İtaliya Azərbaycanın əsl dostu olduğunu göstərdi - Naqif Həmzəyev Siyasət

İtaliya Azərbaycanın əsl dostu olduğunu göstərdi - Naqif Həmzəyev

Azərbaycan və İtaliya möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim dəstəkləyib, yüksək səviyyədə genişləndirilməsində maraqlı olub.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda növbəti addım İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfəri oldu.

Ağdamda, oktyabrın 11-də, 17-də gecə saatlarında cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olan nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib. İtaliyalı parlamentarilər faşist ideologiyasını dəstəkləyən Ermənistan hakimiyyətinin içğalçılıq siyasətinin nəticələrini, hərbi cinayətlərini öz gözləri ilə görüb, erməni vandalizminin şahidi olublar.

Ölkə Prezidentimiz İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, onların Gəncəyə, Ağdama səfərlərinə xüsusi diqqət yetirib: “Siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz, Ermənistan dövlətinin törətdiyi hərbi cinayətləri görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır”.

Görüşdə həmçinin ölkə Prezidentimiz italiyalı parlamenitarilərin Azərbaycana səfərini yüksək dəyərləndirərək, onların müharibədən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti olduqlarını qeyd edib.

Bu da təsadüfi deyil, hər iki ölkənin tarixində silinməz izlər qoyan qarşılıqlı səfərlər - 1997-ci ilin sentyabrında Prezident Heydər Əliyevin, 2005-ci ilin fevralında, 2008-ci ilin noyabrında və bu ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri əlaqələrimizin inkişafının təməl daşına çevrilib.

İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədə olduğunu vurğulayan dövlət Başçımız İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu da diqqətə çatdırıb: “Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Bunun böyük hissəsi enerji resurslarına aiddir. Amma mən hesab edirəm ki, gələcək illərdə qeyri-neft sektoru da bizim aramızda xüsusi çəkiyə malik olacaq. Energetika sektoruna gəldikdə, bildiyiniz kimi, yaxın gələcəkdə TAP layihəsi istismara veriləcək və şübhəsiz ki, bu, İtaliya-Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək”.

Onu da qeyd etmək yerinə düşər ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində sıx əməkdaşlıq etdiyi ölkə kimi Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib. Azərbaycanın 44 günlük haqlı savaşından sonra Azərbaycana səfər edən elə ilk Avropa nümayəndə heyətinin məhz İtaliyalı parlamenitarilərinin olması da Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.