Millət vəkilləri ATƏT-dən gileyləndilər Siyasət

Millət vəkilləri ATƏT-dən gileyləndilər

Siyavuş Novruzov: "Özlərini ağsaqqal kimi aparmasınlar"

Sahib Alıyev: "Açıq-aydın görürük ki, bü münaqişənin həllini tapmamasının səbəbi ermənilərdən daha çox, özlərini vasitəçi kimi sırıyanların mövqeyilə bağlıdır"

Milli Məclisin dünənki plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri ATƏT-dən narazılıqlarını ifadə ediblər.
Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, biz dəfələrlə ATƏT-in qeyri-obyektivliyinin, Azərbaycanın daxili işlərinə qarışmasının şahidi olmuşuq. Seçkilərdə verdiyi rəylərin şahidi olmuşuq.
Onun sözlərinə görə, ATƏT-ə xahiş etmək lazımdır ki, mandatından kənar işlərlə məşğul olmasın: "Özlərini ağsaqqal kimi aparmasınlar. Azərbaycan xalqının dəyərləri ATƏT-in dəyərlərindən xeyli üstündür. Minsk qrupunun dünənki bəyanatı da onların Azərbaycana qarşı münasibətlərindən xəbər verir".
Parlamentin spikeri Oqtay Əsədov isə deputatın bu iradlarına münasibət bildirib. Spiker qeyd edib ki, məhz belə hallar olduğu üçün ATƏT-in Bakı ofisinin layihə formasında fəaliyyət göstərməsinə nail olunub.
Milli Məclisin deputatı Sahib Alıyev isə ermənilərin Xocavənd rayonunda Qarakənd üzərində içində Azərbaycanın yüksək vəzifəli məmurlarının və jurnalistlərin olduğu mülki helikopteri vurmalarının 23-cü ildönümünü xatırladaraq qeyd edib ki, belə bir ərəfədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məlum açıqlaması hər bir azərbaycanlıda nifrət doğurur.
Söhbət həmsədrlərin bu günlərdə Ermənistana məxsus helikopterin guya "neytral zona"da vurulması barədə bəyanatından gedir. Millət vəkili deyib ki, Minsk qrupuna həmsədrlik edənlərin Ağdam rayonunda vurulan erməni helikopterinin düşdüyü torpaqları "neytral zona" kimi dəyərləndirmələri çox yumşaq, diplomatik etiketi pozmadan desək, onların qətiyyən neytral olmadıqlarının növbəti göstəricisidir: "Və biz xatırlayırıq ki, içi qadın və uşaqlarla dolu mülki helikopterimiz Şuşadan qalxarkən vurulanda da bunların hamısının gözü kor idi. Onlar Ermənistanda zəlzəzlədən zərər çəkənlərə yardım üçün gedənlərin əyləşdikləri təyyarəmizin İrəvanda bilərəkdən necə qəzaya uğradılıdğını da "görmədilər". Amma öz torpağımızda mövqelərimizə basqın edən hərbi helikopterin vurulmasına az qala göz yaşı tökür, onun düşdüyü yeri neytral zona adlandırırlar".
S.Alıyevin fikrincə, bu davranış azərbaycanlıları özündən çıxarmağa hesablanıb: "Qətiyyən emossiyaya varmamalıyıq. Açıq-aydın görürük ki, bü münaqişənin həllini tapmamasının səbəbi ermənilərdən daha çox, özlərini vasitəçi kimi sırıyanların mövqeyilə bağlıdır. Çünki onlar ədalətsiz, qərəzli və məkrlidirlər. Və biz görürük ki, Azərbaycanın güclənməsi onları qıcıqlandırır. Deməli düz yoldayıq. Nahaq yerə bu çətin dövrdə müdafiə xərclərini daha 809 milyon manat artırmadıq. Bundan sonra da hər vəchlə ölkəmizdə əmin-amanlığın olmasına çalışmalı - çünki bunsuz iqtisadi artım ola bilməz, anlamayanlar sadəcə, Ukraynanın əvvəlki və indiki durumunu göz önünə gətirsinlər- heç nəyə baxmadan güclənməliyik. Hər şeyin bir zamanı var, bu gücü tətbiq etmənin də zamanı gəlib çatacaq".