“Problemlərin həllini sürətləndirməkdən ötrü ihəyata keçirilən islahatların sürəti...” Siyasət

“Problemlərin həllini sürətləndirməkdən ötrü ihəyata keçirilən islahatların sürəti...”

Əli Məsimli:"Üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır"

"2017-ci ildə əhali gəlirlərinin artımı inflyasiya tempindən 2 dəfə geri qaldığından, əhalinin güzəranını xarakterizə edən real gəlirlər aşağı düşüb. Onun sözlərinə görə, 2018-ci ildə inflyasiyanın orta hesabla 2,3 faiz artımı fonunda əhalinin nominal gəlirləri 9 faiz yüksəlib". Bu fikirləri Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli deyi: "2018-ci ildə sadalanan istiqamətlərə müsbət meyllərin yaranması bu il iqtisadi artım templərinin bir qədər də artırılmasına müəyyən əsaslar yaradır. Amma proqnozlaşdırlan 3,6 faiz artımdan daha yaxşı nəticələrə nail olunması həm qlobal ticarətdə proteksionizmin və ticarət müharibələrinin vüsət aldığı bir zamanda xarici şokların ölkə iqtisadiyyatına təsirlərinin neytrallaşdırılması dərəcəsindən, həm də makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və ölkədə yığılıb qalmış problemlərin həll sürətindən asılı olacaq. Problemlərin həllini sürətləndirməkdən ötrü isə həyata keçirilən islahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır. Ona görə də Azərbaycan üçün çox şey xeyli dərəcədə dünya bazarında neftin qiymətinin büdcə proqnzlaşdırılması zamanı bir barrel üçün götürülmüş 60 dollardan nə dərəcədə kənarlaşmasından və ortalama hansı səviyyədə olmasından və bir də həyata keçirilməyə başlanan islahatların daha da genişləndirilməsi, dərinləşdirilməsi və səmərəlilik dərəcəsindən asılı olacaq". Millət vəkili deyib ki, Azərbaycanın hazırkı yavaşımış artım templərindən yenidən öz potensialına layiq templərlə artım trayektoriyasına çıxmasından ötrü cəmiyyət həyatının bütün sahələrində sistemli islahatlara, idarəetmənin fəlsəfəsini əsaslı surətdə dəyişdirib, müasir mərhələdə rəqabətə davamlı səviyyədə səmərəli fəaliyyət göstərə bilən iqtisadi sistemin formalaşmasına yönəltməyə böyük ehtiyac var: "Ona görə də hazırda iqtisadi artım templərinin yenidən yüksəlməsinə mane olan amillər içərisində idarəetmənin təşkilatı strukturunun müasir tələblərə cavab verməməsi xüsusi yer tutur. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində xüsusi vurğulayıb: "İdarəetmədə struktur köhnəlib. Daha çevik, daha yığcam, daha məqsədyönlü yeni idarəetmə strukturu olmalıdır. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər". İdaretmə aparatı həqiqətən də çox şişirdilib və vəziyyətin getdikcə mürəkkəbləşdiyi hazırkı mərhələdə səmərəli fəaliyyət göstərmək imkanları tükənib. 2019-cu ilin büdcə xərclərində ümumi dövlət xidmətləri üzrə xərclər 3,9 milyard manata çatıb ki, bu da müdafiə xərclərindən 13 faiz, təhsil xərclərindən 70 faiz, sosial müdafiə, sosial təminat xərclərindən 48 faiz, səhiyyə xərclərindən 3,7 dəfə çoxdur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması, dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirdiyi islahat xarakterli addımları müsbət qiymətləndirir və davamlı olmasını arzulayırıq". Əli Məsimlinin sözlərinə görə, ötən il keçirilən prezident seçkilərindən sonra başlanan islahatların, xüsusən də struktur islahatlarının bu il daha intensiv templərlə davam etdirilməsini təqdir edir: "Dövlət idarəetmə sistemindəki lüzumsuz strukturların ləğvi, eyni funksiyanı yerinə yetirən qurumlarda paralelçiliyin aradan qaldırılması, bir-birinə yaxın olan qurumların birləşdirilməsi istiqamətində atılan addımlar genişləndikcə, dövlət büdcəsi vəsaitinə bu yöndə edilən qənaətin də məbləği artacaq və nəticədə struktur islahatları daha çox büdcə vəsaitinə qənaət etməyə imkan verəcək. Bunu dolğun şəkildə reallaşdırmaqdan ötrü obyektiv araşdırmalar aparıb, optimal variantda həlli vacib olan xeyli ciddi problemlərin həllində nəzərəçarpan irəliləyişlərə nail olmaq lazımdır. Belə ki, həyata keçirilən struktur islahatlarının səmərəlilik dərəcəsini artırmaqdan ötrü, obyektiv tələbata çevrilən şərtlər içərisində bayaq qeyd etdiyimiz kimi, islahatların cəmiyyət həyatının bütün tərəflərini əhatə etməsi, kompleks xarakter daşıması, idarəetmənin təşkilatı strukturunun təkmilləşdirilməsinə yönəlik islahatların iqtisadi azadlıqların və şəffaflığın artırılmasına, səmərəli olsun deyə, həyata keçirilən islahatlar neft amilinin aparıcı roluna əsaslanan modeldən yeni iqtisadi modelə - insan amilinin aparıcı roluna əsaslanan innovasiyalı inkişaf modelinə transformasiya üçün şərait yaratmalıdır. Bundan ötrü, Azərbaycanın yeni iqtisadi modelinə uyğun vahid strategiyanın həyata keçirilməsi çox vacibdir...".