“Ermənistanlı deputatın Qarabağı "Artsax" adlandırılması qaçqın və köçkünlərimizə hörmətsizlikdir” Siyasət

“Ermənistanlı deputatın Qarabağı "Artsax" adlandırılması qaçqın və köçkünlərimizə hörmətsizlikdir”

“Azərbaycanda hər bir ölkə vətəndaşını əhatə edən çox nəhəng sosial layihələr həyata keçirilir. Ölkə rəhbərliyi vətəndaşının sadəcə bu günü deyil, sabahının da təmin edilməsi üçün, ölkədə rifah halının yüksəlməsi üçün analoqu olmayan addımlar atır”.

Bunu millət vəkili Jalə Əliyeva Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının 54-cü plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib: "QDİƏT PA 26 ildir ki fəaliyyətdədir. Mən 14 ildir bu təşkilatın üzvüyəm. Bu təşkilatda hər zaman dostluq, anlayış hökm sürmüşdür. Fikir və təkliflərə hörmətlə yanaşılmışdır. Əməkdaşlığımız bu təşkilatın daxili qaydaları, daxili nizamnaməsi çərçivəsində qurulmuşdur.

Bəli! Təşkilatın adı – iqtisadi əməkdaşlığı əhatə edir. Amma, gəlin qəbul edək ki, siyasi fəaliyyətlər və siyasi qərarlar olmadan iqtisadi nailiyyətlər əldə edilməsi mümkün deyil. Yəni, hər bir ölkənin iqtisadi rifah halı, inkişafı, həmin ölkədəki siyasi vəziyyətlə, o ölkədə mövcud olan stabillik, əmin-amanlıq, sülh şəraiti ilə birbaşa bağlıdır. Birimizin ölkəsində mövcud olan qeyr-stabil vəziyyət, münaqişələr, əlbəttə ki, sadəcə ölkələrimizi, xalqlarımızı təsir altına almaqla bitmir, bölgədəki vəziyyəti, hətta dünya düzənini təhdid edir.

Bizlər, Parlament üzvləri olaraq, bu kimi hallara son verilməsi üçün çözüm yolları axtarmaq, dünyamızın daha yüksək bir səviyyəyə çatması üçün buradayıq. Qurucu olmaq üçün buradayıq! Qırıcı olmaq üçün deyil!

Ölkələrimizin dünya toplumu tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş sərhədləri mövcuddur. Və bu sərhədlər bu gün də de-fakto dəyişmiş olsa da, de-yuri dəyişməz olaraq qalmışdır. Bu halda, qədim Qarabağ torpağının ermənistanlı deputat tərəfindən Arstax adlandırılması və guya Arstaxda “demokratik seçkiləri” keçirildiyini təşkilatın qarşısında elan etməsi, məncə, həm burada oturan təşkilat üzvlərinə, əzəli Azərbaycan torpağı olan Qarabağda 30 ildən çoxdur qaçqın və köçkün vəziyyətinə düşən 1,5 milyon soydaşımıza hörmətsizlikdir. Ən əsası isə, bu açıqlama BMT qətnamələrinə, insan hüquqlarına ziddir. Unutmayaq ki, erməni həmkarımızın adlandırdığı “Artsax” bu gün dünyanın heç bir tərəfindən, hətta Ermənistan tərəfindən də tanınmamaqdadır.

Toplantımızın mövzusu olan “Qara Dəniz hövzəsi ölkələrində işsizlik və onun aradan qaldırılması”na gəlincə, çıxışımın əvvəlində də dediyim kimi, ötən iclasda bu mövzuda geniş çıxış etdiyimiz və Təşkilatın Katibliyinə ölkəmizin ətraflı hesabatını təqdim etdiyimiz üçün məlumatları təkrarlamağa lüzum görmürük.

Azərbaycanda hər bir ölkə vətəndaşını əhatə edən çox nəhəng sosial layihələr həyata keçirilir. Ölkə rəhbərliyi vətəndaşının sadəcə bu günü deyil, sabahının da təmin edilməsi üçün, ölkədə rifah halının yüksəlməsi üçün analoqu olmayan addımlar atılır. Və bu nailiyyətlər Azərbaycanı sadəcə bölgənin deyil, həm də dünyanın üstün ölkələri sırasına çıxarır!"