Azərbaycan hökuməti əhalinin sağlamlığını və sosial rifahını düşünür Siyasət

Azərbaycan hökuməti əhalinin sağlamlığını və sosial rifahını düşünür

Dünyanı ağuşuna alan koronavirus Azərbaycana ayaq açan gündən hökumətin qabaqlayıcı tədbirləri nəticəsində əhalinin təhlükəsizliliyi yüksək səviyyədə təmin olunub.
Modul tipli xəstəxanaların, laboratoriyaların fəaliyyəyəti, tibbi ləvazimatların alınması, testlərin təşkili, müayinə və müalicənin aparılması ölüm və yoluxma sayının azalması ilə nəticələnib.
Azərbaycan bu məsələdə dünyanın əksər ölkələri, hətta inkişaf etmiş ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya və sair kimi inkişaf edən dövlətləri geridə qoyub.

Mövzu ilə bağlı "Xalq Cəbhəsi"nə açıqlama verən politoloq Ramiz Alıyevin fikrincə, bir çox Avropa ölkələrində nəinki iqtisadi-sosial, tibbi sferada, bütövlükdə hökumətin fəaliyyətində böhran yaranıb: "Azərbaycanda hökumətin çevik və düşünülmüş addımlarının nəticəsidir ki, bu gün bu virusdan böyük nəticələrlə çıxmaqdayıq. Yaranmış çətin vəziyyətdə Azərbaycan dövləti bütün çətinliklərin öhdəsindən gələ bilir. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi böyük islahatların faydalı nəticələri sırasındadır".

Politoloq bildirib ki, bu sahədə hökumətin həyata keçirdiyi tədbirlər bir çox ölkələr üçün nümunə sayılıb. ÜST rəhbərliyi də ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib: "Məsələn, "Caspian Group Holding"in baş direktoru, amerikalı ekspert Rob Sobhani deyib ki, Azərbaycan dünyada bir çox ölkə üçün koronavirusla mübarizənin ən effektiv yollarını axtaran uğurlu modeldir. O, bildirib ki, bu çox təhlükəli pandemiyanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər aktualdır və təqdirəlayiqdir". Amerikalı ekspert, sosial təcrid tədbirlərini, təhlükəsizlik üçün ictimai yerlərin bağlanmasını və insanları evdə qalmağa çağıran peşəkar şəkildə lentə alınan videoları xüsusi qeyd edib.
"Bu tədbirlər sayəsində Azərbaycanda koronavirusdan ölənlərin sayı ümumi əhalinin çox az bir faizini təşkil edir", - deyə amerikalı ekspert vurğulayıb. R.Sobhani, həmçinin Azərbaycanda karantində olan əhaliyə maddi yardım göstərilməsini yüksək qiymətləndirib. Demək olar ki, koronavirusla mübarizədə aparılan işlər bütün dünyanın diqqət mərkəzində olub".

R. Alıyev onu da bildirdi ki, bu çətin dövrdə hökumət vətəndaşlarını köməksiz qoymadı. Tətbiq olunan karantin rejiminin insanların işində problemlər yaratdığını nəzərə alaraq, hətta, qeyri-formal sahədə işləyənləri də unutmadan 600 min nəfərdən çox aztəminatlı insana, o cümlədən, sahibkarlara maddi dəstək verildi: "Bu da onu deməyə əsas verir ki, hökumət həm əhalinin sağlamlığının təhlükəsizliyini təmin edib, həm də sosial rifahının yaxşılaşdırılması istiqamətində bütün imkanlardan istifadə edib".
Cavid