Terrorçu yenidən hakimiyyətə gəlmək istəyir Siyasət

Terrorçu yenidən hakimiyyətə gəlmək istəyir

İşğalçı Ermənistanda növbədənkənar parlament seçkilərinə saylı günlər qalıb. Mübarizə, ittihamlar güclənir. Ölkədə Paşiyana alternativ olaraq göstərilən siyasi qüvvələr daha çox əli qanlı olanlardır. Onların əli təkcə Qarabağda azərbaycanlıların qanına deyil, həm də 1998, 2008-ci illərdə ermənilərin qanına bulaşıb. Başqa sözlə bir dəfə istifadə edilmiş siyasiləri yenidən dövriyyə buraxıblar. Onlar N.Paşinyana qarşı bu ilin əvvəlindən açıq şəkildə çıxış edir, onun istefasını istəyirlər.

Bu baxımdan Ermənistandakı mövcud müxalifətin yeni ideyası, demək olar ki, yoxdur. Onlar problemləri daha çox Rusiyaya arxalanaraq Kremlin iştirakı ilə həll etmək niyyətindədirlər.
Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan, Serj Sarkisyan Azərbaycan xalqına, günahsız dinc əhaliyə qarşı qətllər törətmiş hərbi cinayətkarlar, canilərdir. Bununla yanaşı, onlar hakimiyyətdə olduqları dövrdə öz xalqına qarşı da saysız-hesabsız cinayətlər törədiblər.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov "Xalq Cəbhəsi"nə bildirib ki, Ermənistana 20 il müddətində belə hərbi canilər, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər. Ermənistanın hazırda düşdüyü rəzil durumun səbəbkarları da məhz bu canilərdir. Onlar Ermənistan dövlətinin təməlini terror və cinayət üzərində qurublar: "Robert Köçəryan o adamdır ki, Birinci Qarabağ savaşında müharibə cinayətlərində iştirak etmiş, 1994-1996-cı illərdə Azərbaycanın işğal altında olan ərazisində yaradılmış qondarma separatçı rejiminə rəhbərlik etmiş, daha sonra 1998-2008-ci illər ərzində Ermənistanın prezidenti olmuşdur".

Nərəzə alaq ki, onun 10 illik prezidentliyi dövründə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin danışıqlar yolu ilə həlli prosesi Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi üzündən nəticəsiz qalıb: "2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində müşayiət olunan pozuntulara qarşı olan kütləvi etirazlar polis zorakılığı, bir sıra nümayişçilərin ölümü ilə nəticələnmişdi ki, bunun da əsas günahkarı məhz Robert Köçəryan idi.
O vaxt prezident seçkilərinin nəticələrini tanımayanların nümayişinin dağıdılması zamanı silah tətbiq edilməsi və nəticədə, 10 nəfər mülki şəxsin, iki polis əməkdaşının həlak olması, 200-dən çox insanın xəsarət alması ölkədə böyük rezonans yaratmışdı".

Həmin dövrdə Robert Köçəryan aksiya iştirakçılarına divan tutulmasına dair öz qərarını nümayişçilərin bir hissəsinin Maştots prospekti yaxınlığındakı mağazaları qarət etməsi, bir neçə polis avtomobilini və avtobusları yandırması, həmçinin polis işçilərinə ağır xəsarət yetirilməsi ilə əsaslandırmağa ­çalışmışdı.
Sabiq prezident yalnız illər sonra --2018-ci ildə on il əvvəl baş vermiş etiraz aksiyalarının dağıdılmasına görə konstitusion quruluşu devirmək ittihamı ilə həbs edildi: "Nəticədə baş vermiş hadisələrlə bağlı onun məhkəmə prosesi başladı və bu, yerli medianın uzun illər baş mövzusuna çevrildi. Bu dəfə yerli mətbuat səhifələri Robert Köçəryanın öz xalqına qarşı cinayət törətməsindən, divan tutmasından, yüzlərlə insanın xəsarət almasından yazdı".

Törətdiyi cinayət əməllərinə görə məhkəmə qarşısında ifadələr verən Robert Köçəryan 4,1 milyon dollar girov məbləğində azad edildikdən sonra yenidən baş qaldırdı: "Bu gün yenidən həmin adam Ermənistana rəhbərlik etmək iddiasındadır. Ümumiyyətlə, bu vaxtadək Ermənistana demokratik düşüncəli heç bir adam rəhbərlik etməyib. Hamısının əli azərbaycanlıların və elə öz vətəndaşlarının qanına bulaşıb. Onlar üçün əsas məqsəd kürsüyə sahib olmaqdır. Bunun üçün öz vətəndaşlarını belə qurban verməyə hazırdırlar".
Cavid