Ermənistan sonunu yaxınlaşdırır Siyasət

Ermənistan sonunu yaxınlaşdırır

Ermənistan işğal dövründə ölkəmizə maddi və mənəvi ziyan vurub. Düşmənin vurduğu ziyan müxtəlif sektorları əhatə edir.
Hərbi ekspert Ruslan İmanquliyev belə deyib.
Onun sözlərinə görə, ekologiyanın pozulması, kənd təsərrüfatı, turizm və bir sıra iqtisadi resursların qanunsuz istismar olunması buna nümunələrdir: “Bununla yanaşı qurduqları müdafiə xəttləri eşalonları önündə sıx şəkildə piyada və tank əleyhinə minalar basdırıblar. Bu azmış kimi, onlara verilən möhlət çərçivəsində Laçın, Kəlbəcər və Ağdam rayonlarının tərk edilməsi zamanı insanların ziyarət edə biləcəyi ərazilərə - qəbiristanlıqlara, yollara, əkin sahələrinə və digər ərazilərə minalar, bubi tələləri qurublar. Artıq Azərbaycan torpaqlarını işğaldan azad edib və öz haqqı olan torpaqlarına qayıdıb. Qayıdış prosesi sürətlə həyata keçiriləcək. Mina sahələrinin xəritələrinin bizə təqdim edilməməsi bu prosesi bir qədər ləngidir. Minalı ərazilərin təmizlənməsi əlavə iqtisadi resursların sərf olunması deməkdir. Bu səbəbdən Ermənistana qarşı qaldıracağımız təzminatın məbləği artırılmalıdır. Bu gün təslim aktına imza atan dövlətin bizə mina təmizləmə müddətində dəstək olmadığı halda tərəfimizdən saxlanılmış terrorçuları geri istəməsi yersizdir".
Hərbi ekspert Ruslan İmanquliyevin fikrincə, Ermənistan tərəfindən revanşist fikirlərin səsləndirilməsi erməni dövlətçiliyinin sonunu yaxınlaşdırır:
"Bu gün delimitasiya işləri gedir. Proses 1975-ci ilin xəritəsinə uyğun olaraq aparılır. Amma biz 1920-ci ilin xəritəsinə görə delimitasiyanı aparmış olsaq, bu, artıq Ermənistanın Zəngəzuru, Göyçə gölünün şərqini itirməsi deməkdir. Bu, bizim haqqımızdır, hansı ki, hələlik iddia etməmişik. Ermənilər 19-cu əsrin əvvəllərində süni şəkildə torpaqlarımıza yerləşdiriliblər. Tarixi ərazilərimizdə yaradılmış Ermənistanın siyasətçilərinin revanşist fikirlər səsləndirməsi onların sonunu yaxınlaşdırır. Bundan əlavə, Ermənistanın torpaqlarımıza göz dikərək revanşist iddialar ortaya qoyması Azərbaycanın tarixi torpaqlarında müharibənin başlamasına səbəb ola bilər".