“Türkiyə bu gün olduğundan böyük görsənməyə çalışır” Siyasət

“Türkiyə bu gün olduğundan böyük görsənməyə çalışır”

"Çin kimi dövlət bu gün dünya siyasətində Türkiyə qədər iddialı danışmır"

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibə verib, onunla söhbətin dördüncü hissəsini təqdim edirik:
...Açıq şəkildə Kiyevə deyirlər ki, biz sənə kömək etməyəcəyik, ancaq sənin üstünə gələnə sanksiya tətbiq edəcəyik. Hər dəfə də bunu çıxıb nümayişkaranə şəkildə deyirlər ki, biz Ukraynaya hərbi yardım etməyəcəyik. Bununla da Ukrayna xalqını və hökumətini ruhdan salırlar, Ukraynanın üstünə gələn təcavüzkarı şirnikləndirirlər. Necə ki, bizdə də eyni addımı atdılar. Təcavüzkar Ermənistana sanksiya tətbiq etmək əvəzinə təcavüzə uğrayan tərəfə-Azərbaycana sanksiya tətbiq etdilər. Amma buna baxmayaraq biz həmsədr dövlət kimi məcburuq Amerika ilə dil tapaq danışaq. Niyə? Çünki həmsədr dövlətdir, yəni bir vasitəçi dövlət kimi ondan asılılğımız yaranıb. İndi də Ukrayna bizim vəziyyətimizə düşəcək. Moldovanı da o vəziyyətə saldılar. Gürcüstanı isə abdalcasına aldatdılar. 2008-ci ilin avqustun 2-də o vaxtkı dövlət katibi Kondaliza Rays gəldi Tiflisə Saakaşvilini qızışdırdı, avqustun 8-də də Gürcü qoşunları Sxinvaliyə hücum elədi. Hamı Saakaşviliyə Amerikanın uşağı deyirdi. Hamı bilrdi ki, Saakaşvili Amerikanın razılığı olmadan bir stəkan suyu da götürüb içməz. Yəni onu aldadıb qızışdıraraq Cənubi Osetiyaya hücuma təhrik etdilər, sonra isə lazımi səviyyədə müdafiə etmədilər. Onda da ya hesablamamışdılar, ya da qəsdən bunu etdilər. Ola bilsin, gözləmirdilər ki, Rusiya qoşun yeridə bilər. Fikirləşirdilər ki, Gürcüstana silah veriblər, ordunu neçə ildir hazırlayırlar, onlar ruslara qarşı vuruşacaqlar. Düzdür, həmin hadisələrdə gürcülərin də qorxaqlığı özünü göstərdi. Yeri gəlmişkən, son dövrlər baş verən hadisələr bir daha onu göstərdi ki, keçmiş sovet respublikaları ötən 20 il ərzində hələ də oturuşmuş və xarici təcavüzə sinə gərə biləcək dövlət qura bilməyiblər. İndi Amerika bağırır ki, min nəfər rus əsgəri Ukrayana ərazisinə daxil olub. Lap deyək ki, min yox, 10 min nəfər tam hazırlıqlı rus əsgəri soxulub Ukraynaya. Bəs 10 min nəfər 46 milyonluq qos-qoca bir dövləti işğal edə-edə gedirsə, demək bu dövlət faktiki olaraq yoxdur. Dövlətin əlamətləri nədir? Onun ərazisi və bəlli sərhədləri, bu sərhədləri qorumaq iqtidarında olan ordusu var. Yəni buna dövlət demək doğru deyil, olsa-olsa elan olunmuş bir struktur demək lazım. Əgər 46 milyonluq Ukraynada səfərbərlik edib 100 min adam ortaya çıxara bilmirlərsə, bunlar hansı haqla dövlət qurmalarından danışırlar? Özü də Rusiya açıq şəkildə müharibəyə qoşulmayıb və etiraf edək ki, adi silahlardan istifadə edir hər iki tərəf. Hansı ki, həmin silahlar hər iki tərəfdə də var. Desək ki, Rusiya min dənə qırıcını səmaya qaldırdı və Ukraynanın da ancaq 200 qırıcısı var, bu zaman anlamaq olardı ki, nəyə görə Ukrayna qoşunları məğlub oldu. Gürcüstanda da eyni qaydada oldu. O vaxt Avropa Birliyi tərəfindən Sxinvali hadisələri zamanı Gürcüstana göndərilən bir ekspert mənə söyləyirdi ki, biz ora gedib vəziyyətlə tanış olanda dəhşətə gəldik. Deyir gürcülər ən müasir 70 tankı meşənin içində qoyub bir dənə də atəş açmadan qaçıblar. Təsəvvür edin ki, hamısı özləri ilə mülki paltar da götürübmüş tankın içində. Oradaca soyunub mülki paltarı geyinərək gecə ilə qaçıblar gürcü kəndlərinə. Deyirdi ki, ruslar gəlib yağın içində olan 70 müasir tipli, İsrail və Amerika tankları üzərində modernləşdirilmiş tankı qənimət kimi götürüb apardılar. Ona görə deyirəm ki, biz nə qədər müstəqillik desək də yeni respublikaların xalqları öz müstəqillikləri və ərazi bütövlükləri uğrunda sözün həqiqi mənasında ölüm-dirim savaşına hazır deyillər. Nə də insanların hamısında lazım olan dövlətçilik şüuru oturuşmayıb. Amma Rusiyada tarix boyu bir imperiya təfəkkürü olub və onlar tarix boyu harasa hücum ediblər, haranısa işğal ediblər. Ona görə də bu gün Ukrayna lazımi müqavimət göstərə bilmir. Bütün bunlardan dərs çıxarılası, öyrəniləsi, qabaqlayıcı tədbirlər görüləsi çox məqamlar var.

-Türkiyənin nüvə dövləti olmağa can atmalı olduğunu bildirmisiniz. Məgər bilmirsiniz ki, bu mümkün olan şey deyil? Hətta Türkiyə nüvə silahı istehsal etmək niyyətini bəyan etsə, onun başına elə oyun açarlar ki, Gəzi hadisələri də toya getməli olar, paralel dövlət oyunları da.

-Elə mən də onu söyləyirəm ki, Türkiyə nüfuzlu dövlət olmaq istəyirsə, gərək bunu əldə etsin. Yox, əgər Türkiyə dediyiniz kimi o qədər zəifdirsə ki, Qərb onun başına oyun açaraq ondan ikinci bir Liviya və ya Suriya düzəldəcək, deməli, o dövlət də göründüyü kimi güclü deyil və belə bir zəif dövlət də gərək iddialarını boğa. Yəni gərək olduğundan böyük görsənməyə çalışmayasan. Türkiyə isə bu gün olduğundan böyük görsənməyə çalışır. Bunun da əslində ölkəyə çox böyük zərəri dəyir. Məsələn, mən deyirəm ki, müdafiə etməyə gücün yoxdursa, niyə Fələstini qızışdırırsan? İsrail basıb Fələstinin gözün çıxaranda sənin qarğış eləməkdən başqa əlindən bir şey gəlmirsə, o zavallıları niyə qırğına verirsən? Heç sənin öz vətəndaşlarını öldürdülər, sən heç nə edə bilmədin. Hətta iqtisadi əlaqələri belə kəsməyə gücün çatmadı. Səfiri geri çağırıb sonra qaytardın. Mən də onu deyirəm ki, əgər gücün çatmırsa ortaya iddia qoyma. Yəni ortaya iddia qoyanda qarşı tərəf də barmağını dişləyir ki, yox, bunlar çox iddialıdır, imkan vermək olmaz o iddiasın reallaşdırmağa. Çin kimi dövlət bu gün dünya siyasətində Türkiyə qədər iddialı danışmır. Onlar oturublar asta-asta işlərin görürlər. Dünayadakı bütün münaqişə ocaqlarına baxın. Pekin çalışır ki, onların heç birinə qatılmasın. İndi də Ukrayna məsələsində bitərəf mövqe tutur. Yəni bu dövlət özünü qoruyur və çalışır ki, bu münaqişlərə cəlb olunmasın. Çin hesab edir ki, hələ onun məqamı gəlib çatmayıb. Belə deyək ki, hələ Çin güc yığr, "muskul"ların şişirdir. Amma Türkiyədə ortada bir şey yox, gurultudansa qulaq tutulur. Buna baxmayaraq mən hesab edirəm ki, Türkiyə 70 milyonluq, böyük 20-liyə daxil olmuş bir ölkədir. Türkiyə iqtidarı ağıllı siyasət apara bilsə, müxalifətlə münasibətləri yumşaltmağa nail olsa, yersiz təkəbbür aradan qalxsa, yaranmaqda olan şəxsiyyətə pərəstiş dayandırılsa ağıllı siyasət nəticəsində Türkiyə günlərin bir günü nüvə dövləti ola bilər. Yəni bu istiqamətdə işlərin görür, dinc məqsədlərlə nüvə reaktorları qurur və texnologiyaları əldə etdikdən sonra Azərbaycan, Pakistan və digər türk respublikalarının köməyi ilə Türkiyə bunu edə bilər. Yəni Türkiyə nüvə dövləti olmaq istəyirsə, beynəlxalq tribuna və kürsülərdə sözünün eşidlməsini istəyirsə nəyin bahasına olur-olsun bunu etməlidir. Bunun başqa yolu yoxdur. Müasir dünyada heç bir blok və ya alyans sənin ərazi bütövlüyünə qarant ola bilməz. Ən azı ortada acı Ukrayna dərsləri var. Müasir dünyada qarnat sənin özünsən və hərbi potensialın, gücündür. İndiki dövrdə də böyük dövlətlərlə üz-üzə gəlib söz sahibi olmaq üçün Türkiyə nüvə dövləti olmalıdır. Yəni əvvəlcə bu işin elmi bazası yaradılmalıdır, sonra dinc məqsədlər üçün texnologiya cəlb edilməlidir, günlərin bir günü isə dünyanı qoyursan fakt qarşısında. Türkiyənin də geniş ərazilərinin birində onun sınağını da keçirirsən və özünü nüvə dövləti elan edirsən. Özü də mən əminəm ki, onlar bunu etmək istəsə, mən əminəm ki, Azərbaycan da, Qazaxıstanda, Pakistan da, ümumiyyətlə, bütün türk dünyası maddi və elmi baxımdan köməyini əsirgəməyəcək.

-Qayıdaq daxili siyasətə. Parlamentin payız sessiyasında "Vicdan məhbusları"yla bağlı məsələni aldıracaqsınızmı?

Ardı var...