Parlamentin komitə sədri: "Ali təhsil haqqında" qanun layihəsi ali təhsilin 4 səviyyəsini müəyyən edəcək" Siyasət

Parlamentin komitə sədri: "Ali təhsil haqqında" qanun layihəsi ali təhsilin 4 səviyyəsini müəyyən edəcək"

Müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir.

APA-nın məluimatına görə, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır:

"Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır. Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq".