Rafael Harpaz ABŞ yəhudilərinə səsləndi Siyasət

Rafael Harpaz ABŞ yəhudilərinə səsləndi

"Azərbaycanda gördüyümüz tolerantlıq səviyyəsi bütün dünya üçün nümunədir"

Azərbaycanın Vaşinqtondakı səfirliyi və İsrailin Azərbaycandakı səfirliyinin ABŞ-da birgə proqramı davam edir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, hazırda ABŞ-da səfərdə olan İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycan səfirliyinin müşaviri Məmməd Talıbov Vaşinqton və ABŞ-ın tarixi paytaxtı olan və Amerika tarixində xüsusi əhəmiyyət təşkil edən Filadelfiya şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirak ediblər.
Qeyd edək ki, Filadelfiya şəhəri çoxsaylı və nüfuzlu yəhudi icması ilə seçilir və bu şəhərdə İsrailin baş konsulluğu fəaliyyət göstərir.
İsrail səfiri və Azərbaycan diplomatı Vaşinqtonda yerləşən tanınmış Amerika Universitetində həmin təhsil ocağının İsrail Mərkəzi tərəfindən təşkil olunmuş seminarda, nüfuzlu Amerika Yəhudi Komitəsi (AJC), Yəhudi Respublikaçılar Koalisiyası (RJC) və ACCESS Gənc Peşəkarlar təşkilatı tərəfindən təşkil olunmuş konfransda, həmçinin AJC Filadelfiya Rəyasət heyəti və bundan əlavə AJC gənc rusdilli liderlər (AJC Russian young leadership) qarşısında çıxış ediblər, həmçinin İsrail-Azərbaycan münasibətləri, regionda cərəyan edən hadisələr və ABŞ ilə əməkdaşlıq haqqında çoxsaylı sualları cavablandırıblar.
Natiqlər çıxışlarında İsrail və Azərbaycan xalqları və ölkələrimiz arasında uzun illər davam edən dostluq münasibətləri və tədricən inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıq haqqında danışıblar. Onlar möhkəm bünövrəyə malik olan bu münasibətlərin bir çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını qeyd ediblər, münasibətlərin yüksələn xətlə davam etməsinə toxunub və o cümlədən, iki ölkənin rəhbər rəsmilərinin qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd ediblər. Bu kontekstdə, İsrail müdafiə nazirinin bir neçə gün əvvəl ölkəmizə etdiyi tarixi səfər qeyd olunub.
Səfir Rafael Harpaz Azərbaycan cəmiyyətində anti-semitizmin "sıfır səviyyəsində" olduğunu, burada yəhudi icmasının çox sərbəst və təhlükəsiz şəraitdə yaşadığının Azərbaycanda işlədiyi müddət zamanı demək olar ki hər gün şəxsən şahidi olduğunu bəyan edərək, qeyd edib ki, "bütün dünya və, o cümlədən İsrail üçün Azərbaycanda hökm sürən tolerantlıq nümunə ola bilər".
Tədbirlərə qatılanlar, o cümlədən Amerika yəhudi icmasının aparıcı üzvləri, akademik dairələrin təmsilçiləri və s., dünyada və xüsusilə Yaxın Şərq regionunda cərəyan edən hadisələri nəzərə alaraq Azərbaycan və İsrail diplomatlarının bu təşəbbüsünün təqdirəlayiq və çox aktual olduğunu vurğulayıblar.