“Bəşəriyyət böyük təhlükə qarşısındadır” Siyasət

“Bəşəriyyət böyük təhlükə qarşısındadır”

Allahşükür Paşazadə Qumda İŞİD-dən danışıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İranın Qum şəhərində "Ekstremist və təkfirçi cərəyanlar islam alimlərinin baxışında" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, dünyanın 83 ölkəsini təmsil edən din alimlərinin və ictimai xadimlərin iştirak etdiyi ikigünlük (23-24 noyabr) konfrans dünyada baş verən münaqişə və savaşlara, radikallıq və ekstremizm tendensiyalarına, din adı ilə törədilən terror və cinayətlərə, həmçinin belə qlobal problemlərdən çıxış yollarına həsr olunub.
Tədbirin təşkilatçısı ayətullah Məkarim Şirazi deyib ki, konfrans iki başlıca məqsədə xidmət edib: məzhəbindən asılı olmayaraq bütün dünyanın islam alimlərini bir araya toplanmasına və təkfirçilərin təqdim etdiyi islamın əsl islam olmadığının dünyaya sübut edilməsinə. Məkarim Şirazi islamın məhəbbət və mərhəmət dini olduğunu vurğulayıb.
Noyabrın 24-də şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransda məruzə ilə çıxış edib. Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri deyib: "Müasir dünyamızda "Allahu əkbər!" nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə, qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, islamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər".
Allahşükür Paşazadə daha sonra bildirib: "Biz Azərbaycanın ayrılmaz və əzəli hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, ata-baba yurdlarımızın talan edilərək viran qalmasının, məscidlərimizin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalq kimi İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmirik. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük".
İrana ikigünlük səfəri çərçivəsində Allahşükür Paşazadə İraqın Nəcəf Elmi-Dini Mərkəzinin rəhbəri ayətullah Seyid Əli Sistaninin xüsusi nümayəndəsi ayətullah Seyid Cavad Şəhristani ilə də görüşüb.
Şeyxülislam Allahşükür Paşazadəni QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayev və qurumun digərlər əməkdaşları müşayiət ediblər.

Turqut