Heç kimə kənardan səbəbsiz yerə pul verilmir Siyasət

Heç kimə kənardan səbəbsiz yerə pul verilmir

Azərbaycanda prezident seçkiləri bir ildən azdır ki, keçirilib. İddiası olan prezident seçkilərində iştirak edərdi. Növbəti seçki 2025-ci ildə olacaq.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov qeyd edib ki, normal cəmiyyətdə, dövlətinin qədrini bilənlərin olduğu cəmiyyətdə insanlar heç zaman aranı qarışdırmağa, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün xaricdən sifariş alan qüvvələrə dəstək verməyə razı olmaz:
"Yoxsa 10-15 adamı ətrafına yığıb polislə toqquşmaya girmək, gərginlik yaratmaq, qrant almaq, ehtiyacı olan insanlar arasında bölüb onları şirnikləndirmək xalqa xəyanətdən başqa bir şey deyil. Heç vaxt heç kimə kənardan səbəbsiz yerə pul verilmir. Əgər pul verilirsə, onun əvəzinə nə isə istəyirlər. İstədikkəri də odur ki, Azərbaycanda hakimiyyət zəifləsin, yaxud onların yaxınları hakimiyyətə gəlsin və Azərbaycanın neftini, sərvətini aparsınlar. Azərbaycan xalqı isə ac, səfalət içində yaşasın".
Bazş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti kifayət qədər uğurlu siyasət həyata keçirir: "Azərbaycan dövləti bu gün vətəndaşları üçün edə biləcəyi hər şeyi edib".
Əli Əhmədov bildirib ki, Azərbaycan 1990-cı illə müqayisədə çox dəyişib: "1990-cı ilin əvvəllərində Azərbaycanda dərəbəylik hökm sürürdü, ölkə böhran içində idi, insanlar təhlükəsiz şəraitdə yaşadıqlarını hesab etmirdilər. Milli iqtisadiyyat tamamilə çökmüşdü. İnsanlar evlərindən çıxanda geriyə qayıdacaqlarına inanmırdılar. Bu gün isə bizim gənclərimiz, vətəndaşlarımız ölkəmizdə görülən müsbət işlərin dəyərini bilməlidirlər. İndi Azərbaycanda sabitlik, əmin-amanlıq var. O zaman Azərbaycanda əhalinin sayı 7 milyon nəfər idi, indi isə 10 milyona yaxın olub. Ermənistanda isə əhalinin sayı azalıb. Bütün bunlar Azərbaycanın düzgün siyasət yürütdüyünə görə olub".
Baş nazirin qeyd edib ki, bütün dövlətlər bu və ya digər dərəcədə təzyiqlərə məruz qalıb. Azərbaycan da belə təzyiqlərə məruz qalıb və kənardan yenə də bu təzyiqlər var: "Dövlətimiz daxildən güclü olmasa, yenə də kimsə onu daxildən sarsıda bilsə, bu, 1992-ci ildəki faciələrə gətirib çıxarar. Yenə də kimsə Azərbaycanın neftini, qazını ələ keçirmək istəyəcək, yaxud torpağımızla, xalqla bağlı hansısa niyyətlərini həyata keçirmək istəyəcəklər. Amma vətəndaşlar dövlət ətrafında sıx birləşsə, belə olmaz".