“İranın region siyasətində balans hansı bir tərəfə pozulubsa...” Siyasət

“İranın region siyasətində  balans hansı bir tərəfə pozulubsa...”

Mübariz Əhmədoğlu: "Hökmən əks istiqamətdə də balansı pozmalıdır"

"Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın Arazqırağı Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı diqqət çəkən bir versiya ortalığa çıxdı. "Reqnum" agentliyinin əməkdaşı Stanislav Tarasov Ermənistanın işğal olunmuş ərazilərdə Araz boyunca İranla sərhədi möhkəmləndirməyə məcbur olduğu fikrini irəli sürdü.
Tarasov kifayət qədər ermənipərəstdir. Tarasov "Reqnum" İnformasiya Agentliyinin rəhbəri Modest Kolerovla birlikdə Dağlıq Qarabağ təmsilçiləri ilə Araz çayının İran tərəfinə keçib və İran rəsmilərindən biri ilə görüşən şəxslərdən biridir". Bunu politoloq Mübariz Əhmədoğlu deyib.
O bildirib ki, Tarasov İranda gedən prosesləri bilir: "Tarasov bilir ki, İranın region siyasətində balans hansı bir tərəfə pozulubsa, hökmən əks istiqamətdə də balansı pozmalıdır. Ona görə bunun ən əyani nümunəsi Ərdəbilin imamcüməsi Seyid Həsən Amilinin Paşinyanın İranda ermənilərlə görüşdən sonrakı cümə namazında etdiyi moizədir. İranın cümə moizələrində dini məzmundan başqa istənilən mövzu Ali rəhbərin ofisi ilə razılaşdırılır. Amili İranın Dağlıq Qarabağ məsələsində mövqeyinin dəyişmədiyini bildirdi. Bu mövzuda uzun bir moizə etdi. Allahdan istədi ki, Azərbaycanın işğal olunmuş ərazilərində cümə namazı qılsın".
"Cümə namazı böyük bir toplum müsəlmanın öndə hansısa dini rəhbərin liderliyi ilə qılınan namazdır", - deyə bildirən siyasi şərhçi deyib ki, indi Amili də Allahdan belə namaz rica edir: "Görünür, Vanetsyanın İranın daxilində gedən proseslərdən xəbəri var və ona görə də Füzuli-Cəbrayıl istiqamətində işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. Guya torpaq verməyə hazırlaşmadıqlarını nümayiş etdirmək istəyirmiş. Amma Vanetsyan bilirdi ki, Araksavan qəsəbəsinin tikintisi hələ Sərkisyanın hakimiyyətə yeni gəldiyi dövrdə başlanmışdı. Vanetsyan bunu bilə-bilə danışdığı yalanı erməni xalqına ünvanlaya bilməzdi. Əslində yalan danışmaqda məqsədi gəlişinin səbəbini gizlətmək idi. Vanetsyanın fikrincə, Azərbaycanda və İranda o qəsəbənin nə vaxtdan salındığını unudublar".
Politoloq Mübariz Əhmədoğlu sonda deyib: "Paşinyan hökumətinin Ərdəbilin imamcüməsi Amilinin 50 nəfərlik namaz dəstəsindən qorxması kifayət qədər diqqəti cəlb edir. Söhbət təkcə onlara qarşı atəş aça bilməmələrindən deyil, həm də həmin istiqamət üzrə müdafiənin hədsiz zəif olmasından gedir. Amili və onun dəstəsi yüngül texniki imkanlara əl atmaqla Araz çayını keçib, Dağlıq Qarabağ ərazisində cümə namazı qıla bilərlər. Bunun artıq beynəlxalq əks-sədası hədsiz çox böyük olacaq. Ermənilər də izah verməkdə hədsiz çətinlik çəkəcəklər".