FHN-də tədbir keçirilib Siyasət

FHN-də tədbir keçirilib

10 May

Dünən Fövqəladə Hallar Nazirliyində (FHN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı və Heydər Əliyev Fondunun yaradılmasının 15-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə, nazirliyin kollektivi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri qoyulub.
Tədbir Dövlət Himninin səslənməsi ilə başlanıb.
Tədbirdə Heydər Əliyevin ömür yolundan danışan fövqəladə hallar naziri, general-polkovnikKəmaləddin Heydərov deyib ki, Naxçıvanın ağır dövründə Heydər Əliyev gəlməsəydi, Naxçıvan Ermənistan tərəfindən işğal təhlükəsi ilə üz-üzə qalacaqdı.
Kəmaləddin Heydərov müstəqilliyin ilk illərində Azərbaycanın ağır durumda olduğunu xatırladıb: “1993-cü ildə xalqın çağırışı ilə Bakıya qayıdan Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladı, Ermənistanın işğalı dayandırıldı, sabitlik və inkişafın əsası qoyuldu. Bu gün məhz o möhkəm təməlin üzərində Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirir”.
Nazir vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin ilk illəri yeni yaranan bir çox dövlətlərlə müqayisədə faciəvi olub: “Bir tərəfdən səbatsız, bir-biri ilə çəkişən rəhbərlər, digər tərəfdən, Ermənistanın işğalı reallığı vardı. Heydər Əliyev dahi bir insan kimi Azərbaycanı bəlalardan xilas etdi, gələcək yol xəritəsini müəyyənləşdirdi. Biz həmişə Heydər Əliyevə minnətdar olmalıyıq. Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də olacaq".
Kmaləddin Heydərov Heydər Əliyev Fondunun yaranmasının 15-ci ildönümü olduğunu da xatırladaraq,Fondun əməkdaşlarının, Fondda çalışanların fəaliyyətini yüksək qiymətləndirib: "Heydər Əliyev Fondunu Mehriban xanım Əliyeva qurub. Mən elə bir Fond tanımıram ki, əhaliyə bu qədər xidmət göstərsin. Azərbaycanın inkişafında Heydər Əliyev Fondunun dəstəyi inanılmazdır. Mən fürsətdən istifadə edərək, həm Prezident İlham Əliyev, həm də Mehriban Əliyevaya bizə göstərdikləri dəstək və qayğıya görə təşəkkür edirəm. Şamaxı, İsmayıllı, Ağsu zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun könüllüləri gəldi, bizim işlərə kömək etdi. Fond bir çox ev və sosial obyektin tikilməsini öz üzərinə götürdü. Bu, çox böyük diqqət, dəstəkdir”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, tarixi yaradanlar, tarixi quranlar və tarixi öyrənənlər var: “Buradakı insanların çoxu həmin tarixi görüb. Biz Ümummilli Liderin fəaliyyəti dövründə yaşamışıq, çalışmışıq, xalqımızın, dövlətimizin möhkəmlənməsinə töhfə verməklə yanaşı, təcrübə toplamışıq. Dünyada bu gün baş verən proseslərə baxanda görürük ki, Azərbaycanın bəxti onda gətirdi ki, Heydər Əliyev ölkəyə qayıtdı.Əvvəl Naxçıvanı, sonra isə Azərbaycanı xilas etdi”.
Siyavuş Novruzov nəzərə çatdırıb ki, Azərbaycan SSRİ-dəki 15 respublika arasında müstəqilliyini 14-cü elan edib: “Azərbaycanın müstəqillik tarixi, ənənəsi vardı və ən azı ikinci, üçüncü olaraq SSRİ respublikaları arasında müstəqil dövlət kimi elan olunmalı idi. Səriştəsiz insanların gözləmə mövqeyi nəinki müstəqilliyimizin gec elan olunmasına, ölkənin acınacaqlı duruma düşməsinə, torpaqlarımızın itirilməsinə səbəb oldu. Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı, bugünkü nailiyyətlərimiz indikindən 20 dəfə artıq olardı. Heydər Əliyev zamana qalib gələn şəxsiyyət idi. Zamana qalib gəlmək üçün qabağı görməli və cəsarətli addımlar atmalısan. Heydər Əliyev zamanı qabaqladı, Azərbaycanın inkişaf strategiyasını müəyyən etdi. Heydər Əliyev olmasaydı, əsrin əvvəlində olduğu kimi, Azərbaycan parçalanmalı, ayrı-ayrı dövlətlərin tərkibində olmalı idi. Azərbaycan SSRİ respublikaları arasında 14-cü müstəqilliyini elan etməsinə baxmayaraq, onlar arasında ən yaxşı vəziyyətdə olan respublikadır. Azərbaycanın müstəqilliyi və dövlət quruculuğunda Heydər Əliyevin misilsiz rolu var”.
Siyavuş Novruzov FHN əməkdaşlarının da daim dövlətə sədaqətlə xidmət etdiklərini vurğulayıb: "Kür vəAraz çaylarının törətdiyi daşqınların, zəlzələlərin nəticələrinin aradan qaldırılması, yanğınların qarşısının alması, Bakıda ticarət mərkəzində baş verən son yanğında bir insanın belə xəsarət almaması FHN-in uğurlu xidmətinin nəticəsidir. Eyni zamanda onu mütləq vurğulamalıyam ki, nazirKəmaləddin Heydərovun rəhbərlik etdiyi sahədə dövlətə, Prezidentə sədaqət, xidmət var. İnsanın fəaliyyəti tutduğu vəzifədən deyil, onun şəxsiyyətindən asılıdır. FHN Prezidentin fərman və sərəncamlarını yüksək səviyyədə həyata keçirir. Mən mütləq FHN əməkdaşlarının başqa ölkələrdə təbii fəlakətlərin qarşısının alınmasında iştiraklarını da qeyd etməliyəm. FHN-nin Prezidentə, dövlətə sədaqətli xidməti Şamaxı-İsmayılı bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması, vətəndaşlarda dövlətə inam yaradılmasında da özünü döstərir. Əminəm ki, bu kollektiv hər zamanPrezidentin ətrafında səfərbər olacaq və dövlətə, Prezidentə ləyaqətlə xidmət edəcək".