Qərb liderlərinin Azərbaycan “sevgisi” Siyasət

Qərb liderlərinin Azərbaycan “sevgisi”

Əli Orucov: "Azərbaycanın adının tez-tez hallandırılması Bakını Rusyanın açıq təhidiləri qarşısında qoyur"

Elşən Musayev: "Qərblilərin məqsədi Rusiyanın aqressiyasını üzərimizə yönəltməkdir"

Hər zaman olduğu kimi bu gün də Qərb Rusiyanın enerji təhdidiləri ilə üz üzədir. Bu zaman isə Azərbaycan yada düşür. Son zamanlar Qərb liderləri Azərbaycanın adını bu məsələlərlə bağlı tez-tez hallandırırlar. Maraqlıdır, liderlərin Rusiyanın enerji basqısına qarşı Azərbaycanın adını tez tez hallandırmaları nədən xəbər verir?
Siyasi ekspert Əli Orucov dedi ki, burada müxtəlif məqsədlər ola bilər: "Amma belə fikirlərin səsləndirilməsini təsadüf hesab etmirəm. Bunun təhlükəli tərəfləri də var. Azərbaycanın adının tez-tez hallandırılması Bakını Rusyanın açıq təhidiləri qarşısında qoyur. Bu da imkan verir ki, rəsmi Moskva Azərbaycana daha çox təzyiq göstərsin. Yaxud da məqsədlərdən biri də bu ola bilər ki, Şimal qonşumuzla münsibətləri korlasınlar. Və Azərbaycan hakimiyyətinin balanslaşdırma siyasətinin arealını və münevr imkanlarını məhdudlaşdırıb Qərbin diqtəsi altına salsınlar. Hər halda burda hiyləgər maraqlar güdülür ki, bu da bizə fayda verən deyil".
Siyasi ekspert Elşən Musayev bildirib ki, Bakı özünü beynəlxalq siyasətdə strateji və güvənli müttəfiq kimi sübut edib: "Dəqiq olan budur ki, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan həqiqətən də enerji təhlükəsizliyi fonunda vazkeçilməz və imtina olunmaz müttəfiqdir. Üstəgəl, onun tranzit və strateji baxımdan əhəmiyyətliliyini nəzərə alarsaq. Ayrıca, xüsusi olaraq vurğulanmalıdır ki, Qərbin, Avropanın, eyni zamanda bölgədəki qonşu dövlətlərin Azərbaycana marağı həm də stabil siyasi mühitlə bağlıdır. Həmin mühitin, həmin stabilliyin əsası isə ulu öndər Heydər Əliyevin dövründən üzü bəri yürüdülən məqsədyönlü, məntiqli siyasətin nəticəsində qoyulub, bərqərar olub. Və ya bir zamanlar "Əsrin müqaviləsi" yəqin ki, çoxları üçün xəyal kimi görünürdü. Deyilmi? Amma tez bir zamanda reallaşdı. Ya da yəqin xatırlarsız,"Bakı-Ceyhan", "TANAP"-la bağlı nə qədər bədbin proqnoz irəli sürənlər tapılırdı. Nəticə? Nəticə olaraq həmin proqnozların hamısı necə deyərlər faş oldu. Dövlət olaraq düzgün istiqamət götürdüyümüz təsdiqləndi. Belə olan halda isə mərhələ-mərhələ Qərbin və Avropanın da diqqətini cəlb etməmiz labüd idi. Görülən işlərin, uğurların nəticəsi olaraq". Elşən Musayevin sözlərinə görə, qərb diplomatlarının, siyasətçilərinin səmimiliyinə inanmaq olmaz. Çünki bu böyük şəbəkə uzun illər onlara inanmaqdan daha çox inanmamağımız üçün zəmin yaradıb: "Elə ancaq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Qərb dövlətlərinin, Qərb təmayüllü təşkilatların mövzudan sapması, ədalətli mühakimə tərəfdarı olmamaları, ən əsas da tərəfsiz qalmaları bizi başqa mövzularda da düşünməyə vadar edir. Və ya bu gün dünya çox böyük bir oyun oynayır. Həmin dünyanın faktiki bölüşdürülməsi prosesi gedir. Eyni zamanda hamı 3-cü dünya müharibəsinin başlama ehtimalından danışır, bu qorxunu bölüşür. Amma kimsə fərqində deyil ki, o müharibə artıq başlayıb. Həm də çoxdan. Sadəcə indiki durum 1918-20, ya da 1939-45 müqayisəsində daha dolğundur, daha dinamikdir, daha rabitəli və daha diplomatikdir. Üstəgəl, daha ardıcıldır. Baxın dünyaya. Dağılır dünya. Az qala bütün bölgələrdə münaqişə ocaqları var. Nə deməkdir bu? O deməkdir ki, böyük dövlətlər kiçik və orta kiçik dövlətlərə qarşı səlib yürüşünə başlayıb. Siyasətçilər isə sadəcə həmin yürüşə daha sanballı obraz, don geyindirmək üçün istifadə olunan surətlərdir. Hətta qeyd etdikləri nüanslar düzgündürsə belə, bunu düzgün kimi qavradıqlarından dolayı deyil, təlimat aldıqları üçün danışırlar".
Elşən Musayev hesab edir ki, qərblilərin məqsədi Rusiyanın aqressiyasını üzərimizə yönəltməkdir: "Amma hara qədər? Necə? Bu cür kustar, bəsit üsullarlamı? Demək ki, Qərbin diplomatları kimi siyasətçiləri də Azərbaycanın eyni adlı oyunlara gəlməyəcəyini ya dərk eləmirlər, ya da etməzdən keçirlər. Və bilirsiniz, burada fərqinə varılması gərəkən çox ciddi nüanslar var. Əvvəla sərhəd, qonşu anlayışı təxminən valideyn anlayışı kimi bir şeydir. Yəni imtinaolunmazlar sırasındadır. İkincisi, Azərbaycan dövləti, hakimiyyəti bütün, ələlxüsus da kritik məqamlarda heç şübhəsiz ki, bir sualı özünə mütləq verir: Rusiya kimi böyük dövlətlə düşmənçilik münasibətləri bizə hansı perspektivi vəd edə bilər? Ya da bu düşmənçilik kiminsə xoşuna gəlmək üçün niyə edilməlidir?
Və nəhayət, son qeyd eləmək istədiyim nüans: Qərb, Avropa Azərbaycana neyləyib? Qlobal anlamda heç nə. Etməyəcək də. Çünki hər kəs öz marağını güdür. Hamı özündən kiçik dövlətlərə ov kimi, istismar resursu kimi baxır. Ölkəmiz isə belələrinə heç bir zaman yem olmayacaq. Və… bilirsiniz, bəzən `balanslı siyasət` deyərkən çoxlarının ağzı qaçır və beynəlxalq siyasətdə mütləq ya Qərb, ya da Rusiya meyilli olmağın vacibliyini diktə edirlər. Oysa, həmin insanlar ya nə dediklərinin fərqində deyillər, ya da balans deyərkən düşüncələrinə maşın təkərinin balansından savayı heç nə gəlmir. Unutmamaq lazımdır ki, balanslı siyasət bütün dövlətlərlə eyni şəkildə diplomatik, işgüzar münasibət saxlamağa deyilmir. Balanslı siyasət ölkə maraqları kontekstində yürüdülən siyasətdir. Nə Qərb, nə də Rusiyameylli deyil, məhz Azərbaycanmeylli siyasətdir".

Əli