Azərbaycanın bir qrup ziyalı, dini və milli icma nümayəndəsi BMT Baş katibinə müraciət edib Siyasət

Azərbaycanın bir qrup ziyalı, dini və milli icma nümayəndəsi BMT Baş katibinə müraciət edib

Ermənistanın sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutması, mülki əhalini, azyaşlıları qəsdən hədəfə alması, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının kobud surətdə pozması ilə əlaqədar olaraq bir qrup ziyalı, dini və milli icma nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreşə müraciət edib.

Müraciət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının rəhbəri Robert Mobili, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Salman Musayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasıının nümayəndəsi Zaur Orucov, Azərbaycan Gürcü Yəhudiləri İcmasının rəhbəri Abik Çarukçiyevin adından ünvanlanıb.

Müraciətdə deyilir: “Hörmətli cənab Quterreş,

Sizin Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hərbi əməliyyatların yenilənməsindən çox narahatd olmağınız, güc tətbiq edilməsini qınamanız, mülki əhali arasında itkilərə görə təəssüf bildirməyiniz və hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırmağınız ilk baxışda humanist münasibətdir. Amma hər məsələnin bir tarixi olur - Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də öz tarixi var və onu bilmədən obyektiv qərar vermək mümkün deyil.

İlk olaraq bildirək ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas qarantı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü il taixli, 822, 853, 874 və 884 saylı qətnamələrində açıq şəkildə tələb olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməz olduğu vurğulanır, eyni zamanda, ərazi bütövlüyü, suverenliyi və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı təkrarlanır. Kiçik xatırlama. Siz bilməmiş deyilsiniz ki, erməni işğalçıları Dağlıq Qarabağ bölgəsindən əlavə Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan 7 bölgəsini də işğal altında saxlayırlar və hal-hazırda Azərbaycan öz yeddi bölgəsinin işğaldan azad edilməsi uğrunda çarpışır.

Məhz bu səbəbdən, fikrimizcə, Sizin müraciətinizdə rəhbərlik etdiyiniz qurumun Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda sadaladığım qətnamələrinin bəndlərinə uyğun olaraq, münaqişə tərəfləri eyni tutulmamalı, Ermənistandan hərbi əməliyyatları dərhal dayandıraraq silahlı qüvvələrini dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması tələb edilməli idi. Bundan əlavə, Ermənistan sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, oktyabrın 4-dən etibarən isə, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir şəhərlərini, Naftalan, Bərdə, Ağcəbədi, Tərtər, Şəmkir, Xızı, Abşeron rayonlarını və digər yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutur. Ermənistan Azərbaycan Respublikasının çağırışlarına məhəl qoymadan açıq şəkildə və qəsdən mülki əhalini və uşaq bağçaları, məktəblər, xəstəxanalar kimi mülki infrastrukturu hədəf alır. Ermənistanın mülki əhalini, azyaşlıları qəsdən hədəfə almaqla beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyasını kobud şəkildə pozur. Oktyabrın 5-dək Ermənistanın öz ərazisindən top və raket hücumları nəticəsində 30-a yaxın azərbaycanlı mülki şəxs öldürülüb, 125 nəfər yaralanıb və 500-dən çox yaşayış binası və mülki obyekt məhv edilib. Ermənistan silahlı qüvvələri tərəfindən su anbarı və əsas elektrik stansiyası yerləşən Mingəçevir şəhərinə iki raket hücumu olub. Beş yüz mindən çox əhalisi olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncə müvafiq beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş klaster bombalarla atəşə tutulub.

Hörmətli Baş Katib,

Təxribat xarakterli bu hərəkətlərinə görə, Sizdən Ermənistanın tez bir zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq humanitar hüquqa və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü il taixli, 822, 853, 874 və 884 saylı qətnamələrinə qeyd-şərtsiz əməl olunmasına çağırış etməyinizi xahiş edirəm. Erməni qəsbkarları işğal edilmiş Azərbaycan ərazilərindən çıxmalıdır. Yalnız belə olarkən regionda sülh bərqərar ola bilər. Azərbaycan xalqı – müsəlmanları, provaslavları, yəhudiləri, katolikləri, udi xristianları ilə bir yerdə Sizdən belə bir ədalətli addım atacağınızı səbrlə ümidlə gözləməkdədir".