“Ermənistan təzminat ödəməyə məhkum edilməlidir” Siyasət

“Ermənistan təzminat ödəməyə məhkum edilməlidir”

Türkiyəli deputat: "Türkiyə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və edəcək də..."

"Damlıq Qarabam münaqişəsinin oəlli uzandıqca bölgədə vəziyyət gərgin olacaq". Bu sözləri BayMedia-ya Türkiyə Böyük Millət Məclisinin Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili, sabiq nazir Ahmet Kenan Tanrıkulu Ermənistan ordusu tərəfindən işğal olunan Qarabağda atəşkəsin pozulmasını şərh edərkən deyib.
"Keçən ay Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri şəhid oldular. Yenə də cəbhədən yaxşı xəbərlər almırıq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onlar bizim ürəyimizdədirlər və türk xalqı onların xatirəsini ehtiramla yad edir.
Bu bir daha onu təsdiqləyir ki, Ermənistan bütün beynəlxalq hüququ ayaqlar altına alır. Bu gün bundan qorxulu heç nə ola bilməz. Bununla da beynəlxalq hüququn gücsüzlüyü məsələsi gündəmə gəlir. Xüsusilə, beynəlxalq qurumların buna biganə qalması dəhşətlidir və hadisələri kənardan müşahidə edirlər. Bir an öncə digər ölkələr tərəfindən Ermənistana beynəlxalq cəza verilməli və ona qarşı təzyiqlər artırılmalıdır. İşğala məruz qalan Azərbaycanın haqqı bərpa edilməli və Ermənistan Azərbaycana təzminat ödəməyə məhkum edilməlidir.
Bizim üçün əsas şərt haqq və hüququn bərpa olunmasıdır. Azərbaycan bu məsələdə haqlıdır. Türkiyə hər zaman Azərbaycanın torpaq bütövlüyünü müdafiə edir və edəcək də".

Elnur