Obama niyə Azərbaycanın adını çəkib? Siyasət

Obama niyə Azərbaycanın adını çəkib?

Mütəllim Rəhimli: "ABŞ Rusiya ilə rəqabətdə Azərbaycan kimi ölkələrdən istifadə etmək niyyətindədir"
Ramiz Alıyev: "Ferqyusonda haqlı etirazlara qarşı silahdan istifadə olunanda insan haqları Obamanın yadına düşmürdü"

ABŞ prezidenti Barak Obama Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqində Azərbaycanla bağlı obyektiv olmayan fikirlər səsləndirib. Bu fikirlər həm Azərbaycan hökumətinin, həm də ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.
Politoloq Ramiz Alıyev deyib ki, Azərbaycan dövləti və xüsusi xidmət orqanlarının xarici ölkələrin ölkəmizdəki agentura şəbəkələrini ifşa etməsi bir sıra beynəlxalq dairələri bərk narahat edib: "Halbuki Azərbaycanda müstəqil və heç bir təzyiqə məruz qalmayan yüzlərlə QHT və KİV fəaliyyət göstərir. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edib və bütün insan hüquq və azadlıqlarının qorunduğu bir ölkədir. Azərbaycan dövləti tərəfindən istər QHT-lərə, istərsə də KİV-lərə maddi dəstək nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət dəstəyi Fondu yaradılıb və vətəndaş cəmiyyətinin inkişafına dövlət tərəfindən böyük dəstək göstərilib. Amma heç vaxt heç vaxt imkan da verilməz ki, hansısa bir şəxs və ya təşkilat QHT və yaxud KİV adı ilə Azərbaycan qanunlarına zidd olan addımlar atsın, qanundan kənar işlərlə məşğul olsun və ya hansısa bir ölkəyə kəşfiyyat məlumatları ötürsün".
Ramiz Alıyev deyib ki, istər ABŞ, istərsə də digər bəzi Qərb ölkələrində nə qədər neqativ hallar olursa, bunu özlərinin daxili işi olaraq bəyan edirlər və dövlətlərinin təhlükəsizliyi üçün hər addım ata biləcəklərini bildirirlər: "Ancaq digər ölkələr öz təhlükəsizlikləri naminə addım atanda Qərbdəki bəlli dairələr şou düzəldirlər. İnsan Hüquqlarından ağız dolusu danışan ABŞ prezidentinin yadına salmaq lazımdır ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni, silahdan istifadəni, insan ölümləri, medianın, vətəndaş cəmiyyəti fəallarının hüquqlarının kobud şəkildə məhdudlaşdırılmasını ABŞ-ın daxili işi kimi xarakterizə etmişdi. Bəs onda QHT, KİV, vətəndaş cəmiyyəti, insan haqları ABŞ prezidentinin yadına düşmürdü".
Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib ki, Obamanın bu cür fikirlər səsləndirməsi o deməkdir ki, Amerika Rusiya ilə rəqabətə girib və bu rəqabətdə də Azərbaycan kimi ölkələrdən istifadə etmək niyyətindədir. Aparat rəhbərinin sözlərinə görə, son vaxtlar gedən proseslər dünyanı idarə etmək iddiasında olan ölkələrin regionları əldə etmək siyasəti ilə bağlıdır: "Rusiya və Qərb arasında Cənubi Qafqaz, Orta Asiya və Şərqi Avropa uğrunda çox ciddi qarşıdurma başlayıb. Məhz buna görə də artıq Amerikanın özü də regionda öz siyasətini gücləndirmək istiqamətində addımlar atır. Hesab edirəm ki, Obamanın qərəzli çıxışı bu məsələdən qaynaqlanır. Düşünürəm ki, Obama Qafqazda ABŞ-ın nüfuzunu artırmaq istiqamətində cəhdlər edir və buna görə də Azərbaycanın adını çəkib. Halbuki indiyədək Azərbaycan haqqında ABŞ-ın prezidenti səviyyəsində hər hansı bir fikir söylənməyib".
Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib ki, ABŞ-da fəaliyyət göstərən beynəlxalq QHT və təşkilatlar ("Freedom House", "Human Rights Watch" və s.) ciddi şəkildə Azərbaycan haqqında neqativ rəy formalaşdırmaqla məşğuldurlar. Onun sözlərinə görə, ABŞ prezidenti tərəfindən ölkəmizə qarşı səsləndirilən fikirlər onu göstərir ki, Obamanın da burada müəyyən maraqları var: "Ölkəmizə qarşı bu kimi fikirlər artıq bir neçə dəfədir ki səsləndirilir. Azərbaycan ictimaiyyəti də neçə illərdir ki, ABŞ-dan olan QHT-lərin, beynəlxalq statuslu təşkilatların ölkəmiz barədə neqativ yüklü, qərəzli informasiyalar yaydığını sübut etməyə çalışır. O ki qaldı Obamanın fikirlərinə, ABŞ prezidenti özü hesabat hazırlamır. Bu işləri onun köməkçiləri həyata keçirirlər. Lakin ölkəmizlə bağlı qeyri-obyektiv fikirlərin Obama tərəfindən səsləndirilməsi onu göstərir ki, onun da burada müəyyən maraqları var".
Millət vəkili Çingiz Qənizadə qərəzli münasibət hələ bir neçə gün bundan öncə Avropa Parlamentində də özünü göstərdi. Deputatın sözlərinə görə, cəmiyyətimiz, qanunlarımız, yoxlayıcı orqanlarımız və s. üçün açıq olan QHT-lər üçün Azərbaycanda onlar üçün hər bir şərait yaradılıb: "Mənim özüm də QHT-lərdən birinin rəhbəriyəm. Qərbdə yanlış təsəvvürlərin yaranması Azərbaycanla bağlı dezinformasiyaların ötürülməsilə bağlıdır. Mən çox istərdim ki, bəzi dövlət başçıları, xüsusilə Barak Obama kimi şəxsin köməkçiləri qanunların, həqiqətin nə demək olduğunu onlara çatdırardılar. Çox təəssüf edirəm ki, bu cür yalan informasiyalar ayaq tutur və yeriyir".
"Demokratik Maarifçilik Partiyası"nın sədri, politoloq Elşən Musayev deyib ki, Qərb və qərbmeylli dairlələrin dünya siyasətinə "bəxş" etmiş olduğu, eyni zamanda özlərinin dərk etmiş olduğu QHT formatı biz düşündüyümüzdən daha fərqlidir: "Onlar əksər hallarda QHT-lərə vətəndaş cəmiyyətinin bir qolu kimi deyil, məhz siyasi proseslərə təsir resursu kimi baxırlar. Mahiyyət ondan ibarətdir ki, tutaq, hər hansı bir müstəqil dövlətin siyasi xəttinə, ələlxüsus da yürütdüyü beynəlxalq istiqamətə "yön vermək" ya da eyni adlı proseslərin gedişində diktə elementlərini bərqərar etmək lazımdır, orada artıq həmin QHT-lər anındaca istismar maşınına çevrilir".
Onun sözlərinə görə, dövlətlərarası məsələlər kontekstində harda ki üzbəüz danışmaq, bəlli qıcıqları bildirmək, açıq-açığına fikir ifadə eləmək mümkün deyil, bəlli məkanda muzdlu QHT-lər əlavə vasitə kimi tamamən işə yarayır: "Azərbaycanda nəinki QHT-lərin, ümumən vətəndaş cəmiyyətinə aid bütün təsisatların fəaliyyəti şəffaf və qanunvericiliklə tənzimlənən formadadır. Bu faktoru görməmək onu görməkdən daha çətindir. Obama da məhz çətin olanı seçib. Reallıqları görməzdən gəlib. Obamanın bir cümləsi ilə sevincək olan radikal müxalifət nümayəndələrinə gəlincə, onların vəziyyəti gerçəkdən acınacaqlıdır".

Əli