Qubad İbadoğlu Müsavat rəhbərliyinə cavab verdi Siyasət

Qubad İbadoğlu Müsavat rəhbərliyinə cavab verdi

"Dəfələrlə demişəm ki, bu məsələlərdə falçı kimi çıxış etməli deyillər"

Vurğun Əyyub: "Partiyanın indiki rəhbərliyi son qurultayda baş verən qüsurları süngü ilə qarşılayır və tamamilə inkar edir"

Müsavat Partiyasının başqanlığa keçmiş namizədi, Azərbaycan Demokratiya və Rifah hərəkatının rəhbəri Qubad İbadoğlu partiya rəhbərliyinin ittihamlarına cavab verib. O, Müsavatın sabiq başqanı İsa Qəmbərin qurultaydan narazı qalan kəsimi suçlamasının yeni bir şey olmadığını söyləyib: "Mən dəfələrlə bu məsələyə münasibət bildirmişəm. Köhnə və dəbdən düşmüş, bayağı fikirləri şərh eləmək istəmirəm. Gələcəkdə konkret, hədəfli, ünvanlı, faktlı, sübutlu hansısa çıxışlar olarsa, o zaman məsələləri şərh edərəm. İndiki halda bu, daha çox özünə bəraət hissi qazandırmaq məqsədilə səsləndirilmiş fikirlərdir. Bu fikirlər siyasi gedişdir, amma uğursuz siyasi gedişdir. İstəməzdim ki, bu fikirlərin təkrar-təkrar şərhi ilə məşğul olaq". Qubad İbadoğlu Müsavat Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlının "Qurultayda Qubad bəyə səs verdiyi üçün peşman olanlar var" fikrinə aydınlıq gətirib: "Dəfələrlə demişəm ki, bu məsələlərdə insanlar falçı kimi çıxış etməli deyillər. Gizli səsvermə olduğuna görə kimin kimə səs verdiyini bilmək mümkün deyil. İkincisi, bir neçə nəfər mənə də müraciət edib ki, Arif Hacılıya səs verdiyinə görə peşmandırlar. Amma mən onların əsasında fikir yürütməmişəm. Çünki hesab etmişəm ki, bir neçə nəfərin fikri ilə ümumi qiymətləndirmə aparmaq düzgün deyil. Amma fakt faktlığında qalır, hansı rayona gediriksə, ADR-in formalaşmasında ən çox fəallıq göstərən Müsavatın hazırki və keçmiş üzvləridir. Onların böyük əksəriyyəti qurultay nümayəndələri olub, seçkilərdə iştirak edib səs veriblər, indi də ADR-ə qoşulmaqla bunu bir daha sübut edirlər".
Qubad İbadoğlu ADR hərəkatının fəaliyyətindən də bəhs edib. Onun sözlərinə görə, müxtəlif rayonlardan hərəkata qoşulmaq üçün müraciətlər var: "Vəziyyəti dəyərləndiririk, müraciət edən şəxslərlə bağlı ətraflı məlumat əldə edirik. Hərəkatımızın Təşkilat Komitəsinin qərarına görə hər təşəbbüs qrupunun rəhbərliyində 9 nəfər iştirak etməlidir. Bu say nə azaldıla, nə çoxaldıla bilər. Biz istəyirik ki, təsis yığıncağında hər bir rayonun bərabər iştirakçılığına zəmanət verək. Bəzi rayonlarda təşəbbüs qrupuna 30-40 nəfər qoşulmaq istəyir, ancaq onlar arasında 9 nəfəri təşəbbüs qrupunun yaradıcısı kimi rəsmiləşdiririk. Digər insanlar isə qrupun üzvü kimi qəbul olunur. Bizim əsas işimiz ondan ibarətdir ki, Təşkilat Komitəsinin üzvü olaraq təşəbbüs qrupunun yaradılmasında iştirak edək. Hazırda Bakı və onun ətraf rayonlarında təşəbbüs qrupunun yaradılması ilə bağlı müzakirələr gedir".
Təsis yığıncağına gəlincə, Qubad İbadoğlu vurğulayıb ki, yanvar və fevral ayında yaradılması planlaşdırılır: "Təsis yığıncağının mümkün qədər tez keçirilməsinə çalışırıq. Burada təşəbbüs qruplarının bütün Azərbaycanı əhatə etməsi məsələsi ilə yanaşı təsis yığıncağının keçirilmə yeri ilə bağlı məsələlər də gündəmdədir. Fikrimcə, marta qədər təsis yığıncağının keçirilməsinə nail olacağıq. Təsis yığıncağında təşəbbüs qrupunun üzvlərinin iştirakı gözlənilir, qonaqlarımız da olacaq".
ADR-in rəhbəri 20 Yanvar hadisəsinin ildönümü ilə əlaqədar anım tədbirlərinin keçiriləcəyini əlavə edib. Şəhidlər Xiyabanına Müsavat Partiyası ilə birlikdəmi, yoxsa təklikdə gedəcəklərinə gəlincə, Q.İbadoğlu söyləyib ki, xalqla birgə olacaqlar: "Şəhidlərimizin məzarını ziyarət edəcəyik. Hərəkatın üzvlərinin hamısı müsavatçılar deyil. Üzvlərimiz arasında başqa siyasi partiya üzvləri, mənsubiyyəti olmayanlar da var. O halda təbii ki, bu məsələdə ayrı-seçkilik qoymuruq. Kim istəyərsə, Şəhidlər Xiyabanının Müsavat Partiyasının üzvü olaraq partiya ilə bərabər ziyarət edə bilər. Söhbət ADR Hərəkatına daxil olan müsavatçılardan gedir. Digər siyasi partiyalarla da birgə gedə bilər. ADR ictimai hərəkatdır, siyasi partiya deyil. Öz üzvlərimizin iştirakı ilə birgə tədbirlərimizi təsis yığıncağından sonra keçirəcəyik. Hazırda isə Azərbaycan xalqının nümayəndələri ilə bağlı Şəhidlər Xiyabanına gedəcəyik". Qubad İbadoğlu ADR-in partiyaya çevrilmə imkanına da toxunub: "ADR-in partiyaya çevrilməsi ilə bağlı qərar kollegial qaydada qəbul olunmalıdır. ADR ictimai hərəkat olduğuna görə qərar ümumi yığıncağında verilə bilər. Mən bu qərarın verilməsini nə istisna edə, nə bəri başdan proqnozlaşdıra bilərəm. Bu il üçün hazırladığımız fəaliyyət proqramında bu, nəzərdə tutulmayıb. İctimai hərəkat kimi 2015-ci ildə fəaliyyətimizi davam etdirəcəyik. Hər il əsasnamələrimizə uyğun olaraq ümumi yığıncağımızı keçirəcəyik və növbəti fəaliyyət proqramımızı qəbul edəcəyik. Ola bilər o zaman üzvlərin verəcəyi qərar olacaq. Ona görə də nəyisə istisna və ya təsdiq etmək niyyətində deyiləm".
Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib ki, Müsavat Partiyasının indiki rəhbərliyinin növbədənkənar qurultayın keçirilməsinə razılıq verəcəyi mənə inandırıcı görünmür. Onun sözlərinə görə, partiyanın indiki rəhbərliyi son qurultayda baş verən qüsurları süngü ilə qarşılayır və tamamilə inkar edir: "Amma növbədənkənar qurultayın keçirilməsi barədə tələb nizamnaməyə zidd deyil, bunu istəyən adamlar işlərini uyğun bir şəkildə qura bilsələr, istəklərinə nail ola bilərlər". Vurğun Əyyub Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşkilatlanmasının davam etdiyini də bildirib. Onun sözlərinə görə, artıq 5 rayonda təşəbbüs qrupları yaradılıb: "Bu həftə ərzində yəqinki qrupların sayı 8-10-a çatar. Nəzərdə tutmuşuq ki, ölkənin inzibati ərazi bölgüsünə görə 3-də birini əhatə edəcək rayon təşilatlarında təşəbbüs qrupları yaradandan sonra hərəkatın təsis qurultayını keçirək. Ümid edirəm ki, fevral ayında bu işləri yekunlaşdırıb təsis qurultayını keçirə bilərik".
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda A.Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir çox üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər.Bu məqsədlə partiyada narazı üzvlərin fraksiyasının yaradılması təklif edilir. Narazı üzvlər, həmçinin növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayır. Bu və digər təklifləri müzakirə etmək üçün narazı üzvlər işçi qrupu yaradıblar.

Əli