“Liviya böhranında meydanda Türkiyə və Rusiya görünür” Siyasət

“Liviya böhranında meydanda Türkiyə və Rusiya görünür”

Məhəmməd Əsədullazadə: “Qərbin siyasətinə qarşı birgə fəaliyyət əsas faktorlardandır”

Türkiyə və Rsuiyanın vasitəçiliyi ilə Liviyia hökuməti ilə üsyankar Haftar arasında atəşkəs əldə olunmadı. Qeyd edək ki, Haftarın atəşkəs müqaviləsini imzalamadan Moskvanı tərk etməsi dünya mediasının da gündəmini zəbt edib. O, Moskvanı tərk edən kimi Tripolinin cənubunda yenidən toqquşmalara start verilib.
Niyə atəşkəs müqaviləsini imzalamadan Moskvanı tərk etməsini açıqlayan Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar ona təklif edilən variantda Liviya ordusunun bəzi tələblərinin nəzərə alınmadığını söyləyib.“Əl Ərəbiyyə” televiziyası Haftarın bu razılaşmanı Türkiyənin atəşkəsə nəzarət edən tərəf olmasına görə imzalamaqdan imtina etməsi haqqında məlumat yayıb. Haftar, həmçinin, Ankaranın Liviyadan əsgərlərini geri çəkməsini tələb edib.
Televiziya Moskvadan ayrıldıqdan sonra Haftarın Benqaziyə, Sərracın isə İstanbula getdiyi haqqında məlumat yayıb.
Qiyamçı Liviya Milli Ordusu parlamentinin spikeri Aqilə Saleh atəşkəsin başa çatdığını açıqlayıb. Spiker Suriya Sülh Hökumətinə qarşı savaşı davam etdirəcəklərini bildirib. Sülh Hökumətinə dəstək verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qiyamçı general Xəlifə Haftarın sülh sazişi imzalamaqdan imtina etməsinə sərt reaksiya göstərib. O, qiyamçı generalın silaha əl atacağı halda lazım olan dərsi alacağını deyib.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell isə Avropa Parlamentinin Strasburqdakı plenar iclasında deyib ki, Rusiya və Türkiyə hazırda Liviya məsələsində çox vacib rol oynayır.
Liviyadakı qanunsuz silahlı qüvvələrin lideri Xəlifə Haftarın atəşkəs barədə sənədi imzalamadan Moskvadan ayrıldığını xatırladan Borell qeyd edib: "Liviyada atəşkəsin təmin olunacağına zəmanət verə bilərəm".
Borell, həmçinin Aİ-nin Liviya ilə bağlı Berlin prosesini dəstəklədiyini söyləyib: "Bu gün avropalılar altı ay əvvəlkindən daha fəaldırlar, amma indi ruslar və türklər Liviya məsələsində çox vacib rol oynayır".
Onun sözlərinə görə, Liviya böhranı hərbi yolla həll edilməməlidir.
Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirdi ki, Yaxın və Orta Şərqdə Türkiyə Rusiya əməkdaşlığı bu coğrafiyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində müəyyən irəlləyişə gətirə biləcək bir proses ola bilər: “Hər iki ölkə bir-birlərinə güzəştə gedir və kompromis variantlar üzərində dayanırlar. Burada Putin və Ərdoğanın şəxsi münasibətləri, hər iki ölkənin regionda maraqlarına təhdid olan Qərbin siyasətinə qarşı birgə fəaliyyətləri əsas faktorlardandır.
Suriya böhranında tərəflərin əməkdaşlığı son aylarda Liviyada yaşanan vətəndaş müharibəsində tərəflərin nə qədər uzlaşacaqları sual olaraq qalırdı. Rusiya SSRI-nin varisi olaraq Liviyada öz geosiyasi maraqlarını təmin etmək üçün üsyançı Feldmarşal Xəlifə Haftara qeyri-rəsmi "Vaqner" özəl hərbi təşkilat vasitəsilə lojistik dəstək verir. Qəddafidən sonra yenidən burada möhkəmlənməyi qarşısına məqsəd qoyub. Türkiyədə Aralıq dənizində öz geosiyasi maraqlarını qorumaq və tarixi missiya olaraq Liviyaya yenidən qayıdaraq haqlı olaraq öz pioritetlərini müdafiə edir. Qeyd edim ki, Ankara BMT tərəfindən tanınan Sərrac hakmiyyətinin yanındadı”.
O deyib ki, Liviya böhranında əsas meydanda Türkiyə və Rusiya görünür və tərəflərin ortaq məxrəcə gəlməsi, Putinin bu ayın 8-də Türkiyə səfərində razılığın əldə olunması ilə nətəcələndi: 2Bu danışıqların nəticəsi olaraq Moskvada Sərrac hökuməti ilə üsyançı general Haftar arasında atəşkəs müqaviləsi bağlanması istiqamətində danışıqlar aparıldı. Qeyd edim ki, ABŞ və Avropa ölkələrinin bəziləri pərdəarxası general Haftara dəstək verir və onu Rusiyadan uzaqlaşdırmaq üçün danışıqlar aparırlar. Məhz Qərb Liviyada Türkiyə və Rusiyanın birgə fəaliyyətindən narahat olaraq tərəflərin Moskvada atəşkəs razılaşmasını Haftar vasitəsilə pozmuş oldu.
Qərbin birbaşa Haftarla danışıqları nəticəsində general atəşkəsə imza atmayaraq Moskvanı tərk etdi.
Ərdoğan öz hərbi kontingentini Liviyaya göndərib Haftara qarşı əməliyyata başlaması mümkündür. Rusiyada Haftardan əl çəkmək istəmir. Liviyada ciddi mürəkkəb vəziyyət yaşanır. Moskva ya Türkiyəni seçməli, ya da Haftarı. Haftarı seçərsə, Türkiyə əleyhinə hərbi fəaliyyətinə dəstək verərsə Rusiya Türkiyə əlaqələri pozulmuş olacaq. Bu da Qərbin planıdır.
Artıq, Ərdoğan Haftarı Putinin öhdəsinə buraxdı. Göründüyü kimi Liviyada suların durulması hələlik gözlənilmir”.
Rusiyalı politoloq Qriqori Lukyanov deyib ki, Türkiyə Liviya danışıqlarında razılaşma olmadığı təqdirdə, bu ölkədə hərbi baza yaratmaq və Liviya Milli Ordusunun (LNA) başçısı Xəlifə Haftara qarşı beynəlxalq koalisiya yaratmaq üçün addımlar atacaq. Ekspert Milli Sülh Hökumətinin (MSH) rəhbərliyi altında Liviyanın ən sıx məskunlaşma ərazilərinin olduğunu xatırladıb: “Təkcə Tripolidə təxminən 2.5 milyon insan yaşayır ki, bu da ölkə əhalisinin 40% -dən çoxunu təşkil edir. Onların insan çatışmazlığı yoxdur, ixtisaslı hərbi mütəxəssis çatışmazlığı var. Türkiyə bu çatışmazlığı ödəyə bilər, çünki onun vəzifəsi Milli Sülh Hökumətini nəyin bahasına olur olsun, qoruyub saxlamaqdır”. Lukyanov Türkiyənin Liviyadakı hərbi qüvvələrinin sayını artırmayacağını bildirib: “Lakin buna baxmayaraq, Liviya Milli Ordusunun qüvvələrindən MSH üçün hava örtüyü çətiri yarada biləcək. Rusiyanın Suriyadakı Xmeymim bazasına bənzər bir hərbi baza qurmaq istəyi zaman məsələsi olacaq”.
Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı isə diqqətə çatdırıb ki, "Türkiyə prezidenti Ərdoğanın partiyasının qrup toplantısında etdiyi çıxış əslində Türkiyə dövlətinin mövqeyidir və hadisələrin hansı şəkil almasından asılı olmayaraq Türkiyə Liviyada qayda qanun yaratmağa qərarlıdır: “Moskvada atəşkəslə bağı müqaviləni imzalamayıb iki gün vaxt istəyən qiyamçı general Hafter isə onu bu işə təhrik edənlərlə məsləhətləşmək üçün İstanbula gəlib. Qəribədir, o burda ABŞ diplomatik nümayəndəsi ilə görüşəcək. Demək Haftar uzun illər bağlı olduğu Amerika xüsusi xidmət orqanlarından məsləhət alacağını gizlətmir. O bir zamanlar Rusiyaya çalışdığını və zaman içərisində başqa bir gücə tabe olduğunu da açığa çıxarmışdır. Liviyanın başına belə bir adamın gətirilməsi o deməkdir ki, Liviya oyuncaq bir dövlətə çevriləcək və onun zəngin sərvətləri də bu güclərə təslim ediləcək. Bu durum isə Türkiyə üçün çox təhlükəli nəticələr doğura bilər. Liviya ilə Türkiyənin tarixi bağları var, düz deyir cənab Ərdoğan, burada böyük Mustafa Kamal Atatürk savaşmışdır, burada türk qanı axıdılmışdır, bu torpaqlar uğrunda şəhidlər verilmişdir. Burada yaşayan və ərəb olaraq bilinənlərin bir çoxları türklərdir. Bu məmləkət də onlarındır. İndi Türkiyəni köməyə çağırmışlar. Türkiyə isə gərəkən addımı atmışdır. Qiyamçılar bilirlər ki, burada Türkiyənin varlığı onların planlarını pozmuşdur. Çox qısa zamanda onlar başkəndi tutub istəklərinə nail olmaq, Liviyanın tamamını ələ keçirmək istəmişdilər. Amma Türkiyə buna mane oldu. Generalın danışıqlardan qaçması da, etdiyi açıqlamalar da Türkiyənin oyunpozan olduğunu həzm etməməsindəndir. Baxaq görək patronları hansı məsləhəti verəcək. Mən sanmıram ki, Türkiyə ordusuna qarşı hər hansı cəsarət göstərilə. Türkiyə buraya qan axıdılmasının qarşısını almaq üçün gəlib. Onu qanuni Liviya hakimiyyəti dəvət edib. TBMM tərəfindən yetki verilib. Həm də Türkiyənin bu bölgədə maraqları var. Dövləti, milli və ekonomik... Yox, əgər rəqiblər fərqli düşüncədə olsalar, şanlı Türk ordusu Hafter və onun muzdlu ordusunu yerlə yeksan edər. Eynən Trablusgarp savaşı zamanı olduğu kimi. Hafter üzərində Türkiyə həm hərbi, həm də diplomatik qələbə çalacağına əminəm. İki gün sonra hər şey məlum olacaq".