ABŞ özünə umac ova bilmir, özgəsinə əriştə kəsir Siyasət

ABŞ özünə umac ova bilmir, özgəsinə əriştə kəsir

İki gün öncə (iyulun 28-də) ABŞ-ın dünyaca nüfuzlu “Nyu York Times” qəzetində dərc olunan və Nyu-York şəhərində nümayişdə iştirak edən insanların polis qüvvələri tərəfindən naməlum maşınlara güc tətbiq etməklə oturdularaq qeyri-müəyyən istiqamətlərə aparılmasına dair tənqidi məqaləni yəqin ki, bizim hörmətli müxalifətçilərimiz də oxuyublar. Çünki amerikan “demokratiya”sını hər fürsətdə əldə bayraq edib car çəkənlər, təbliğ edənlər, gözə soxanlar onlardır. Amma sözügedən məqalə və Nyu York şəhərindəki həmin mitinqdən yayılan foto-videogörüntülər isə bunun tam əksini deyir. Yaxşı olardı ki, radikal müxalifətçilərimiz “Nyu York Times”ın məlum yazısını oxuyub Amerika reallıqlarını “çəhrayı eynək”də görmək və göstərmək vərdişindən əl çəksinlər. Əgər məqaləni oxumayıblarsa, biz o məqalədəki bəzi məqamları müxtəsər formada müxalifətin AXCP-“Milli Şura” qanadının başbilənlərinin və funksionerlərinin diqqətinə çatdırarıq.

Məqalədə qeyd olunur ki, Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis dəstələri sərt şəkildə müdaxilə edib, mitinq iştirakçılarını fiziki zorakılıqlara məruq qoyub və onları nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıb. Məqalədə həmin insidentin video-görüntüləri də yer alıb. Lakin Nyu York polisi saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı hər hansı bir tutarlı dəlillər təqdim etməyib.

Polisin nümayişçilərə qarşı bu cür aqressiv davranışı və qanunsuz hərəkətləri heç şübhəsiz ki, ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olub. Maraqlıdır ki, bundan əvvəl Minneapolisdə qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində baş qaldıran narazılıq və kütləvi etirazlar da amerikan polisinə dərs olmadı. Polis dərəbəyliyi yenə də əvvəlki qaydada davam edir. Lakin cəmiyyətin də geri çəkilmək fikri yoxdur. Corc Floydun qətli ilə bağlı baş qaldıran narazılıqların davam etdiyi bir məqamda, indi də Nyu Yorkda mitinq iştirakçılarına qarşı zor tətbiq edilməsi Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərin genişlənməsinə səbəb olub.

Əslində polis zorakılıqları ABŞ-da demək olar hər gün baş verir. Əvvəllər Hollivud trillerlərində təsvir olunan polis özbaşınalıqları indi Amerikanın gündəlik həyatında normaya çevrilmiş, adiləşmiş bir ənənədir. Lakin burada iki nüans xüsusi maraq doğurur. Birinci nüans ABŞ rəsmilərinin öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarmasıdır. Məsələ burasındadır ki, Ağ Ev təmsilçiləri, ABŞ Dövlət Departamentinin rəsmiləri və konqressmenlər öz ölkələrində əsl demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri və vətəndaşların təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquqi dövləti haqqında dərs keçməyə, yol göstərməyə çalışırlar.

İkinci nüans isə bizim öz müxalifətimizlə bağlıdır. Özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin hər dəfə Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı yerli hüquq-mühafizə orqanlarımızın öz vəzifə borclarına uyğun hərəkət etməsi nədənsə, ABŞ-ın və bütövlükdə Qərbin anti-Azərbaycan dairələri tərəfindən qərəzli şəkildə təqdim edilir. Eyni zamanda onların nəzarətində olan KİV-lər, sosial şəbəkə qrupları da fürsətdən istifadə edib dərhal Azərbaycan hakimiyyətini tənqid etməyə başlayır, həqiqəti əks etdirməyən “fakt”larla çıxış edirlər. Halbuki, ABŞ-ın özündə, Fransada vəziyyət heç də ürəkaçan deyil. Bu gün inkişaf etmiş Qərb “demokratiya”larında polis zorakılığı tamamilə adi hal alıb. Biz bunu Fransada uzun müddət davam edən “sarıjiletlilərin qiyamı”nda da, Almaniyadakı nümayişlərdə də müşahidə etdik. Sözügedən etiraz aksiyalarında polis zorakılığının ifrat həddə çatması nəticəsində istər aksiya iştirakçılarının sıralarında, istərsə də sıravi dinc vətəndaşlar arasında baş verən ölüm halları da hər kəsə məlumdur. Lakin Qərb ölkələri və sözdə hüquq-müdafiə təşkilatları Avropada, ABŞ-da baş verən bu cür kütləvi pozuntuları, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması hallarını görməzdən gəlir, postsovet ölkələrində, o cümlədən Azərbaycanda keçirilən icazəsiz küçə yürüşlərinə, mitinqlərə polislərin qanuni müdaxiləsini isə az qala demokratiyaya qarşı savaş kimi təqdim edirlər.

Bu “ikili standartlar” siyasətidir. Qərb hər zaman bu mövqedən çıxış edir. “Nyu York Times”ın məlum məqaləsi də bunu bir daha təsdiqləyir. Biz Qərbin bu cür haqsız yanaşma və yöntəmlərini çox görmüşük. Odur ki, “ikili standartlar” siyasəti bu gün bizdə ikrah hissi doğurur. Radikal müxalifətimizin də Qərbin Azərbaycana qarşı hər zaman “ikili standartlar”dan çıxış etdiyini görməsi və bilməsi lazımdır. Onlar başa düşməlidir ki, öz demokratiyalarına elə özləri də kölgə salan və zərbə vuran Qərb ölkələri artıq bu gün bizim üçün etalon ola bilməz.