
Səfir Elman Zeynalov: "Dərslikdə yol verilən nöqsan Latviyanın rəsmi mövqeyini ifadə etmir"
Latviya səfiri: "Latviya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb"
Azərbaycanın Latviyadakı səfirliyi bu ölkənin orta məktəb üçün nəzərdə tutulan "Yeni dünya coğrafiyası" dərsliyində Azərbaycanın ərazi bütövlüyü məsələsində yol verilən nöqsanları araşdırır.
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov APA-ya açıqlamasında deyib ki, səfirlik bu məsələ ilə çox ciddi məşğuldur: "Fikir versəniz, dərsliklə yazılıb ki, "Dağlıq Qarabağ Respublikası" Azərbaycanın tərkibində olan bir respublikadır, üstəlik Stepanakert sözünün yanında Xankəndi yazılıb, küncdə də Azərbaycanın kiçik bayrağı yerləşdirilib. Amma bu bizi qane etmir, çünki orada dünya tərəfindən tanınmayan rejimin bayrağı göstərilib. Bununla bağlı biz gürcülər və moldovalılarla birgə iş aparırıq, çünki dərslikdə Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazi də bu cür təqdim olunub".
E. Zeynalov bildirib ki, dərslikdə yol verilən nöqsan Latviyanın rəsmi mövqeyini ifadə etmir: "Bir neçə il əvvəl Latviyada xəritə nəşr olunub və yenə belə bir nöqsana yol verilib. Amma o zaman da bildirilib ki, bu, Latviyanın mövqeyini əks etdirmir, Azərbaycan ərazi bütövlüyü Latviya tərəfindən dəstəklənir və dəstəklənəcək".
Qeyd edək ki, Latviyanın orta məktəblər üçün nəzərdə tutulan "Yeni dünya coğrafiyası" dərsliyində Azərbaycanın işğal altındakı əraziləri Azərbaycanın tərkibində olan "Dağlıq Qarabağ Respublikası" kimi təqdim olunub və orada yaradılan qondarma rejimin bayrağı yerləşdirilib.
Latviyanın Azərbaycandakı səfirliyi bu ölkədə nəşr olunan "Yeni dünya coğrafiyası" dərsliyində yol verilən nöqsana münasibət bildirib. Səfir Hardiys Baumanis açıqlamasında deyib ki, dərslik müstəqil nəşriyyat tərəfindən çap olunub və Latviya məktəblərində rəsmi tədris vasitəsi deyil: "Bəli, dərslikdə qeyd olunur ki, bu, tanınmayan dövlətdir və bu respublika Azərbaycan tərkibindədir. Müvafiq olaraq, Dağlıq Qarabağ barədə bütün məlumat Azərbaycan bölməsində verilir".
H.Baumanisin sözlərinə görə, səfirlik bu cür coğrafi ayırmaların dünya xəritələrində əks etdirilməsinin müəyyən anlaşılmazlıqlara gətirib çıxaracağı barədə nəşriyyata xəbərdarlıq edib: "Biz bunu onlara dedik və gələcəkdə bu cür səhvlərin baş verəcəyi təqdirdə də bu istiqamətdə müvafiq işlər aparacağıq".
Səfir vurğulayıb ki, Latviya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.