Siyasi partiyaların rəhbərləri Ağdamda Siyasət

Siyasi partiyaların rəhbərləri Ağdamda

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri işğaldan azad edilən Ağdam şəhərinə səfər ediblər.
Partiya sədrlərini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edib.
Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olurlar.
Sonra siyasi partiya rəhbərləri və politoloqlar əvvəlcə rayonun Yuxarı Qərvənd kəndində Kümbəz restoranının hazırkı vəziyyəti ilə tanış olub, Uzundərə ərazisində yerləşən, işğal zamanı erməni vandallarının dağıtdıqları İkinci Şəhidlər xiyabanının dağıntılarına baxıblar.
Bildirilib ki, vaxtilə burada 1000-dən çox şəhid dəfn edilib. Lakin indi həmin məzarlıqdan əsər-əlamət qalmayıb.
Yolboyu hərbi istehkamların olduğu ərazilərlə tanış olan səfər iştirakçılarına həmin qurğuların mürəkkəbliyi barədə məlumat verilib.
Siyasi partiyaların rəhbərləri Ağdam şəhərində Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.
Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.
Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini, Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
Bildirilib ki, vaxtilə "Qarabağ” futbol klubunun ev oyunlarını keçirdiyi “İmarət” stadionu da yağı düşmən tərəfindən dağıdılıb. Əvvəllər bu stadionda el şənlikləri, festivallar, incəsənət xadimlərinin konsertləri də təşkil edilərdi. Natəvanın yaxınlıqda ucaldılmış heykəlindən əsər-əlamət qalmayıb.
Nümayəndə heyəti Ağdam Çörək muzeyinin dağıntıları ilə də tanış olub. Bildirilib ki, dünyada ikinci hesab edilən bu muzey cəmi 9 il - 1983-cü ildən 1992-ci ilədək fəaliyyət göstərib. Muzeydə nadir eksponatlar - taxılçılıqla bağlı arxeoloji tapıntılar toplanmışdı. Eksponatlar arasında daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar, əkinçilik alətlərindən (oraq, xış, taxıldöyən vərdənə və s.) bəhs edən müxtəlif dəyərli nümunələr olub.
Daha sonra partiya rəhbərləri və politoloqlar Ağdamın I Şəhidlər xiyabanını ziyarət ediblər. Məlumat verilib ki, burada I Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbri də buradadır. Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Ağdam rayonunda səfərdə olan siyasi partiyaların rəhbərləri və politoloqlar martın 17-də Cümə məscidini də ziyarət ediblər, Çay evinin dağıntılarına baxıblar.
Səfər iştirakçılarına məscidin tarixi və ermənilərin törətdiyi barbarlıq barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.
Diqqətə çatdırılıb ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.
Ermənilər işğal etdikləri ərazilərdə azərbaycanlılara məxsus tarixi və dini irsi silməyə çalışsalar da, buna nail olmayacaqlar. Azad edilmiş ərazilərin tamamilə yenidən qurulacağını bildirən Azərbaycan Prezidenti İlham Əliyev Ağdam məscidinin qarşısındakı çıxışında deyib: "Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik".
Qeyd edək ki, siyasi partiya rəhbərlərini və politoloqları Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev müşayiət edir.
Xatırladaq ki. səfərdə BAXCP-ni partiyanın Baş katibi Yaşar Kələntərli təmsil edib.