstəqil siyasət aparır və daim inkişafdadır"

"Arzu edirik ki, Avropa Şurasının yaranıb fəaliyyət göstərdiyi ilk on illərdə ona xas olmuş prinsipiallıq, obyektivlik, ədalətlilik qurumun daim əsas iş prinsipi olsun. İkili standartlar siyasətinə son qoyulsun. Vahid ailə hesab edilən Avropa Şurasında digər üzv dövlətə qarşı işğal siyasəti aparan dövlətlər olmasın. Avropa Şurası belə hallara dözümlü yanaşmasın, ən sərt mövqe göstərsin. Avropa Şurasında təqdim olunan inkişaf hesabatları yalnız qazanılmış nailiyyətləri göstərməsin, buraxılmış ciddi qüsurları da etiraf etsin, onlardan qurtulmağın yollarını arasın". Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib. Millət vəkili qeyd edib ki, başlanan hər yeni il ilk növbədə, gələcəklə bağlı ümidlər, arzular deməkdir. Lakin həm də Avropa Şurasının həyatında vacib olan bir yubiley ili başlanıb. Ona görə də biz təşkilatımızın 70 yaşının bayram ediləcəyi bu ilə ikiqat ümidlərlə baxırıq. İstədiyimiz zahirən sadə görünən, amma illərcə qarşımızda ağır problem kimi dayanan suallardır. Deputat bildirib ki, Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatda Ermənistandakı parlament seçkiləri də nəzərdən keçirilib. Bu seçkilərə qiymət vermək, onun nə dərəcədə şəffaf, demokratik olduğunu söyləmək istəmir. Bu seçkilərdə seçicilərin yarıdan azının iştirak etməsi əhalidəki inamsızlıq, sönük fəallıq dərəcəsi haqqında kifayət qədər aydın siqnal verir. Seçkilərin gedişi və nəticələri ilə bağlı sosial şəbəkələrdə elə Ermənistanın öz vətəndaşlarının saxtakarlıqlar, müxtəlif əyintilər, kütləvi qanunsuzluq halları ilə bağlı faktlara əsaslanan çoxsaylı paylaşmaları heç də xoş olmayan mənzərə yaradır. Lakin Ermənistanda mühüm dəyişikliklər baş verib, illərdən bəri ölkədə mövcud olan kriminal rejim devrilib. İndi gedən proseslərin nə qədər ziddiyyətli olmasına baxmayaraq, qonşu ölkənin daxili və xarici siyasətində müsbət dəyişikliklər olacağına ümid bəsləmək istəyirik: "Başqa məqama diqqət çəkmək istərdim. Burada - Parlament Assambleyasında Ermənistanda əvvəllər keçirilmiş seçkilər də, ölkədəki demokratik təsisatların vəziyyəti də dəfələrlə müzakirə edilib. Xalqın artıq rədd etmiş olduğu, Ermənistan dövləti tərəfindən cinayətkar elan edilən keçmiş prezidentlər də vaxtilə bu mötəbər salonda kürsüyə qalxıblar. Biz onlarla bağlı kəskin tənqidi fikirlərimizi hər dəfə bildirmiş, bununla əlaqədar sənədlər hazırlamışıq. Lakin Avropa Şurasının Ermənistanda monitorinq aparan məruzəçiləri haray salan nöqsanları sanki görməmiş, ermənistanlı hüquq müdafiəçilərinin səslərini eşitməmiş, hər şeyin təxminən lap yaxşı olmasını göstərən məruzələr hazırlamışlar. İnkişaf hesabatlarında da hər dəfə seçkilər müsbət qiymətləndirilmiş, kriminal rejimin başında duran şəxslərin buradakı çıxışları zamanı onlar haqqında Avropa Şurası adından müsbət fikirlər ifadə edilmişdir. Bəs indi necə olsun? Tarixi silib atmaq olmur axı! O söylənilmiş, hazırlanmış hesabatların hamısı stenoqrafik şəkildə Avropa Şurası arxivində və bizim yaddaşlarımızda qalır. İndi Ermənistan özü - onun xalqı da, rəsmi rəhbərliyi də keçmiş rejimin cinayətkar mahiyyətini açıqca bəyan edir". R.Hüseynov deyib ki, vaxtilə burada Ermənistanla əlaqədar müsbət hesabatlar təqdim etmiş, əsl həqiqətləri təhrif etmiş, cinayətkar rejimlərlə həmrəylik nümayiş etdirmiş şəxslər barədə mövqe ortaya qoyulmalıdır. Bu, Avropa Şurasının nüfuzu məsələsidir. Səhvləri etiraf etmək də cəsarət nümunəsidir. Avropa Şurasında sistemli şəkildə buraxılmış bu qəbil son dərəcə köklü nöqsanlar mütləq etiraf edilməli, belə əməlləri törədənlərin adları çəkilməli, bütün bunları nəyin xatirinə etmiş olduqları açıqlanmalıdır. Azərbaycanlı deputat diqqətə çatdırıb ki, bu qətiyyətli addımı atmaq, hər şeydən öncə, belə halların bir daha təkrarlanmaması üçün çox vacibdir.
Millət vəkili qeyd edib ki, çox illərdir ki, bizim qış sessiyalarımız təxminən eyni vaxtda keçirilir və yanvarın 19-da, 20-də biz adətən yolda oluruq. Uzun yol isə həm də düşünmək üçün əlavə bir fürsətdir: "Hər dəfə bu uzun yolu qət edərkən xalqım, onun azadlıq, müstəqillik uğrunda əzablı mübarizələr tarixi haqqında həmişəkindən daha çox düşünürəm. Bu gün yanvarın 21-dir və düz 29 il əvvəl bugünkü gün Bakı qan içində idi. Yanvarın 20-də gecə saatlarında sovet hərbi hissələri Azərbaycan paytaxtına amansız müdaxilə etmiş, böyük qırğınlar törətmişdilər. Həmin dəhşətli gecənin qurbanları o qədər çox idi ki, Bakıda onların ayrıca bir məzarlığı yarandı.Hələ XX əsrin əvvəllərində müsəlman Şərqində ilk respublika qurmuş Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini belə qanlardan və qurbanlardan keçərək bərpa etdi. Əlbəttə, xalqımıza belə baha başa gəlmiş dövlət müstəqilliyimizin qədrini biz çox yaxşı bilirik və müstəqilliyimizə istənilən müdaxilə cəhdinə qarşı səsimizi qaldırmağa, müqavimət göstərməyə hər zaman hazırıq". O, bildirib ki, müstəqil dövlət olmağın ən ümdə şərtlərindən biri müstəqil siyasət apara bilməkdir. Azərbaycan dövləti məhz kənar iradəyə və idarəyə tabe olmadan müstəqil siyasət aparır və daim inkişafdadır. Son illər Azərbaycanda olanlar bu tərəqqinin bilavasitə şahidi olublar. Azərbaycanda olmayıb elə uzaqdan ölkə ilə maraqlananlar isə statistik göstəricilər əsasında, rəqəmləri dünya ilə müqayisə edərək bu inkişafın necə intensiv getdiyini görə bilərlər. Azərbaycanın yerləşdiyi son dərəcə mürəkkəb geosiyasi vəziyyəti, regionla bağlı maraqlar toqquşmasını nəzərə alsaq, bunun nə qədər ağır bir iş olduğunu təsəvvür etmək çətin deyil: "Aydındır ki, belə bir müstəqil siyasətə və inkişafa maneçilik törətmək istəyən qüvvələr az deyil. Təbii, bu sırada regionda öz təsir imkanlarını genişləndirmək, Azərbaycanın enerji resurslarına nəzarət imkanlarını artırmaq məqsədi güdən qüvvələr üstünlük təşkil edir. Müəyyən mənada onların məntiqini başa düşmək mümkündür. Anlaşılması müşkül olan və təəccüb doğuran, Azərbaycanla əməkdaşlıq edən, Azərbaycandan faydalar görən və eyni zamanda, Azərbaycan əleyhinə müəyyən hərəkətlərə bu və ya digər dərəcədə dəstək verənlərdir. Axı, eyni zamanda, həm dost olmaq, həm də dost olmamaq mümkün deyil. Doğru seçimini etmiş, məhz səni seçmiş, amma başqa seçim imkanı olanı incik salmaq arzuolunmaz nəticələrə də gətirib çıxara bilər".
Deputat qeyd edib ki, Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır. Avropa üçün enerji təhlükəsizliyi məsələsi, eyni zamanda, onun bir sıra siyasi təhdidlərdən xilas olması deməkdir. Bütün bunlar aydın həqiqətlər olduğu halda Azərbaycana qarşı addımlar atılması, ikibaşlı oyunlar oynanılması, belə cəhdlərin bir çox hallarda guya demokratiyanın müdafiəsi pərdəsi altında aparılması xoşagəlməz cəhətlərdəndir: "Avropa Şurasının 70 yaşı tamam olur və bu, müdriklik həddi sayılan bir yaşdır. Azərbaycan bu əsrin əvvəlindən Avropa Şurası ilə birgə addımlayır və demokratik dəyərlərə də sadiqdir. Biz Avropa Şurasını bir məktəb sayırıq və öyrənməyə də həmişə hazırıq. Amma demokratiya dərslərini kriminal keçmişli, bəsit düşüncəli, Azərbaycan cəmiyyətinin rədd etmiş olduğu, mədəniyyəti və intellekti dayaz, xaricə sığınaraq muzdla Azərbaycan dövləti əleyhinə təhqirlər və böhtanlar yağdırmağı özlərinə peşə seçmiş çürük şəxslərin vasitəsilə verməyə çalışmayın. Dəvət etdiklərinizi, münbit şərait yaratdıqlarınızı görürük və təəssüflənirik. Axı, biz sizi daha yüksək qiymətləndiririk, axı, biz sizi bu oturub-durduqlarınızdan üstün hesab edirik. Özünüz özünüzə hörmət edin".