Rusiya Xəzəri tam nəzarətə alır Siyasət

Rusiya Xəzəri tam nəzarətə alır

Kreml: "Xəzər regiona başqa dövlətlərin silahlı qüvvələrinin buraxılmaması haqqında sahilyanı dövlətlərlə razılığa gəlmişik"

"Xəzərin iki zonası haqqında razılıq əldə olunub, status haqqında konvensiya gələn il imzalana bilər"

"Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasında xeyli irəliləyiş əldə olunub". RİA Novosti-nin istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, konvensiya 2015-ci ildə Qazaxıstanda keçiriləcək sammitdə imzalana bilər. Y.Uşakov qeyd edib ki, tədbir öncəsi ekspertlərin fəal işi sayəsində sammitin yekunu olaraq Xəzərdə gələcək əməkdaşlıq üçün vacib nəticələr əldə oluna bilər: "Həştərxan sammitinin işi uğurla başa çatarsa, növbəti sammitdə konvensiyanın imzalanması istiqamətində birbaşa işə başlanacaq".
Prezident köməkçisi bildirib ki, Xəzərin hüquqi statusunun hazırlanması "Xəzər beşliyi"nin qarşısında dayanan vacib məsələdir: "Bu məqsədlə 1996-cı ildə xüsusi işçi qrupu yaradılıb. Ümumilikdə 38 iclas keçirilib".
Uşakov onu da bildirib ki, Xəzəryanı ölkələr dənizin iki zonası - dövlət suverenliyi və balıqçılıq zonaları haqqında razılıq əldə ediblər. Onun sözlərinə görə, ekspertlərin işi nəticəsində prezidentlərin bəyanatında yer alan akvatoriyanın delimitasiyası haqqında müddəaların razılaşdırılmasını əks etdirmək mümkün olub.
Y.Uşakov qeyd edib ki, bəyanatın Həştərxan sammitində Xəzəryanı ölkələrin prezidentləri tərəfindən imzalanacağı gözlənilir: "Bu iki zona 25 dəniz mili təşkil edəcək".
Rusiya prezidentinin köməkçi daha sonra deyib ki, "Xəzər beşliyi" regionda kənar silahlı qüvvələrin yolverilməzliyinə dair razılığa gəlib: "Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan Xəzər regionuna başqa dövlətlərin silahlı qüvvələrinin buraxılmaması haqqında razılığa gəliblər. Həştərxanda keçiriləcək sammitdə də bununla bağlı siyasi bəyanat olacaq. Siyasi bəyanatda qeyri-region dövlətlərinin silahlı qüvvələrinin Xəzərə buraxılmaması haqqında vəziyyət qeyd edilib. Bununla bağlı ağır konsultasiyalar gedirdi, amma tərəflər bu prinsip haqqında razılığa gəldilər".
Uşakovun açıqlamasına görə, Rusiya prezidenti Vladimir Putin Həştərxanda keçiriləcək Zirvə toplantısı çərçivəsində Azərbaycan, Türkmənistan və İran liderləri ilə ikitərəfli görüşlər də keçirəcək. Prezident köməkçisi xatırladıb ki, RF və Azərbaycan liderləri bu yaxınlarda (avqustda - red.) Soçidə görüşüblər: "Burada ikitərəfli və Ermənistan dövlət başçısının iştirakı ilə Dağlıq Qarabağ böhranının müzakirə olunduğu üçtərəfli görüşlər keçirilib".
Y.Uşakov qeyd edib ki, İlham Əliyevlə görüş vacibdir: "Bizim əlaqələrimiz nəzərəçarpacaq dərəcədə fəallaşıb. Bu yaxınlarda, lap bu günlərdə Bakıda hökumətlərarası komissiyanın iclası keçirilib".
Həştərxanda keçiriləcək Zirvə toplantısı çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüş barədə danışan Y.Uşakov deyib ki, bu günlərdə İranla hökumətlərarası komissiyanın iclası da keçiriləcək, dinc nüvə sahəsində kooperasiya, Moskva və Tehran üçün maraq kəsb edən bəzi beynəlxalq mövzular, o cümlədən Əfqanıstan, Suriya, İraqla bağlı vəziyyət müzakirə olunacaq.