Hikmət Babaoğlu: Azərbaycan dövləti istənilən şəraitdə öz vətəndaşının yanında olduğunu göstərdi Siyasət

Hikmət Babaoğlu: Azərbaycan dövləti istənilən şəraitdə öz vətəndaşının yanında olduğunu göstərdi

Azərbaycan Ordusu işğalçı Ermənistanın ölkəmizlə dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozmaqla törətdiyi təxribatın qarşısını qətiyyətlə aldı. Təcavüzkar Ermənistan bu təxribatla əldə etmək istədiyi hədəflərin heç birinə çata bilmədi. Bununla yanaşı, baş verən hadisələrin fonunda Azərbaycan xalqı öz Prezidentinə, Ali Baş Komandanına və milli ordusuna böyük inam və etimadını, dəstəyini qətiyyətlə nümayiş etdirdi.

Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, bəhs olunan proseslər və hadisələr kontekstində Azərbaycan dövləti güclü siyasi iradə ortaya qoyaraq istənilən şəraitdə öz vətəndaşlarının yanında olduğunu göstərdi:

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir. Biz 2016-cı ildə də analoji yanaşmanı müşahidə etmişdik. Ermənistanın hərbi təxribatları zamanı zərər yetirilmiş yaşayış məntəqələrində bərpa işləri görülmüş, mülki əhalinin problemlərinin həlli istiqamətində ardıcıl addımlar atılmışdı. Bütün bu faktlar öz növbəsində Azərbaycan dövlətinin vətəndaşların təhlükəsizliyinin təmin olunmasını, rifahının yükəldilməsini daim diqqət mərkəzində saxladığını əyani surətdə nümayiş etdirir.

Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Son 17 ilin təcrübəsində davamlı olaraq müşahidə etmişik ki, təbii fəlakət, düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub”.

H.Babaoğlu əlavə edib ki, görülən tədbirlər dövlətin sosial davranışından daha çox, dövlət başçısının vətəndaşlara xüsusi qayğısı kimi qiymətləndirilməlidir.