Ermənistanın cəbhədəki acınacaqlı məğlubiyyəti işğalçı ölkə daxilində də xaos yaradır Siyasət

Ermənistanın cəbhədəki acınacaqlı məğlubiyyəti işğalçı ölkə daxilində də xaos yaradır

Bu gün daxildə bütün sahələrdə xaosun hökm sürdüyü, cəbhədə isə hər keçən gün dağıdıcı məğlubiyyətlə üzləşən işğalçı Ermənistan, əslində, uzun illərdir həyata keçirdiyi siyasətin “bəhrəsini” görür.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan, azərbaycanlılara qarşı soyqırımı həyata keçirən Ermənistan bu müddət ərzində yalnız və yalnız regionda əbədi sülhün əldə edilməsinə, işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsinə mane olmaq üçün müxtəlif təxribatlara əl atıb:

“Ancaq atalar yaxşı deyib ki, su çanağı suda sınar. Yəni, Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatı işğalçı ölkə üçün ölümcül zərbəyə təkan verdi. Sentyabrın 27-dən etibarən Ordumuzun başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində işğalçıları torpaqlarımızdan iti qovan kimi qovub, çıxarırıq.

Eyni zamanda, bir zamanlar Dağlıq Qarabağda qondarma rejim yaradanlar, sülhə arxa çevirənlər bu gün dünyadan təcrid olunublar. Yəni, hər şey gün kimi aydındır. Ermənistanın yürütdüyü siyasət onu uçuruma aparır.

Rusiya, Türkiyə, Gürcüsan və hazırda İranın da məsələ ilə bağlı mövqeyi göstərir ki, işğalçılıq siyasətinin davam etdirilməsi Ermənistan üçün tam iflas və təcridlə nəticələndi. Heç bir ölkə Ermənistanın mövqeyinə dəstək vermir və bu ölkənin qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmasını birmənalı zərurət kimi görürlər”.

V.İskəndərovun sözlərinə görə, son hadisələr, Ermənistanın cəbhədəki acınacaqlı məğlubiyyətləri işğalçı ölkə daxilində də xaos yaradıb:

“Belə ki, Ermənistan hakimiyyətində münaqişə ilə bağlı bir-birinə zidd fikirlər səslənir. Baş nazir Nikol Paşinyan Türkiyənin münaqişənin nizamlanması prosesinə mane olduğunu və destruktiv rol oynadığını iddia etdiyi halda, prezident Armen Sarkisyan bildirib ki, “Moskva ilə Ankara arasında birgə əməkdaşlıq Qarabağ nizamlamasına kömək edə bilər”. Bu, Ermənistan hakimiyyətində vahid mövqeyin olmadığından, baş nazir Nikol Paşinyanın vəziyyətə nəzarəti itirdiyindən xəbər verir.

Bundan başqa Ermənistan hakimiyyəti və Qarabağ separatçıları arasında da bir-birinə zidd fikirlər səslənir. Ermənistan tərəfi Azərbaycanın cəbhədə ciddi uğurlar əldə etdiyini gizlətməyə çalışdığı halda separatçılar Azərbaycan Ordusunun kifayət qədər irəlilədiyini etiraf edir və Yerevanda bu barədə məlumatların gizlədildiyinə eyham vururlar”.

Bütün bunların Paşinyana heç də yaxşı nəsə vəd etmədiyini deyən V.İskəndərovun qənaətinə görə, yayılan son məlumatlar da işğalçı ölkə daxilində qiyam təhlükəsinin mövcudluğuna işarə edir:

“Belə ki, hamı Ermənistandan işğal olunmuş ərazilərə silah-sursat daşınacağını gözlədiyi halda, əksinə, Dağlıq Qarabağdan Ermənistana silah daşınır, artıq onlarla belə fakt aşkarlanıb. Bu, isə yaxın müddətdə Ermənistanda silahlı qiyam təhlükəsinin real olduğuna işarədir”.