“Fraksiya adlandırılan qurumun heç bir səlahiyyəti olmayacaq” Siyasət

“Fraksiya adlandırılan qurumun heç bir səlahiyyəti olmayacaq”

Mirbaba Babayev: "Fraksiya yaradılması Müsavat Nizamnaməsində nəzərdə tutulmayıb, lakin bu addım atılarsa, cəza vermək olmaz"

"Müsavat Partiyasının Nizamnaməsində fraksiya yaradılması nəzərdə tutulmayıb. Əgər kimsə fraksiya adında bir qurum yaradarsa, bu, Nizamnamədən kənar qurum olacaq". Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Nizamnaməsinin əsas müəlliflərindən biri, son qurultayda seçki komissiyasının sədri olmuş Mirbaba Babayev deyib.
M. Babayev bildirib ki, əgər fraksiya yaradılması fikri varsa, partiyanın Məclisinə müraciət edilməlidir: "Məclis də Nizamnaməyə dəyişiklikləri növbəti qurultay üçün hazırlamalıdır. Nizamnaməyə dəyişiklik qurultayda qəbul edilsə, o halda fraksiya yaratmaq Nizamnamə çərçivəsində olacaq. Əks halda, fraksiya adında bir şey yaradılması Nizamnamədən kənar qurum yaradılması demək olacaq".
Bununla yanaşı, M. Babayev hesab edir ki, fraksiya yaradılarsa, orada iştirak edənləri cəzalandırmaq da olmaz: "Bu, tamamilə absurd bir şeydir. Sadəcə, fraksiya adlandırılan həmin qurumun heç bir səlahiyyəti olmayacaq".
M. Babayev Nizamnamədə nəzərdə tutulmadığı halda Müsavat Partiyasında yaradılmış Mərkəzi İcra Aparatının illərdir partiyanı idarə etməsi ilə bağlı iradlara da cavab verib: "Mərkəzi Aparatın Nizamnamədə nəzərdə tutulması vacib deyil, bu, başqanın səlahiyyətinə aid olan bir məsələdir. Partiyada Mərkəzi Aparatın yaradılması Nizamnaməyə zidd deyil".
M. Babayev yaşı ilə əlaqədar Məclis üzvlüyünə namizədliyini verməyəcəyini, daha gənc insanların rəhbər orqanlarda təmsilçiliyinin önünü açmaq istədiyini də vurğulayıb.
Qeyd edək ki, Müsavat Partiyası daxilində rəhbərliyin siyasətindən narazı olanlar fraksiya yaratmaq məsələsini müzakirə edir. Bu məqsədlə başqanlığa sabiq namizədlər Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydan ibarət işçi qrup yaradılıb. Ancaq Divanın son toplantısında S. Əlisoy partiyanın ideoloji-siyasi xəttinə zidd fəaliyyətdə günahlandırılaraq partiyadan kənarlaşdırılıb. Divan fraksiya yaratmaq niyyətində olanlara da xəbərdarlıq edib.