ABŞ Ermənistana isti münasibət göstərir Siyasət

ABŞ Ermənistana isti münasibət göstərir

“ABŞ-Ermənistan münasibətlərində ciddi dinamika və keyfiyyət dəyişikliyi var. Dünya Bankının Vaşinqton ofisinin təmsilçisi Eva Melisin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri, hətta Ermənistan Ombudsmanı ilə görüşməsi ABŞ-ın Ermənistanla çox ciddi münasibətlər qurmasının göstəricisidir”.

Bunu politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, ABŞ Dövlət Katibinin yardımçısının müavini Corc Kent regiona səfər turnesində Ermənistanda olub: “Onun Ermənistana səfəri Azərbaycan və Gürcüstan səfərlərindən müəyyən qədər fərqləndi. O, Ermənistanla ABŞ arasında iqtisadi əməkdaşlığa əsas yaradan sənədlər imzalandı. Eləcə də ABŞ-ın Ermənistandakı ticarət palatası “Ermənistanın kiçik və orta sahibkarlığın inkişafı milli mərkəzi” ilə kiçik və orta sahibkarlığa yardım haqqında memorandum imzaladılar. Bunlar, görünür, bu vaxtadək nəzərdə tutulmayan məsələlərdir. C.Kent Ermənistanın ABŞ-a doğru qayıdacağına ümidlidir. Görünür Boltonun səfəri Ermənistan üzrə indi nəticə verməyə başlayıb. ABŞ-ın Ermənistandakı səfiri L.Treysi ölkəsinin Ermənistanın iqtisadi inkişafına dəstək verməyə hazır olduğunu deyib. O, 1992-ci ildən etibarən Ermənistana 2 milyard dollardan çox yardımın edildiyini bildirib. Səfir Ermənistanın İranla əlaqələrinin dayandırılmasını ABŞ-ın xahiş etmədiyini qeyd edib. Səfirin fikrincə, Ermənistan tarixən Rusiya, dəyərlər sisteminə görə isə Qərblə bağlıdır. L.Treysi demokratiyanın Ermənistandakı vəziyyətinə də çox yüksək qiymət verdi: “Demokratiya Ermənistanda heç vaxt indiki qədər güclü olmayıb”. C.Kent Ermənistanın ABŞ-dan silah alınması məsələsində irəliləyişin olmadığını da bildirib. Bunu Müdafiə naziri D.Tonoyan da təsdiq edib. Hələki N.Paşinyanın ABŞ-a səfəri, D.Trampla görüşü barədə heç bir məsələlərin razılaşdırılmadığını bildirib”.

M.Əhmədoğlu vurğulayıb ki, C.Kentin iştirakı ilə Ermənistanla ABŞ-ın arasında iqtisadi inkişafı stimullaşdırmaqdan ötrü 16 milyon dollarlıq müqavilə imzalanıb: “C.Kent və Ermənistanın xarici işlər nazirinin müavini Qriqor Ovannesyan Ermənistan-ABŞ strateji dialoqunun iclasını keçirdilər. N.Paşinyan C.Kenti qəbul edərkən Ermənistanın ABŞ-la münasibətlərini yeni keyfiyyət mərhələsinə qaldırmaq niyyətini açıqlayıb. Kaliforniya ştatının senatı Ermənistanla ticarət əlaqələrinin bərpası haqqında qanun layihəsini qəbul edib. Kaliforniya ən qatı ermənipərəst ştatdır. Bu ştatın Ermənistanla ticarət əlaqələrini nə vaxt dayandırması barədə məlumat yayılmayıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Vaşinqton ofisinin rəhbərinin müavini Aleksey Sokolovskinin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda oldu. Onlar Baş nazirin müavini M.Qriqoryanla görüşüb, Beynəlxalq İnkişaf Agentliyi ilə Ermənistan arasında əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını bildirdilər: ABŞ hökuməti Ermənistan hökuməti ilə əməkdaşlığa sadiqdir və Ermənistanın demokratik və iqtisadi islahatlarına dəstək verməyə hazırdır. “Atlantic Council”un tədqiqatına görə, sosial şəbəkələrdə Ermənistana, xüsusilə N.Paşinyana qarşı mübarizə aparan qrupların izi Rusiyaya gedib çıxır. Əslində, bu, ABŞ-ın Paşinyan hökumətinə siyasi dəstək verməklə bağlı siyasi iradəsinin göstəricisidir”.