Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
Ermənistan-Azərbaycan sərhədində son qarşıdurmalar ilə əlaqədar GUAM Parlament Assambleyasının sədri Elnur Allahverdiyev bəyanat verib.
Bəyanatda deyilir: “Biz, Azərbaycanın Tovuz rayonunda həm hərbçilərin, həm də mülki şəxslərin həlak olmasına səbəb olan, Ermənistan-Azərbaycan sərhəddi boyunca Ermənistan silahlı qüvvələri tərəfindən zorakılığın artmasından olduqca narahatıq. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Ermənistan Respublikasını təcavüzkar hərbi siyasət və təxribata dərhal son qoymağa çağırırıq.
Biz təəssüf edirik ki, Azərbaycan ərazilərinin, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalı 30 ilə yaxındır ki, davam etməkdədir və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb etməsinə baxmayaraq, Ermənistan beynəlxalq birliyə etinadsizlıq göstərməyə davam edir. Sərhəd boyunca Ermənistan tərəfindən törədilmiş son zorakılıq rəsmi Yerevanın Azərbaycan torpaqlarının işğalına son qoymaqda və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqda maraqlı olmamasının daha bir əyani sübutudur.
Biz beynəlxalq birliyin COVİD-19 ilə mübarizə apardığı bir zamanda Ermənistanın BMT Baş katibinin COVİD-19 səbəbindən ümumbəşəri atəşkəsə dair təşəbbüsünü dəstəkləyərək öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək Azərbaycan qarşı hücuma başlaması faktından olduqca narahatıq.
Biz aşkar şəkildə üzv olduğu hərbi-siyasi təşkilatların Azərbaycan Respublikası ilə münaqişəyə cəlb edilməsi məqsədini güdən Ermənistan Respublikasının təhlükəli hərbi addımlarını diqqətlə izləyirik. Ermənistanın bu məqsədi qəbuledilməzdir, belə ki, Cənubi Qafqaz regionunda siyasi-hərbi vəziyyət artıq olduqca həssasdır və regiondankənar hər hansı müdaxiləyə davam gətirə bilməz.
Buna görə də biz Ermənistan Respublikası rəhbərliyini gələcək eskalasiyanın qarşısını almaq üçün dərhal Azərbaycan ilə sərhəddə bütün hərbi əməliyyatlara və silahlı qarşıdurmalara son qoymağa, atəşkəs rejimini bərpa etməyə və gərginliyi artıran hər hansı addımlardan çəkinməyə, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü kimi beynəlxalq norma və prinsiplərə müvafiq olaraq münaqişənin dərhal həlli ilə əlaqədar öhdəliklərini icra etməyə çağırırıq.
Ermənistan-Azərbaycan sərhəddində son dövrdə şiddətin artması və qalmaqda olan gərginlik və hərbi əməliyyatları nəzərə alaraq, mən, Sədr olaraq növbəti həftədə Ermənistan Respublikasının Azərbaycana qarşı zorakılığı və onun səbəb olduğu nəticələrin müzakirəsi üçün GUAM Parlament Assambleyasının növbədənkənar Büro iclasının keçirilməsinə çağırış edirəm”.