Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə davam etməkdədir Siyasət

Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə davam etməkdədir

Tarixə nəzər salsaq görərik ki, Türkiyə və Azərbaycan dövlətləri daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının - ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı bu gündə yüksək səviyyədə davam etməkdədir.

Münasibətləri şərtləndirən amillər: Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər.
Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olmuşdur. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynamışdır.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtdan Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlamışdır.

Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.

Azərbaycan bu gün öz ana dilinin hakim olduğu çətin coğrafiyada tarixin heç bir dövründə olmadığı qədər müstəqil və yerləşdiyi regionun ən güclü dövlətidir. Dövlət gücləndikcə onun ana dili, mədəniyyəti və milli dəyərləri də daim yüksəlmişdir.
Onu da qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq, qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan isə iqtisadiyyatın sürət tempinə, iri infrastruk layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir. Naxçıvanda keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə də bir daha məlum oldu ki, Azərbaycan-Türkiyə münasibətləri türkdilli dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsinə öz müsbət təsirini göstərməkdədir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft-qaz kəmərlərinin uğurlu fəaliyyəti bölgədəki inkişafa böyük təsir göstərir. Digər iri bir layihənin, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Bu layihə başa çatdıqdan sonra yeni salınmış dəmiryolu həm Türkiyəni Azərbaycanla, həm də Avropanı Asiya ilə birləşdirəcəkdir. Göründüyü kimi, Türkiyə-Azərbaycan əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir.
Qeyd etdiyimiz kimi, Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.
Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb.
Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsini dəyişməyə qadir olan Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı qüvvələrdir. Uzun illərdir bu iki qardaş ölkə Qərbin enerji təhlükəsizliyinin güclənməsinə dəstək verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edən Azərbaycan və Türkiyə hazırda tərəfdaşları ilə TANAP layihəsini uğurla reallaşdırır. TANAP-ın icrasının müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdüyünü vurğulayan siyasi şərhçilər əlavə edirlər ki, Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Bu gün sirr deyil ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

Azərbaycan Türkiyə münasibətləri ilə bağlı Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev çıxışların birində demişdir: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır.

Quliyeva Gülnarə

Xətai rayonu M. Hacıyev adına 116 saylı tam orta məktəbin tarix müəllimi