Brüsseldə Avronestin komitə iclası keçirilib Siyasət

Brüsseldə Avronestin komitə iclası keçirilib

Azay Quliyev erməni deputatı susdurub, gürcüyə xəbərdarlıq edib

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü, Avronest Parlament Assambleyasının komitə sədrinin müavini Azay Quliyev Avronestin sosial komitəsinin Brüsseldə keçirilən iclasında iştirak edib.
İclasda münaqişə bölgələrində etimad mühitinin yaradılması haqqında Avropa İttifaqının rəsmisi Adriano Martinsin məruzəsi dinlənib və Şərq tərəfdaşlığı ölkələrinin münaqişə bölgələrində, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində etimadın yaradılması missiyasından danışılıb.
Müzakirələr zamanı çıxış edən Azay Quliyev etimad mühitinin yaradılması istiqamətindəki tədbirlərə müsbət yanaşdığını və bunun üçün ilk növbədə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə görüşünün təşkilinin vacib olduğunun bildirib. Deputat fikrini onunla əsaslandırıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə oradan zorla çıxarılmış azərbaycanlılar mütləq bir araya gəlməli və regionun gələcək statusunu birgə müəyyənləşdirməlidir.
Ermənistanı təmsil edən Tevan Poqosyan isə qondarma "Dağlıq Qarabağ respublikası"nın mövcudluğu və sülh danışıqlarında onun da ayrıca münaqişə tərəfi kimi iştirak etməsi haqda əsassız fikirlər səsləndirib.
Təkrar söz alan Azay Quliyev erməni deputatı yalan danışmaqda və auditoriyanı çaşdırmaqda ittiham edərək "DQR" deyilən bir qurumun mövcud olmadığını, qondarma rejimi heç bir dövlətin, o cümlədən Ermənistanın və beynəlxalq qurumların tanımadığını, münaqişədə yalnız iki tərəfin – işğalçı Ermənistanın və işğala məruz qalan Azərbaycanın olduğunu və bu formatın ATƏT-in Minsk qrupu tərəfindən qəbul edildiyini Aronest Parlament Assambleyası nümayəndələrinin diqqətinə çatdırıb. Azay Quliyev Tevan Poqosyanı auditoriyanı aldatmamağı çağırıb.
Azay Quliyev eyni zamanda Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin nümayəndəsi, xidmətin Şərq tərəfdaşlığı bölməsinin sədr müavini Adriano Martinsə açıq sual ünvanlayaraq ondan xahiş edib ki, erməni deputatın bəhs etdiyi "DQR" adlı bir qurumun olub-olmadığını və onu Avropa İttifaqının tanıyıb-tanımadığını auditoriya qarşısında elan etsin. Adriano Martins cavabında bildirib ki, "DQR" adlı bir qurum yoxdur, belə bir qurumu nə tanıyır, nə də qəbul edirlər. Bu cavabdan sonra erməni deputatlar bir daha bu məsələyə qayıtmayıblar.
İclasda Azay Quliyev Azərbaycanın Dağlıq Qarabağa qanunsuz səfər edənləri "qara siyahı"ya salması və onlara viza verməməsi məsələsinə də aydınlıq gətirib və bu siyasətin gələcəkdə də davam edəcəyini vurğulayıb.
İclasda Gürcüstandan olan məruzəçi Mirzalişvilinin təklifi də ciddi müzakirələrə səbəb olub. Mirzalişvili təklif edib ki, Şərq tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti forumunun noyabrın 21-də Batumidə keçiriləcək illik toplantısına tanınmayan ərazilərin "QHT-ləri" də dəvət olunsun. Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev bu təklifin çox zərərli olduğunu, sülh danışıqların ruhuna zidd olduğunu bildirib və belə bir addımı separatçı rejimlərin stimullaşdırılması, dolayısı ilə işğal edilmiş ərazilərdə mövcud olan qondarma rejimlərin legitimləşdirilməsi cəhdi kimi qirmətləndirib. Azay Quliyev deyib ki, heç bir legitim əsasa söykənməyən bu cür qurumların Şərq tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti forumuna dəvət olunması təşəbbüsü Azərbaycan Milli Platforması tərəfindən qəti şəkildə pislənib və belə bir qanunsuz addım atılsa, Azərbaycan həmin forumda iştirakını dayandıracaq.
Şərq tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyəti forumunun məruzəçisi Mirzalişvili qeyd edib ki, bu məsələnin həlli üçün konsensus olmalıdır və Azərbaycanın mövqeyi nəzərə alınacaq.
Yekunda Azay Quliyev "Mədəniyyət və Şərq tərəfdaşlığı kontekstində mədəniyyətlərarası dialoq" mövzusunda məruzə layihəsi ilə bağlı müzakirələrdə iştirak edib, məruzəyə dair fikirlərini və təkliflərini səsləndirib.