
Vahid Qazi: "Azərbaycanlı İcmasının rəhbəri Qarabağın siması olmalıdır"
Elman Cəfərli: "5 milyonluq villa almışam, yaxşı eləmişəm" deyən məsuliyyətsiz adamın belə bir postda qalması doğru deyil"
Elxan Salahov: "Onun ictimai fəaliyyəti daha çox sahibkar-biznesmen maraqları olan oliqarx təəssüratı yaradır"
Xalid Vahidoğlu: "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasını təmsil edən şəxsin bu bölgədən olması yeganə şərt olmamalıdır"
Naibə Qurbanova: "Bahalı villalarını satıb məcburi köçkünlərə xeyriyyə məqsədilə yardım edərsə..."
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun mətbuata verdiyi müsahibə birmənalı qarşılanmayıb. Onun müsahibəsinrə bir də nəzər salaq.
Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?
- Qələt edirlər. Bu, mənim şəxsi işimdir.
- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız?
- Nə olsun? Mən villa ala bilmərəm? Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var.
- Maaşınız buna imkan verir?..
- A kişi, gedin öz işinizlə məşğul olun.
- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.
- Mənim şəxsi işimə qarışa bilməzsiz.
- Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?
- Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam. - Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.
- İşləsəniz olar, sağ olun.
O, daha sonra "Axı mən nə edim? Mən jurnalistlərə qarşı hər zaman səmimi olmuşam. Ancaq bəzi jurnalistlər mənimlə səmimi olmur. İndi mən nə edim ki, nə danışıramsa, hamısını da yazırlar. İnsan gərək başqasının şəxsi həyatına, şəxsi işinə qarışmasın. O, mənim şəxsi işimdir. Mənim şəxsi işimə qarışmağa heç kimin səlahiyyəti yoxdur. Hər kəs gedib öz işi ilə məşğul olsa, daha yaxşı olar. Görün heç erməni jurnalisti öz icma rəhbəri barədə yazar ki, filankəs özünə villa alıb və sairə? Məgər villa almaq qəbahətdir? Hər kəsin özü şəxsi işi var. Bu isə mənim şəxsi işimdir. Nə alaram, nə sataram, özüm bilərəm",- deyə əlavə edib: "Qardaş, hamının evi-eşiyi olub. Mən də küçədə yaşamamışam, evim və bağım olub. Hər zaman zəhmətlə yaşamışam. Məni tanıyan adamlar da bunu yaxşı bilir ki, Bayram Səfərov hər zaman zəhmət çəkərək yaşayıb. Mən 1968-ci ildə rəsmi əmək fəaliyyətinə başlamışam. Mən 46 il ayrı-ayrı işlərdə çalışmışam və bu gün də bunu davam etdirirəm. Ömrümün sonuna qədər də xalqım, Vətənim və övladlarım üçün çalışacam".
Görəsən Qarabağlı jurnalistlər Bayram Səfərovun Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri funksiyasını yerinə yetirməsinə necə yanaşırlar?
Yazıçı-jurnalist Vahid Qazi diqqətə çatdırdı ki, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Qarabığn siması olmalıdır. Onun sözlərinə görə, Qarabağı Yasir Ərəfat kimi yerli icmanın sevimlisi, kənarda layiqli təmsilçisi olmalıdır. Qarabağın tarixini bilməli, bir neçə dildə danışmalı, diplomatik davranışı olmalıdır. Qarabağ kökənli o qədər belə adamlar var ki...".
Jurnalist Elman Cəfərli vurğuladı ki, "5 milyonluq villa almışam, yaxşı eləmişəm" deyən məsuliyyətsiz adamın belə bir postda qalması doğru deyil: "Qurban Qurbanov, Əmrah Çəlikəl, Rəşad Sadıqov, Maksim Medvedev Qarabağı bu kabab diplomatından daha yaxşı təmsil edirlər".
Jurnalist Elxan Salahov dedi ki, Bayram Səfərovun ictimai fəaliyyəti Qarabağ icmasının rəhbərindən daha çox sahibkar-biznesmen maraqları olan oliqarx təəssüratı yaradır. O, həmçinin əlavə etdi ki, işğal altında olan Qarabağın gözü sayılan Şuşa şəhərinə icra başçısı vəzifəsini daşıyan adam nə Qarabağın taleyi, nə də qarabağlıların güzəranı ilə məşğul deyil: "Mən, məcburi köçkün həyatı yaşayan yurdsuz-yuvasız vətəndaş kimi deyirəm. Hətta Bayram Səfərovun Bakının qulağının dibində yerləşən hansı qəsəbədə böyük heyvandarlıq təsərrüfatı olduğunu da bilirəm. Ən dəhşətlisi odur ki, Qarabağ icmasının rəhbərinin, əhalisi məcburi köçkün olan bir rayonun icra başçısı vəzifəsinin daşıyan bu şəxsin bu ferması elə həmin rayondan olan məcburi köçkünlərin gözü qarşısında, qarabağlıların kompakt ərazinin bir neçə metrliyində yerləşir. 21 ildir məcburi köçkün həyatı yaşayaraq Qarabağın - işğal olunmuş torpaqlarımızın azad ediləcəyini gözləyən bu insanlar Qarabağ İcmasının rəhbərinin, Şuşa şəhər icra hakimiyyəti başçısın hansı işlərlə məşğul olduğunu, necə fəaliyyət göstərdiyini öz gözləri ilə görür. İndi siz deyin, məcburi köçkün həyatı yaşayan bu insanlar Qarabağın işğaldan azad ediləcəyinə, icra strukturlarının məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşdığına dair vədlərə inanarmı? Verilən vədlər hara, faktiki fəaliyyət hara? Şəxsən mən bunun səmimiliyinə zərrə qədər də inanmıram və əminəm ki, işğal altında olan rayonların hamısının əhalisi bu cür düşünür. Çünki insanlar vədlərə yox, gördüklərinə inanır".
Jurnalist Rəsul Mirhəşimli bildirdi ki, Bayram Səfərovun Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri funksiyasının yerinə yetirməsini hiss edənlər azdır yəqin: "Onun 5 milyona villa alması xəbərindən sonra adam əməlli-başlı gündəmə gəlib. Villa ilə bağlı sorğuya, "əcəb eləmişəm" cavabı bəs edir ki, onun necə təmsilçi olması aydın olsun".
Jurnalist Xalid Vahidoğlu diqqətə çatdırdı ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun bu vəzifəni icra etməsini məncə ictimai fəal şəxslərdən başqa heç kim bilmir: "Bu şəxsin bu vəzifəyə uyğunluğunu isə düşünmürəm. Azərbaycanlı jurnalistlərin qarşısında Dağlıq Qarabağla bağlı suallara məntiqi cavab verə bilməyən şəxsin Dağlıq Qarabağın Azərbaycanlı icmasını necə təmsil edəcəyini təsəvvür etmək çətin deyil. Bu mənada düşünürəm ki, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasını təmsil edən şəxsin Bu bölgədən olması yeganə şərt olmamalıdır".
Jurnalist Naibə Qurbanova "sözün düzü, bu vəzifənin adı məndə ikrah doğurur - icma, yəni camaat",- deyə bildirdi: "Sanki bununla da elə Qarabağın ancaq icmadan ibarət olacağının möhürünü vurmuş kimi hiss edirəm. Hazırda bu vəzifənin özü formal xarakter daşıyır. Əslində isə belə olmamalıdır, çünki Qarabağ olmasa da, qarabağlılar ki var. Qarabağ icmasına kimin rəhbərlik etməsinə gəlincə, bu postda Qarabağ həqiqətlərini dünyaya çatdıra biləcək daha kreativ, dünyada baş verən-ictimai-siyasi hadisələrə baxışını sərgiləyə biləcək birinin olmasını istərdim, nəinki nəinki başı villa alverinə qarışan birisinin. Sözdə "Qarabağ bizimdir" dediyimiz, amma zaman etibarilə tarixi torpaqlarımızdan uzaqlaşdığımız bir vaxtda bağ-ev, torpaq alveri mövzusunda nəinki Bayram Səfərovun, eləcə də digər məmurların adını hallanması qəhrəmanlıq sayılmamalıdır. Bayram Səfərov indiki halda bahalı villalarını satıb məcburi köçkünlərə xeyriyyə məqsədilə yardım edərsə, hansısa tələbənin təhsil xərclərini üzərinə götürüsə, bu ləkədən daha tez qurtulmuş və hardasa funksiyasını yerinə yetirmiş sayıla bilər. Yalnız bu halda onun indiki statusu ilə fəaliyyətini davam etdirməsi narazılıq doğurmaya bilər. Düzdür, onun villa mövzusunda açıqlamaları hansısa qınağa, narazılığa səbəb olmadı, amma ictimai rəydə nüfuzuna təsirsiz ötüşmədi. Qeyd edim ki, Bayram Səfərov özü dəfələrlə şuşalıların, eləcə də məcburi köçkünlərin ona rəğbət bəslədiyini deyib. Ola bilər ki, həqiqətən onun qarabağlılara xüsusi sayğısı var deyə, camaatdan səs çıxmadı".
Jurnalist Elgün Mənsimov sadəcə deyə bilərəm ki, mənə kobud adam təsiri bağışlayır"- deyə əlavə etdi: "Ola bilər ki, mətbuata qarşı kobuddur. Şəxsən tanımıram, dolayısı ilə də haqqında maraqlanmamışam".
Əli