Novruz Məmmədov  Aşqabadda səfərdədir Siyasət

Novruz Məmmədov  Aşqabadda səfərdədir

"Türkmənistan ilə Azərbaycanın böyük neft-qaz ehtiyatları Avrasiya ölkələrinə enerji daşıyıcılarını uzun müddət tədarük etmələrinə əlverişli zəmin yaradır".

“TDH” xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB üzv ölkələrinin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Aşqabada gələn Azərbaycanın Baş Naziri Novruz Məmmədovla görüşü zamanı deyib.

“Qədim zamanlardan Böyük İpək Yolunun bir-birinə bağladığı bu iki ölkənin coğrafi mövqeyi Şimal – Cənub, Şərq – Qərb kimi qitəaşırı tranzit nəqliyyat dəhlizlər ilə bağlı layihələrdə mövqelərini birləşdirmələri baxımından əlverişlidir. Müasir nəqliyyat və logistika infrastrukturuna, o cümlədən Xəzər sahillərində dəniz limanlarına malik olan Türkmənistanla Azərbaycan ən qısa marşrutlarla çevik, iqtisadi baxımdan sərfəli yükdaşımaları həyata keçirə bilər”, – dövlət başçısı bildirib.

İki ölkə arasındakı ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı müzakirələr aparan Türkmənistan prezidenti və Azərbaycanın baş naziri iqtisadi-ticarət, o cümlədən enerji sahələrində səmərəli tərəfdaşlıq üçün böyük imkanların olduğunu qeyd ediblər.

Xatırladaq ki, Xəzərin hüquqi statusuna dair Konvensiya imzalandıqdan sonra Türkmənistan Azərbaycana uzanacaq Transxəzər qaz kəmərinin inşasında maraqlı olduqlarını dəfələrlə bildirib. Belə ki, bu layihə Türkmənistanın Cənubi Qaz Dəhlizi layihəsinə qoşularaq öz təbii qazını Avropa bazarlarına azı 30 il ərzində ixrac etmək üçün geniş imkanlar açacaq.

Yeri gəlmişkən, MDB dövlət başçılarının görüşü oktyabrın 11-də baş tutacaq. Bunu jurnalistlərə açıqlamasında MDB-nin İcraçı katibi Sergey Lebedev deyib.

O, görüşün Aşqabadda keçiriləcəyini bildirib.

Lebedev görüşdə vacib qərarların qəbul ediləcəyini vurğulayıb.