Birinci vitse-prezidentin köməkçisi “BBC World”də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara cavab verib Siyasət

Birinci vitse-prezidentin köməkçisi “BBC World”də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallara cavab verib

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “BBC World” telekanalının xəbərlər buraxılışının birbaşa efirində jurnalistin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında ermənilərin hərbi təcavüzünün davam etməsi barədə suallarını cavablandırıb.

E.Əmirbəyovun sözlərinə görə, zorakılığın sonuncu dəfə genişlənməsinə səbəb bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttinin üç istiqamətindən Azərbaycan mövqelərinə hücum edilməsi ilə bağlıdır. O vurğulayıb ki, erməni tərəfi bu təxribatın lap əvvəlindən Azərbaycanın dinc əhalisini və mülki infrastruktur obyektlərini əsas hədəf kimi seçib. Nəticədə 28 dinc sakin qətlə yetirilib, 144 nəfər yaralanıb.

Məlum olduğu kimi, Ermənistanın baş naziri Paşinyan hərbi əməliyyatların Azərbaycan üçün uğurlu olacağı təqdirdə erməni əhalinin soyqırıma məruz qalacağını bildirib. Jurnalistin Paşinyanın bu sözlərinə Azərbaycan tərəfin münasibəti barədə sualına cavab olaraq E.Əmirbəyov deyib ki, Paşinyanın xəstə təxəyyülünün “məhsulu” olan bu fikri ümumiyyətlə şərh etməyə dəyməz. Əvəzində E.Əmirbəyov yaranmış vəziyyətin dinc yolla həllini axtaranların hamısına bir həqiqəti başa düşməyi təklif edib ki, baş vermiş hadisələrin əsas səbəbi 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı və orada aparılmış etnik təmizləmə nəticəsində yaranmış qeyri-qanuni, amanabənd və bu səbəbdən qəbuledilməz olan status-kvodur.

Aparıcının Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən bombalanması və dinc sakinlər arasında tələfat barədə sualının cavabında E.Əmirbəyov vurğulayıb ki, Ermənistandan fərqli olaraq Azərbaycan mülki əhalini heç vaxt hədəf kimi seçməyib. Eyni zamanda, o izah edib ki, ermənilər atəş nöqtələrini bilərəkdən şəhərin mülki məhəllələri arasında yerləşdirir və bu səbəbdən, təəssüf ki, dinc sakinlər arasında tələfat labüd olur.

Birinci vitse-prezidentin köməkçisi verilişin aparıcısına məsləhət görüb ki, Azərbaycanın münaqişə zonasından kənarda yerləşən Gəncə və Mingəçevir kimi iri şəhərlərinin ermənilər tərəfindən bombalanması barədə materiallardan da ekranda beləcə fəal istifadə etsin. Bu şəhərləri Ermənistan ərazisindən qanadlı raketlərlə, habelə “Smerç” və “Polonez” yaylım atəşli artilleriya sistemləri ilə atəşə tutan ermənilərin məqsədi Azərbaycanı cavab atəşi açmağa təhrik etmək və bunun ardınca üçüncü tərəfi münaqişəyə cəlb etməkdir.

Rusiyanın münaqişəyə cəlb edilməsinin mümkünlüyü məsələsini şərh edən E.Əmirbəyov bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində əsas vasitəçilərdən biri kimi mühüm rol oynadığını göstərib və indiki şəraitdə Rusiyanın məsuliyyətli və tarazlaşdırılmış davranışına görə Azərbaycan tərəfinin razılığını bildirib. O, Rusiya Prezidenti Vladimir Putinin bəyanatına istinad edib. Putin həmin bəyanatında KTMT çərçivəsində Rusiyanın Ermənistana münasibətdə müəyyən öhdəlikləri olmasını etiraf etməklə bərabər vurğulayıb ki, hazırda davam edən hərbi əməliyyatlar Dağlıq Qarabağda baş verir. Dağlıq Qarabağ isə, məlum olduğu kimi, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin ayrılmaz hissəsidir. Bununla əlaqədar hər hansı üçüncü tərəfin bu münaqişəyə qoşulması üçün heç bir hüquqi əsas yoxdur.

Nəhayət Azərbaycanın atəşi dayandırmağa razılaşması üçün əsas sərt məsələsinə gəldikdə, E.Əmirbəyov Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi mövqeyə istinad edib. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan tərəfinin əsas strateji məqsədi Ermənistanın Azərbaycanda qeyri-qanuni xarici hərbi iştirakına son qoyulmasıdır.