
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”la qarşılaşacaq Uels çempionu “The New Saints” (TNS) rəqibi ilə bağlı geniş təqdimat hazırlayıb.
Klubun mətbuat xidməti xəbər verir ki, paylaşımda “Sabah”ın tarixi, son illərdəki yüksəlişi, oyun üslubu və heyətində diqqət yetirilməli futbolçular barədə ətraflı məlumat yer alıb.
TNS bildirib ki, “Sabah” 8 sentyabr 2017-ci ildə yaradılıb və Azərbaycanın ən gənc klublarından biridir. Komanda ilk mövsümündə I Liqada çıxış edib, daha sonra Premyer Liqaya yüksələrək elitadakı debüt matçında “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib.
Uels təmsilçisi qeyd edib ki, cəmi bir neçə il ərzində böyük maliyyə dəstəyi və uzunmüddətli inkişaf strategiyası sayəsində “Sabah” Azərbaycan futbolunun aparıcı qüvvələrindən birinə çevrilib.
TNS “Sabah”ın heyətində üç futbolçunu xüsusi qeyd edib.
Komandanın əsas hücum təhlükəsi kimi təqdim olunan Coy Lens Mikels həm mərkəz hücumçusu, həm də cinah oyunçusu kimi çıxış edə bilir. Güclü və birbaşa oynayan hücumçunun müdafiəçilərin üzərinə getmək və onların arxasındakı boşluqlardan istifadə etmək baxımından ən təhlükəli vaxtını yaşadığı vurğulanıb. Alman futbol məktəbində yetişən Mikelsin yüksək səviyyəli futbol təcrübəsinə malik olduğu, həmçinin Ruanda millisinin heyətində çıxış etdiyi bildirilib. “Sabah”a ikinci dəfə qayıdan futbolçunun ötən mövsüm komandanın ən məhsuldar bombardiri olduğu, sürəti, fiziki gücü və qol vurmaq bacarığı ilə TNS-in xüsusi diqqət yetirməli olduğu oyunçulardan biri sayıldığı qeyd edilib.
Cinah oyunçusu Aaron Maluda isə “Sabah”ın ən maraqlı hücumçularından biri kimi xarakterizə olunub. Onun sürəti, yaradıcılığı və cinahlardan yaratdığı təhlükənin komandanın əsas üstünlüklərindən olduğu bildirilib. “Çelsi” və “Lion”un sabiq futbolçusu Floran Maludanın oğlu olan Aaronun Fransa futbol məktəbində yetişdiyi, əvvəlcə icarə əsasında, daha sonra isə daimi müqavilə ilə “Sabah”a keçdiyi qeyd olunub. Hər iki ayağından rahat istifadə edə bilən futbolçunun rəqibləri təkbətək vəziyyətdə keçmək bacarığına malik olduğu, tez-tez mərkəzə meyillənərək hücumların qurulmasına kömək etdiyi vurğulanıb. Onun yaradıcılığı və meydandakı hərəkətliliyinin “Sabah”ın əsas hücum silahlarından biri olduğu bildirilib.
Sol cinah müdafiəçisi Timoşeuş Puxaç haqqında isə qeyd olunub ki, o, Polşa millisinin təcrübəli üzvüdür və “Lex Poznan”, “Union Berlin”, “Trabzonspor” kimi klublarda çıxış edib. Fiziki cəhətdən güclü və hücumameyilli müdafiəçinin tez-tez irəli çıxaraq hücumlara dəstək verdiyi, cərimə meydançasına keyfiyyətli ötürmələr etdiyi bildirilib. Puxaçın eyni zamanda komandanın əsas standart vəziyyət icraçılarından biri olduğu və açıq oyunda olduğu kimi, standart vəziyyətlərdə də təhlükə yaratdığı vurğulanıb.
Qeyd edək ki, TNS və “Sabah” tarixlərində ilk dəfə üz-üzə gələcək. Həmçinin bu görüş Uels klubunun Avropa kuboklarında Azərbaycan təmsilçisinə qarşı keçirəcəyi ilk rəsmi oyun olacaq.
Tərəflər arasında ilk oyun iyulun 8-də Bakıda, cavab görüşünü isə iyulun 15-də Uelsdə keçirəcək.