Prezident İlham Əliyev: "Bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir" Siyasət

Prezident İlham Əliyev: "Bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir"

“Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var – 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir. Bununla paralel olaraq bildirməliyəm ki, sənaye istehsalı bir qədər artıb. Amma qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni proqnozlaşdırılmış səviyyədədir”.

Bu sözləri Prezident İlham Əliyev paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışında səsləndirib.

Dövlətimizin başçısı bildirib ki, bütövlükdə baxanda ölkəmizin iqtisadi fəaliyyəti də bu müddət ərzində çox uğurlu olub: “Ancaq iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcəkdir, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Artan dinamika, xəstələrin, yoluxanların artan dinamikası göstərir ki, yumşalma tendensiyası buna gətirib çıxarıb. Amma yenə də vəziyyət nəzarət altındadır. Burada əsas amil yoluxanların və sağalanların arasında olan nisbətdir. Bu günə qədər nisbət elədir ki, bizim səhiyyə sistemimiz bunu qəbul edə bilir. Bir çox ölkələrdə ölüm hallarının kütləvi xarakter almasının əsas səbəbi odur ki, o ölkələrdə səhiyyə sistemi çöküb. Yəni xəstələri qəbul edə bilmirlər və beləliklə, kütləvi ölüm halları müşahidə edilir. Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın. Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq. Qorumalıyıq və müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq”.