Korrupsiya və neqativ hallara qarşı ciddi mübarizə aparılır Siyasət

Korrupsiya və neqativ hallara qarşı ciddi mübarizə aparılır

Son illər ölkəmizdə aparılan islahatlar QHT təmsilçiləri tərəfindən də təqdir edilir. Xüsusən də son zamanlarda islahatlar fonunda bəzi neqativ hallara qarşı sərt tədbirlərin görülməsi, korrupsiyaya yol verən məmurların sərt cəzalandırılması alqışlanır. “Ekologiyanın Qorunmasına Kömək” İctimai Birliyinin sədri Sadıq Sadıqovun fikrincə bu cür neqativ hallar, hazırda cəzalandırılan bəzi yarıtmaz məmurların fəaliyyəti ölkənin bütün iqtisadi və siyasi sahələrini o cümlədənə də vətəndaş cəmiyyəti institutlarını da inkişafdan saxlayırdı: “Prezident tərəfindən 2 il əvvəl başlanılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət aldı və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş bəzi neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunub. Bu səbəbdən də belə əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olub”. Onun sözlərinə görə, kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilib, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunub: “Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırdı, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirdi. DTX tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat isə ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi saymaq olar. Belə ki, qeyd olunan nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazid əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətiimkan tədbiri seçildi və bu da gözlənilən idi. Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bəzi məmurların bu cür neqativ hallara yol vermələri haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir”.